ABŞ-ın sabiq vitse-prezidenti Cozef Baydenin oğlunun adı keçən işlə bağlı digər şəxslərə cinayət işi açılmasındansa biz görürük ki, Birləşmiş Ştatlardakı müəyyən qruplar Donald Trampı hədəf götürüblər. Bu müəyyən qruplar təkcə Demokrat Partiyası deyil. Biz bu gün ABŞ daxilində planetar miqyasda qlobalistlər və anti-qlobalistlər arasında bir mübarizənin şahidiyik. Onların əsas hədəfi gələn il ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi Trampı sıradan çıxarmaqdır.
Ovqat.com bildirir ki, bunu Teleqraf.com-a açıqlamasında politoloq Zaur Məmmədov bildirib.
O qeyd edib ki, bunun nə dərəcədə alınıb-alınmaması Senatdan da asılıdır:
“Bu gün Senatda respublikaçılar çoxluq təşkil edirlər Düzdür, Tramp seçkilərədək Respublikaçılar Partiyasının üzvü deyildi. Ümumiyyətlə, hər hansı partiyaya yaxınlığı ilə seçilmirdi. Bu gün isə fakt ondan ibarətdir ki, hüquqi cəhətdən Tramp Respublikaçılar Partiyasının nümayəndəsi kimi prezident seçkilərinə qatılıb qalib gəlib. Hər halda bu gün baş verənlər Trampın imicinə bir tərəfdən zərbədirsə, digər tərəfdən əhali arasında onun reytinqi artır. Necə ki, seçki kampaniyası ərəfəsində Hillari Klintonun komandasının Trampa qarşı demək olar ki, bütün kütləvi informasiya vasitələrində qara piardan istifadə etməsi, onu əzməsi əks-effekt verdi. Sosial şəbəkələrdə əhalinin müəyyən təbəqələri Trampın tərəfinə keçərək əzilən tərəf kimi onun yanında dayandı. Bu dəfə də istisna deyil ki, onlar bütün bu vəziyyəti görərək güclünün yox, zəifin tərəfində olmağı üstün tutacaqlar. Hər bir halda bu impiçment proseduru göstərdi ki, dünyada impiçment institutunun ən fəal işlədiyi ilk ölkə ABŞ özüdür. ABŞ nə qədər prezidentli respublika olsa da orada parlamentin çox böyük siyasi mövqeyi, nüfuzu və çəkisi var”.
Bəs impiçment prosedurunu demokratların istədiyi şəkildə sonlandırmaq mümkün olacaqmı? Bu sualı da cavablandıran Z.Məmmədov deyib ki, Trampın vəzifədən uzaqlaşdırılması Senatdan asılıdır:
“Çünki Nümayəndələr Palatası tərəfindən qəbul edilmiş impiçment proseduru Senata getməlidir. Bundan sonra məhkəmə tərəfindən bununla bağlı qərar verilməlidir. Senatda Respublikaçılar Partiyası üstünlük təşkil edir. Hansı ki, Trampın özü də Respublikaçılar Partiyasının nümayəndəsi kimi seçkilərə qatılmışdı. Buna görə də çox güman ki, Senat tərəfindən müvafiq qərar qəbul edilməyəcək, amma hər bir halda prezident seçkiləri öncəsi bu, Nümayəndələr Palatasının Trampa qarşı kifayət qədər təzyiqidir. Bundan əvvəl qondarma erməni soyqırımına dair qərarı da Nümayəndələr Palatası qəbul etmişdi və Senatda çoxluq təşkil edən Respublikaçılar Partiyası çox güman ki, onu qəbul etməyəcəkdi. Amma sonda Tramp imzalamasa da onu qəbul etdi. Ona görə impiçment məsələsində də daha çox Respublikaçılar Partiyası daxilindəki qruplaşmaların mövqeyindən asılıdır. Əgər onlar Trampla gələnilki seçkilərə getmək istəyirlərsə o zaman çox güman ki, qəbul etməyəcəklər. Eyni zamanda öz imiclərinə zərbə vurulmasını istəməyəcəklər. Əgər onlar başqa namizədlə getmək istəyəcəklərsə və Trampdan beziblərsə o zaman impiçment prosedurunun Senatda qəbul edilməsi istisna deyil. Yəni, hər şey Respublikaçılar Partiyasının daxilindəki maraq qruplarının qarşıdurmasından asılı olacaq”.
Paylaş: