Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ Konqresinin S-400 raket sistemləri alınmasına görə Ankaraya sanksiya tətbiq etmək qərarını pisləyib və bunu milli təhlükəsizlik sahəsində ölkənin “suveren qərarlarına hörmətsizlik” adlandırıb. Nazirin sözlərinə görə, bu cür qərarlar “ABŞ-Türkiyə münasibətlərinə çox mənfi təsir göstərir”.
Teleqraf.com xəbər verir ki, bu barədə “Hürriyet Daily News” xəbər yayıb.
XİN başçısının fikrincə, Suriyada “Sülh çeşməsi” əməliyyatı və Türkiyənin Rusiyadan raket sistemlərini satın alması sanksiyalar tətbiq etmək üçün yalnız bəhanədir. Bu qərarın əsl səbəbi isə Türkiyənin uzun zaman ərzində dəqiqliklə hazırlanmış bir layihəyə güclü zərbə endirməsindən yaranan dərin məyusluqla bağlıdır.
Çavuşoğlunun xatırlatdığı kimi, Konqres bu ilin oktyabr ayında oxşar anti-türk sanksiyalar paketini təsdiqlədikdən sonra Türkiyə də buna analoji tədbirlərlə cavab verib. Təkrar sanksiyaların tətbiqi Türkiyənin “izahlarının başa düşülmədiyini” göstərir. Türkiyənin xarici işlər naziri ABŞ-ı “ortaq məqsədləri təhdid altına almayacaq” ABŞ-Türkiyə münasibətlərini inkişaf etdirmək üçün konstruktiv tədbirlər görməyə çağırıb.
Qeyd edək ki, Türkiyə XİN rəhbəri artıq dekabrın 11-də Ankaranın Birləşmiş Ştatların sanksiya tətbiq edəcəyi təqdirdə cavab tədbirləri görəcəyi barədə xəbərdarlıq edib.
“ABŞ Konqresinin üzvləri güc yolu ilə heç nəyə nail olmayacaqlarını başa düşməlidirlər. ABŞ-ın yanaşması müsbət olarsa, bizim də yanaşmamız müsbət olacaq”, – deyə nazir Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində bildirib.
Türkiyənin ABŞ Hərbi-Hava Qüvvələrinin ölkənin cənubundakı “İncirlik” hava bazasını bağlamağı düşünüb-düşünməyəcəyinə dair bir suala cavabında Çavuşoğlu qeyd edib ki, ən pis vəziyyətdə “Kürəcik” radar stansiyası ilə yanaşı bazanın bağlanması Ankaranın cavab addımlarından biri ola bilər.
“İncirlik” barədə söhbət gedə bilər. “Kürəcik” barədə söhbət gedə bilər. Onların hamısı barədə danışılması mümkündür. Mən fərziyyələrlə danışmaq istəməzdim. Əhəmiyyətli olan konqresin yox, ABŞ administrasiyasının qərarıdır. Biz ən pis variantlar üzrə ssenarini qiymətləndirəcək və qərar verəcəyik”, – deyə Çavuşoğlu bildirib.
Türkiyənin xarici işlər naziri, həmçinin, qeyd edib ki, Ankara Amerika F-35 qırıcılarının tədarük proqramından çıxarıldıqdan sonra alternativ alışların mümkünlüyünü nəzərdən keçirir və Rusiya ilə əməkdaşlıq variantlarını araşdırır.
Paylaş: