Xəbər lenti

 

ABŞ və Ukrayna prezidentləri arasındakı telefon danışığı ilə bağlı yeni faktlar aşkar olunub. 

Bu isə Donald Trampa impiçment elan edən Nümayəndələr Palatasındakı demokratlara əlavə arqument verib. Məlum olub ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo Donald Trampla Vladimir Zelenski arasındakı telefon danışığında iştirak edib. Bu fakt əvvəlcə açıqlanmayıb. Ona görə də Konqresin aşağı palatasının üç komitəsi Mayk Pompeodan bu yaxınlarda Trampın impiçmenti çərçivəsində Ukraynaya dair buraxılmış sənədləri verməyi tələb edib. 

ABŞ administrasiyasındakı mənbənin “The Wall Street Journal”a verdiyi məlumata görə, Mayk Pompeo Trapmla Zelenski arasındakı telefon söhbətinin əsas şahidlərindən biridir. “Cənab Pompeonun əvvəllər demədiyi telefon zəngində iştirak etməsi impiçment prosesində mübahisəli məqamlardan biridir”-mənbə belə deyib. Artıq xarici işlər, kəşfiyyat və nəzarət komitələri Pompeonun qarşısında prezident Trampın impiçmenti çərçivəsində “Ukrayna işi”nə dair araşdırma üçün tələb olunan sənədləri oktyabrın 4-ə qədər Nümayəndələr Palatasına təqdim etmək məsələsini qaldırıb. Pompeo materialları verməkdən imtina edərsə, bu addım konqresmenlər tərəfindən araşdırmalara mane olmaq faktı kimi qəbul ediləcək. 

Xatırladaq ki, iyul ayının 25-də ABŞ və Ukrayna prezidentləri arasında baş tutan telefon danışığı zamanı D.Tramp V.Zelenskidən sabiq vitse-prezident Co Baydenin oğlu Hanter Baydenin Ukraynadakı biznes fəaliyyəti ilə bağlı araşdırılma aparılmasını tələb edib. Söhbət zamanı Trampın V.Zelenskiyə təzyiq göstərdiyi bildirilir. ABŞ Prezidenti rəsmi Kiyevə təzyiq məqsədilə Ukraynaya 400 milyon dollar dəyərində silah satılması barədə qərarın icrasına qadağa qoyub. Donald Trampın bu hərəkəti ABŞ qanunvericiliyinin pozulması kimi qiymətləndirilib. Çünki Co Bayden 2020-ci ildə keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasının favorit namizədi hesab olunur. Donald Trampın seçkidəki rəqibini nüfuzdan salmaq üçün başqa dövlətin rəhbərinə təzyiq göstərməsindən sonra demokratlar prezidentə impiçment məsələsini yenidən gündəmə gətirib. 

Nümayənədələr Palatası Kəşfiyyat Komitəsinin sədri Adam Şiff isə bildirib ki, Trampın Rusiya prezidenti Vladimir Putinlə də telefon danışıqlarının mətni ictimaiyyətə açıqlanmalıdır. Demokrat konqresmenin fikrincə, Trampla Putinin telefon söhbətin də şübhəli məqamlar var. Ağ Evin rəhbəri bu açıqlamasına görə Adam Şiffi məhkəməyə verməyin lazım olduğunu deyib. Lakin dövlət katibi Pompeonun Zelenski ilə telefon danışığında iştirak etməsi barədə məlumat təsdiqini taparsa, impiçmentə tərəfdarları yeni dəlillər əldə etmiş olacaq. Bu isə Donald Trampın mövqeyinə ciddi siyasi zərbə vura bilər. Nümayəndələr Palatası impiçmentin lehinə səs verərsə ABŞ Senatında bu məsələni nəzərdən keçirmək tələb olunacaq.

"Senatın impiçment qaydalarına uyğun olaraq bunu nəzərə almaqdan başqa çarəm qalmayacaq"-Senatdakı respublikaçı çoxluğun rəhbəri Mitç Makkonel belə deyib. 

Buna baxmayaraq, respublikaçıların üstünlük təşkil etdiyi Senatdan keçəcəyi inandırıcı görünmür. Lakin qarşıdan gələn seçkilərin Donald Tramp üçün heç də asan olmayacağını söyləmək olar. Demokratlar ona böyük problem yarada biləcək arqument qazanıb. Mayk Pompeonun bu faktı bildiyi halda, gizlətməsi isə Nümayəndələr Palatası ilə Ağ Ev arasındakı siyasi gərginliyin artmasına səbəb olacaq. Çünki Pompeo bu yaxınlarda verdiyi açıqlamada Trampın Zelenskiyə təzyiq göstərdiyi barədə iddiaları təkzib etmiş, ABŞ Prezidentinin Ukraynaya yardım göstərdiyini demişdi. Mayk Pompeo əvvəllər Co Baydenin oğlunu qorumaq üçün araşdırma prosesinə müdaxilə etdiyini bildirib. “Bayden yersiz davranırdı”, -deyən Pompeo Demokratlar Partiyasının 2020-ci il seçkilərində Trampı məğlub edə biləcək bir şəxs kimi böyük ümid bəslədiyi Co Baydenin fəaliyyətini araşdırmağa çağırıb. Söhbət zamanı Ukrayna Prezidenti D.Trampı "böyük müəllim" adlandırıb. O, bu sözləri hökumətə yeni insanların gəlişi və köhnə siyasətçilərdən yaxa qurtarmaq baxımından işlədib. İki prezidentin dialoqu təxminən 4 səhifəlikdir. Tramp əvvəlcə həmkarını təbrik edir, sonra isə Avropanın Ukrayna üçün heç bir iş görmədiyini vurğulayır. Daha sonra Ukrayna Prezidenti onun sözlərini təsdiq edərək Makrona və Merkelə dəfələrlə müraciət etməsinə baxmayaraq, istədiyi dəstəyi ala bilməməsindən gileylənir. Sonra Tramp ona öz vəkili, Nyu-Yorkun keçmiş meri Rudolf Culiani ilə işləməyi məsləhət görür. Zelenski isə sentyabrda yeni parlamentin onun adamını Baş Prokuror seçəcəyini və sonradan bu işə baxacağını bildirir. Söhbətin sonunda Zelenski Nyu-Yorkdakı” Trump Tower” otelində qaldığını da söyləyir.

İndi əsas şahid kimi demokratların və ABŞ cəmiyyətinin diqqəti Mayk Pompeonun üzərinə yönəlib. Dövlət katibi araşdırma üçün lazım olan materialları verməkdən imtina etsə, qanunu pozduğuna görə hüquqi məsuliyyət daşımış olur. Bu halda ən azı onun istefası məsələsi gündəmə gətiriə bilər. Telefon danışığı barədə tələb olunan faktları demokratlara təqdim edəcəyi təqdirdə Trampla Pompeonun arasında ciddi fikir ayrılığı qaçılmaz olacaq. Belə hallarda Prezident Trampın onun istəklərinə tabe olmayan administrasiya üzvlərini istefaya məcbur etməsi idarəetmə üsuluna çevrilib. Ancaq hər iki halda, Ağ Evin rəhbərinin məsuliyyəti bölüşmək və siyasi təzyiqi başqa istiqamətə yönəltmək üçün Mayk Pompeonu vəzifədən kənarlaşdıracağı istisna edilmir. \\Cebhe.info




Ana səhifəyə qayıt        Baxış: 431          Tarix: 2-10-2019, 20:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma