Xəbər lenti

 

Robert Koçaryannın tərəfdarlarının yaratdığı “Qələbə” hərəkatının nümayəndələri dünən Qeqarkunik vilayətinin Qavar şəhərində ikinci prezidentə dəstək üçün imza toplayıblar.

Hərəkatın nümayəndələrindən biri öz çıxışında qeyd edib: “Biz Ermənistanın qarşısında duran problemlərlə bağlı fikirlərimizi sizinlə bölüşmək istəyirik. Sizlərin çoxu, bu və ya başqa səbəbdən, Yerevanda nə baş verdiyini bilmir. Bu gün Ermənistan çox ciddi çağırışlarla qarşı-qarşıya qalıb. Ona görə də biz ölkəmizin arzularımızın vətəni olması üçün sizinlə söhbət etməyə, birgə düşünməyə və fikirlərimizi bölüşməyə, nə edəcəyimizə qərar verməyə gəlmişik. Bizim hərəkatımızın şüarı “Birləşmə”dir, sizi bizə qatılmağa çağırırıq”.

Hərəkat imza toplamağa 26 oktyabrda “Qələbə” parkında başlayıb. Təşəbbüsün üzvləri artıq Çarentsavan və Abovyan şəhərlərində olublar.

Biz “Qələbə”nin Koçaryan trayektoriyasını çoxdan, hələ bu təşəbbüsün üzvləri vətənpərvər şüarların və hay-küylü bəyanatların kölgəsində gizlənərkən açmışdıq.

Ən azı, bir həftədir ki, “Qələbə” hərəkatı “açılıb” və Koçaryan üçün imza toplayır. Əlbəttə, cəmiyyət üçün bu müddətdə Koçaryan üçün neçə imzanın toplanması, məsələn, ikinci prezidentin tərəfdarlarının tirajladığı tərifli çıxışlardan daha maraqlıdır. “Qələbə”nin rəqəmləri açıqlayacağına əmin deyiləm, çünki ictimai əhvali-ruhiyyə Koçaryan tərəfdarlarının azsaylı olduğunu “pıçıldayır”.

Onu fərz etməyə daha çox meylliyəm ki, Koçaryanı dəstəkləyən bu növbəti təşəbbüs də, digərləri kimi, imitasiya xarakteri daşıyır, məqsəd – Ermənistanın ikinci prezidentinin tərəfdarlarının olduğunu göstərməkdir.

Koçaryan tərəfdarları “arzuların vətəni” haqqında danışdıqları zaman belə təəssürat yaranır ki, onlar bilərəkdən cəmiyyəti lağa qoyurlar və ya həmin cəmiyyəti Robert Koçaryanın cinayət məsuliyyətinə cəlb edilməsi və azadlıqdan məhrum edilməsi üçün birləşməyə məcbur edirlər.

Koçaryanın təsəvvür etdiyi “arzuların vətəni”ndə iki misilsiz cinayət baş verib, bir əyalət adamı ölkəni və cəmiyyəti talayaraq milyardlıq varidat sahibi olub, ölkə qanlı keyf məclislərilə və korrupsiya tarixçələrilə zəngin əraziyə çevrilib.

Bu, yalnız Robert Koçaryan və onun klanı üçün “arzuların vətəni” olub. Cəmiyyət öz vətəni haqqında xəyal qurmağa başlayanda isə inqilab baş verdi, Robert Koçaryan üçün həbsi qaçılmaz etdi.

Belə alınıb ki, Ermənistanda “arzuların vətəni”nə ya cəmiyyət, ya da Robert Koçaryan sahib ola bilər və bu müstəvidə bu gün olan hər şey təbiidir. Yalnız aydın olmayan odur ki, Koçaryan cəmiyyətdə kimləri axtarır?




Ana səhifəyə qayıt        Baxış: 725          Tarix: 5-11-2019, 15:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma