“Rossiyskaya qazeta”da TASS informasiya agentliyi baş direktorunun birinci müavini Mixail Qusmanla “Mixail Qusmanın həyat formulu” adlı müsahibə dərc olunub.
Həmin müsahibəni oxuculara təqdim edirik.
***
Təxminən 400 prezident, baş nazir və krallar onun həmsöhbəti olublar. Öz yubileyi ərəfəsində isə o, özü müsahibə verib.
Mixail Qusman TASS informasiya agentliyi baş direktorunun birinci müavini, “Hakimiyyət formulu” televiziya proqramının müəllifi və aparıcı kimi 400-ə yaxın prezident, baş nazir, sultan və krallardan müsahibə götürüb. Özünün neçə müsahibə verdiyini hələ saymayıb, lakin dəqiqdir ki, onlarla müsahibə verib. Onlardan ikisini, o cümlədən indi sizin oxuduğunuzu, bu sətirlərin müəllifinə verib. Peşəsi informasiya ilə bağlı olan insana hər hansı xəbər motivi olmadan müsahibə üçün müraciət etmək mənim tərzim deyil. Lakin səbəb var: Qusmanın 70 yaşı tamam olur və biz onunla iyirmi ilə yaxındır ki, tanışıq.
Bakının havasında dostluq və mehriban qonşuluq atmosferi var
-Yubileyi qeyd etmək üçün Bakıya gedəcəksən?
-Mixail Qusman: Bəli.
-Sən öz yubileylərini həmişə orada qeyd edirsən?
-Mixail Qusman: Həmişə belə olmayıb, lakin bunu hər zaman arzulamışam. Bakı sadəcə uşaqlıq xatirələrim, gənclik illərim demək deyil, bu şəhər mənim dünyaya baxış tərzimdir. Məhz Bakı mənə dünyagörüşü bəxş edib.
-Bunu açmaq mümkündürmü?
-Mixail Qusman: Mümkündür. Mən müharibədən beş il sonra dünyaya gəlmişəm. Biz Bakının kiçik həyətində, kommunal mənzildə yaşayırdıq. Lakin Bakı havasında mən özümü dərk etdiyim ilk günlərdən dostluq və mehriban qonşuluq atmosferi hiss etmişəm. “Mehriban qonşuluq” kəlməsi adətən siyasi kontekstdə istifadə olunur, ölkələr arasında münasibətlərə aid edilir. Mən isə bir həyətdə olan mehriban qonşuluqdan danışıram. Mənim kabinetimdə hansısa bakılı rəssam tərəfindən çəkilmiş və dostum Yura Məmmədovun hədiyyə etdiyi tablo asılıb. Orada mənim Bakıdakı evim təsvir edilib. Daha dəqiq, 1899-cu ildə tikilmiş köhnə ev. Pyotr Montin (indiki Əlövsət Quliyev) küçəsi, 111 nömrəli ev. Doqquz mənzil, hamısı da kommunal. Həyətdə hər cür şərait vardı. On bir millətin nümayəndəsi yaşayırdı. Əlbəttə, məişət zəminində münaqişələr də olurdu. Hansısa ev xanımı paltar qurutmaq üçün özünün yox, başqasının zivəsindən istifadə edirdi. Həmin vaxt bütün həyətdə hay-küy qalxırdı. Lakin bunun da öz ləzzəti vardı. Bayramların hamısını birlikdə qeyd edirdik. Bizdə – həyətdəki uşaqlarda elə təsəvvür vardı ki, bütün həyatımız bayramdır. Ona görə ki, provaslovların Miladı qurtardıqdan sonra azərbaycanlıların Novruzu başlayırdı. Sonra da yəhudi bayramları, hansısa tatar şənlikləri... Həm də nədənsə katolik olan Stasik dayı vardı. Hərçənd, biz “katolik” sözünün mənasını başa düşmürdük, lakin bilirdik ki, o, kilsəyə gedir.
-Səncə bu mehriban qonşuluq atmosferi bu gün Bakıda qalırmı?
-Mixail Qusman: İndi “multikulturalizm” adlı yeni anlayış dəbdədir. Mürəkkəb anlayışdır, Avropada o qədər də kök salmayıb. Lakin hesab edirəm ki, multikulturalizmin tarixən Azərbaycan üçün həyat tərzi olduğunu söyləyən Prezident İlham Əliyev tamamilə haqlıdır. Amma əvvəllər bunu indi o qədər də dəbdə olmayan “xalqlar dostluğu” söz birləşməsi, yaxud “beynəlmiləlçilik” siyasi termini ilə ifadə edirdilər. Mən Sovet İttifaqı adlanan Yer kürəsinin bütün altıda bir hissəsi barədə mülahizə yürüdə bilmərəm, hansı müttəfiq respublikada nələr olduğunu da bilmirəm, lakin məsuliyyətlə və əlimi İncilə, Qurana və ya Tövrata qoyaraq deyə bilərəm ki, çoxmillətli Bakı həqiqətən də bir ailə kimi yaşayırdı. Kiçik bir misal gətirmək istəyirəm. Bir dəfə ÜLKGİ-in Mərkəzi Komitəsi Azərbaycanın komsomol təşkilatında gənclərin beynəlmiləlçilik tərbiyəsi ilə bağlı işin vəziyyətini yoxlayırdı. Birdən maraqlı bir detal aydın oldu. Bu detal əvvəllər heç bir komsomol təşkilatının hesabat sənədlərinə daxil edilmirdi: Bakıda gənclər arasında millətlərarası nikahın sayı SSRİ-dəki orta göstəricilərdən dəfələrlə çox idi. Yəni, azərbaycanlı oğlanlar rus qızları ilə, rus oğlanlar erməni qızları ilə, erməni oğlanlar yəhudi qızları ilə evlənirdilər. Bu, tarixi həqiqətdir.
-Niyə məhz Bakıda belə idi?
-Mixail Qusman: Bunun bir neçə səbəbi var. Ən başlıcası XIX əsrin sonunda neft bumu idi. Rusiyanın neft Klondaykına hər yerdən insanlar axışırdı. Yəhudi məskənlərindən, rus kəndlərindən, kiçik və kasıb Avropa ölkələrindən. Təhsilli və savadsız insanlar. Onlar neft mədənlərində işləməyə başladılar. Müxtəlif dini icmalar meydana gəldi. Bütün bunlar tədricən, on illər boyu bu fenomeni – Bakının daxilində millətlərarası mehriban dostluq münasibətlərini yaratdı. Təəssüf ki, zaman keçdikcə, Bakı bəzi məziyyətlərini itirdi. O, daha az rəngarəng oldu. Lakin indi də parlaqdır. İndi də multikulturaldır. Müasir Bakı öz atmosferi ilə əvvəlki kimi dostluqla zəngindir.
Mənim valideynlərim görkəmli şəxsiyyətlər olublar
-Üç il əvvəl sən öz valideynlərinin haqqında kitab nəşr etdirdin və onu “Atam və anam haqqında kitab” adlandırdın. Mənim oxuduğuma görə, kitabın hər səhifəsi sevgi, səmimiyyət və nostalgiya hissləri ilə doludur. Deyə bilərsənmi, valideynlərini minnətdarlıqla xatırlamaq arzusu, ailə albomunu vərəqləmək, uşaqlıq və gənclik illərinə qayıtmaq səndə yaşla əlaqədarmı yaranıb?
-Mixail Qusman: Mənə elə gəlir ki, təkcə mən yox, bir çoxları illər sonra buna ehtiyac duyurlar. Bax biz Bakı haqqında danışırıq. O, mənə həm də valideynlərimin dəfn olunduğu şəhər kimi əzizdir. Anam erkən vəfat edib, hələ qocalmamışdı. Atam çox yaşasa da, o da mənim erkən gənclik illərimdə dünyasını dəyişib. Mənim Bakıya gəlişim həm də onların məzarlarını ziyarət etmək ehtiyacı ilə bağlıdır. İllər keçdikcə, bu ehtiyac zəifləmir, sadəcə mən onu fiziki cəhətdən hiss edirəm. Mənim valideynlərim mübaliğəsiz olaraq görkəmli şəxsiyyətlər olublar. Parlaq, istedadlı və ağıllı. İnsanların məni təqdim etdiyi vaxt “Bu Solomon Moiseyeviçin və Lola Yuliyevnanın oğludur” deməsi həmişə çox xoşuma gəlirdi. Atam artıq müharibəyə qədər Xəzər Gəmiçilik Xəstəxanasının baş həkimi idi, anamın birinci ixtisası aktrisa olub, sonra tərcüməçi, pedaqogika elmləri doktoru, Xarici Dillər İnstitutunun professoru səviyyəsinə yüksəlib. Mən hər gün xəyali olaraq onların hər ikisi ilə ünsiyyət saxlayıram. Ailəmizin yaşadığı evdə isə Azərbaycan Prezidenti Heydər Əliyevin 12 iyul 2000-ci il tarixli Solomon Moiseyeviç Qusmanın və Lola Yuliyevna Barsukun xatirəsinin əbədiləşdirilməsi haqqında Fərmanına uyğun olaraq xatirə lövhəsi qoyulub.
-Sən oraya gəlirsən?
-Mixail Qusman: Əlbəttə. Lakin məhz evə, mənzilə deyil. Mənzildə mənə yad olan insanlar yaşayırlar. Ata evi artıq mənə məxsus deyil.
Bizim agentlikdə kiçik TASS xəbərini şedevrə çevirməyə qadir olan görkəmli peşəkarlar var
-Sən 1995-ci ildən TASS-da işləyirsən. Agentlik ötən 25 ildə necə dəyişib? Axı sən təkamül prosesini müşahidə etmisən.
-Mixail Qusman: Mən oraya ANKOM-TASS-ın vitse-prezidenti vəzifəsinə gəlmişəm. Bu bölmə analitik materiallar və şərhlərlə məşğul olurdu. Ona əfsanəvi jurnalist, Amerika üzrə mütəxəssis, keçmişdə “Pravda”nın siyasi şərhçisi olmuş Tomas Kolesniçenko rəhbərlik edirdi. Mən orada işlədim, sonra bir il müddətinə beynəlxalq əməkdaşlıq, ictimai əlaqələr və xüsusi layihələr baş idarəsinin rəhbəri oldum. TASS-a 21 il ərzində rəhbərlik edən Vitali İqnatenko agentliyin fəaliyyətini xeyli dəyişdi, onu daha müasir, dünya standartlarına uyğun səviyyəyə gətirdi. Mən beynəlxalq əlaqələrə cavabdeh idim və indi də elədir. TASS bu gün demək olar ki, dünyanın bütün agentlikləri ilə tərəfdaşlıq əlaqələrinə malikdir.
-Sən həm də xarici informasiya blokuna kuratorluq edirsən?
-Mixail Qusman: Mən inzibati olaraq, baş direktorun birinci müavini kimi onlara kuratorluq edirəm. Lakin bu sahənin həm də redaksiya rəhbərliyi var.
-Hər halda bu illər ərzində informasiya ilə iş prosesi dəyişib. Nəyi praktikadan çıxarıblar, indi ilk planda nələr var?
-Mixail Qusman: Deməliyəm ki, informasiyaya münasibət, onun seçilməsi prinsipləri, qiymətlənirilməsi, yoxlanılması bir sadə səbəbdən radikal şəkildə dəyişdirilə bilməz. Məhz ona görə ki, onun əsasında müxbir dayanır. O, hər hansı informasiya və ya gərgin müharibənin əziyyətini çiynində daşıyan piyada əsgərdir. Bəli, əlbəttə, müxbir də dəyişib. Birinci Dünya Müharibəsinin iştirakçısına bənzəyən dünənki əsgər müasir qacetlərlə silahlanmış bugünkü kiber döyüşçüdən fərqlənir. Lakin əsas məqsəd informasiyanın birinci olaraq əldə etmək, onu birinci ötürmək və məxsusi xəbər əldə etməkdir. Başqa məsələdir ki, müasir texnologiyalar indi bunu daha tez yerinə yetirməyə imkan verir.
-Bəli... Baxarsan ki, tezliklə rəqəmsal qurğular informasiyanı özləri tapacaq və ötürəcək. Onda nə olacaq? Müxbirlərə ehtiyac olmayacaq?
-Mixail Qusman: Bu gün həyatın bütün sahələrində süni intellektin imkanları tez-tez müzakirə olunur. Bu, KİV-lərin fəaliyyətinə də aiddir. Eşidəndə ki, süni intellekt artıq indi xəbərlər hazırlayır, onda deyirəm ki, bəli, o, informasiya “ətindən” xəbər “kolbasası” hazırlaya bilər. Dostlarım, lakin gəlin araşdıraq: bəli, kompüterlər sözün idman mənasında dama kimi oyunu məhv etdilər. Həm 64 xana, həm də 100 xanalıq. Bəli, kompüter bu gün hətta böyük şahmatçılara da qalib gəlir. Kompüter Kasparova və Karpova, habelə Kramnikə - soyadı “K” hərfi ilə başlayan hər üç görkəmli qrossmeysterləri məğlub edib. Lakin mən onların hər üçü ilə bu barədə söhbət etmişəm.
Bəli, kompüter qalib gəlib. Lakin o, şahmatı sıradan çıxara bilməyib. Niyə? Çünki kompüter qalib gələ bilər, amma dahiyanə kompozisiyaları, yaradıcı həll variantlarını tapmağa qadir deyil. Kompüter musiqi bəstələyə bilər, ancaq heç vaxt şedevr yarada bilməyəcək. Süni intellekt rəsm əsərləri çəkəcək, amma dahiyanə tablolar yarada bilməyəcək. Kompüter heç vaxt yaradıcı amil kimi müxbiri əvəz edə bilməyəcək. Mənə deyirlər: TASS-ın işində hansı yaradıcılıq var? On sətir, on beş sətir... Lakin bizdə kiçik TASS xəbərlərini şedevrə çevirə bilən görkəmli peşəkarlar var. Dmitri Qoroxov bizim Parisdəki bölmənin rəhbəridir. Vasili Qolovnin bizim Tokiodakı bölmənin rəhbəridir. Andrey Kirillov bizim Pekindəki bölmənin rəhbəridir... Mən onların parlaq peşəkarlar olduğundan danışmaqla yanaşı, həm də oçerk, xüsusi reportaj və məqalə janrlarında məharətlərini də qeyd etmək istəyirəm.
-TASS-ın üslubunu sən necə müəyyən edərdin?
-Mixail Qusman: TASS-ın üslubu hər şeydən əvvəl informasiyanın mütləq dəqiqliyidir. İfadə tərzinin ciddiliyi, ölçülüb-biçilmiş yanaşma və obyektivlik. Bu sözlərin ən yaxşı mənası dövlətçilik və vətənpərvərlikdir. Bəli, biz dövlət agentliliyik. Bizim sahibimiz dövlətdir. Konkret desək, RF-nin hökuməti. Lakin biz hökumətin divar qəzeti deyilik, dövlət informasiya siyasətini öz nizamnaməmizə uyğun şəkildə, onun başa düşdüyümüz kimi həyata keçiririk. Bizə heç kim nəyi dərc edib-etməmək barədə göstərişlə zəng etmir. Bu planda dövlət bizə tam etimad göstərir. Bu etimad təkcə konkret olaraq baş direktor Mixaylova, onun birinci müavini Qusmana və ya baş redaktor Petrova deyil, dövlət institutu kimi bir çox onilliklər ərzində informasiya işində yüksək peşəkarlığını sübut etmiş TASS-a göstərilir.
-Müasir jurnalistikada sənin ən çox xoşuna gəlməyən nədir?
-Mixail Qusman: Səthilik və “sarılıq”. Mən böyük məyusluqla Aleksandr Sergeyeviç Puşkinin sözlərini təkrar etməyə məcburam: “Biz tənbəlik və heç nə ilə maraqlanmırıq”. Ona görə də bu gün, informasiyanın sel kimi axdığı bir şəraitdə, böyük sayda arxivlərin açıldığı bir zamanda, bütün xarici mənbələrin əlçatan olduğu bir dövrdə biz informasiya dənizinin səthindən informasiya köpüklərini yığmaq yox, onun dibinə daha dərin dalmalıyıq. Rusiya neft ölkəsidir və mənim sevimli bir analogiyam var. Mən deyirəm: “Biz, TASS əməkdaşları həyat laylarında xam neft qazanlara bənzəyirik. Biz həyatın laylarından xam neft – informasiya hasil edirik. Sonra onu üzə çıxarırıq. Televiziya işçiləri ondan informasiya benzini düzəldirlər. Radioçular - informasiya kerosini. Qəzetçilər - informasiya mazutu. Jurnallar isə - plastmas. Onların hamısının bünövrəsində isə bizim informasiyanın xam nefti dayanır.
-Tarixə qovuşmuş sovet jurnalistikasında nəyi qaytarmaq istərdin?
-Mixail Qusman: Şərh və publisistik materialların sayını. Bu gün Bovin və yazının keyfiyyətinə görə ona yaxın olan heç kim yoxdur. Valentin Zorin yoxdur. Bu insanlar təkcə mövzunu ən yüksək səviyyədə bilməsi ilə deyil, həm də heyrətamiz erudisiyası ilə seçilirdilər. Bu gün kəskin, mübariz, hətta deyərdim ki, peşəkar səviyyədə yazanların sayı çox azdır. Amma oxuduğum zaman əmin olmuram ki, müəllif mövzuya dərindən bələddir. Bir oxucu kimi məni təkcə mətn inandırmamalıdır. Mən hiss etməliyəm ki, məqalə müəllifin dərinliyinə qədər bələd olduğu mövzusunun yalnız kiçik bir hissəsidir.
Feyk xəbərlər dünyada sabitliyə təhdiddir
-Sən haradasa dərs deyirsən?
-Mixail Qusman: Mən vaxtaşırı Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda, Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasında və Diplomatiya Akademiyasında mühazirələr oxuyuram. Mənim bir mövzum var. Son vaxtlar ona daha çox diqqət yetirirəm. Bu mövzu yetərincə sərt səslənir: “Feyk xəbərlər dünyada sabitliyə təhdid kimi”. Mən həqiqətən də hesab edirəm ki, bizim informasiya əsrində feyk xəbərlər bəşəriyyətə və dünya nizamına qorxunc təhlükədir.
-Feyk xəbərlər deyəndə, nəyi nəzərdə tutursan?
-Mixail Qusman: Mən səhvləri, qüsurları, yanlışlıqları və ya düzəlişləri onlara aid etmirəm. İnformasiya işçiləri olan bizlərdən heç kəs bunlardan sığortalanmayıb. Mən feyk xəbərlər deyəndə, hansısa məqsədə çatmaq üçün geniş və ya çox konkret auditoriyanın beynini şüurlu və məqsədyönlü şəkildə zəhərləməyi nəzərdə tuturam. Bunun arxasında hansısa dövlət, anarxist və ya terrorçu qruplaşma, müəyyən korporasiya dayana bilər. Kibercinayətkarlıq və kiberhücumlar kimi anlayışlarla sıx bağlı olan feyk xəbərlər dramatik və təhlükəli vəziyyətlər yarada bilər.
-Tələbələrə feyk xəbəri dürüst xəbərdən fərqləndirməyi öyrədəndə, onlara nə deyirsən?
-Mixail Qusman: Mən deyirəm ki, indi bizim daxil olduğumuz dünya çeşidli informasiya məhsulu bir yerə toplandığı üçün bundan sonra daha da mürəkkəb olacaq. Belə bir analogiya gətirirəm. Mənim nənəm və babam mağazaya gələrək deyirdilər: bizə bir baton çörək, bir qədər kolbasa və yarım kilo pendir verin. Valideynlərim isə konkret, şərti olaraq desək, Borodino çörəyi, “həvəskar” kolbasa və Kostroma pendiri alırdılar. İndiki ev xanımları mağazaya gələndə kolbasanı hansı fabrikin istehsal etdiyinə, tərkibində hansı inqridiyentlərin olmasına, bədnam palma yağının olub-olmamasına baxırlar. Əvvələn, biz seçim məsələsinə xüsusi diqqət yetirməyə başlamışıq. İkincisi, zəhərlənmək istəmirik. İnformasiya da elə kolbasa kimi məhsuldur. İnformasiya ilə zəhərlənmək istəmirsənsə, onda zəhmət çək, həmin informasiya kolbasasının istehsalçısını öyrən. Onun inqridiyentlərini yoxla. Daxilindəki süzgəcdən keçir. Etibar etdiyin və dəfələrlə yoxladığın informasiya mənbələrini müəyyən et. Çünki coşqun informasiya dəryasında boğulmaq və zəhərli informasiya suyu ilə doymaq təhlükəsi var. Mən TASS-ın böyük sorğu xidmətinə etibar edirəm. Mən öz müxbirlərimə etibar edirəm. İnformasiyanın anonim olmaq hüququ yoxdur. Anonim informasiya imzasız məktuba bənzəyir. Burada iftira və böhtan ola bilər. İnformasiyanın müəllifi və dəqiq ünvanı olmalıdır.
Ölkələrin çoxunda hakimiyyət getdikcə insanlara daha çox yaxınlaşır
-İyirmi il ərzində “Hakimiyyətin formulu” proqramını hazırlayırsan, bu hakimiyyətə sahib olmuş və hazırda hakimiyyətdə olan dörd yüzə qədər insanla söhbət etmisən. Bu müddət ərzində dövlət liderinin öz ölkəsinə və dünyaya münasibətdə vəziyyətində güclü dəyişikliklər olubmu?
-Mixail Qusman: İndicə səninlə informasiya məkanında texnoloji dəyişikliklərdən danışdıq. Düşünürəm ki, bu dəyişikliklər liderliyin texnologiyasına da güclü təsir göstərib və demək olar ki, “hakimiyyətin formulu”na dəyişikliklər edib.
-Nəyi nəzərdə tutursan?
-Mixail Qusman: Bu gün liderlərin ölkələrin əksəriyyətində hakimiyyətin insanlara getdikcə daha çox yaxınlaşması mənasında əvvəlkindən daha çox “lüt kral” olduqlarını. Bu, bizim ölkəmizə də aiddir. Əgər Moskva sakini Leonid İliç Brejnevi (mən hələ Stalini demirəm) başında şlyapa Mavzoley tribunasında duran vəziyyətdə ildə iki dəfə - noyabrın 7-də və mayın 1-də Qızıl meydandan keçərkən görürdüsə, Rusiyanın indiki lideri öz ölkəsinin vətəndaşları ilə müxtəlif formatlarda, demək olar, hər gün söhbət edir. Ümumiyyətlə müasir liderlərdə öz xalqı ilə ünsiyyət saxlamaq zərurəti kəskin artıb. Bu kommunikasiya müxtəlif formalar ala bilər. Məsələn, Prezident Trampın “twit”ləri bütün dillərdə zarafat obyektinə çevrilib. Vladimir Putin isə televiziya formatına üstünlük verir. Onun məşhur mətbuat konfransları da maraqlıdır.
Bəzən məni qınayırlar ki, hansısa ölkənin prezidenti ilə az qala ona tay insan kimi söhbət edirəm.
O, öz auditoriyasını, cəmiyyətin sorğularını beləcə daha yaxşı hiss edir. Nəhayət, liderlərin özləri arasındakı kommunikasiya da təkamül edib. XIX əsrdə bir hökmdarın digərinə qaz lələkləri ilə yazdığı uzun məktubları adi məktublar, sonra teleqramlar əvəz edib. Stalin, Ruzvelt və Çörçilin bir neçə cildlik məşhur yazışması bunun ən bariz nümunəsidir. Bu gün isə praktiki olaraq hər gün telefon danışıqları və yəqin ki, kommunikasiyanın hansısa digər formaları var. Onların bir-birinə mesaj göndərib-göndərmədiyini bilmirəm, lakin sürətli əlaqə saxlamağın hansısa formaları dəqiq var. Beləliklə, nə qədər qəribə olsa da, lider daha adi insana çevrilir. Məni bəzən qınayırlar ki, hansısa ölkənin prezidenti ilə az qala ona tay olan insan kimi söhbət edirəm. Ədalətsiz iraddır. Mən özüm və dövlət başçısı arasında fərqi başa düşürəm. Amma mən başqa məsələni də - hazırda hər ikimizin işdə olmasını da başa düşürəm. Dövlət başçısı üçün yanına gəlmiş jurnalistə müsahibə vermək onun peşə fəaliyyətinin cüzi hissəsidir, mənim üçün isə ondan müsahibə almaq mənim peşə fəaliyyətimin böyük hissəsidir. Lakin ikimiz də işdəyik. Bu mənada, şəksiz ki, ikimiz də bərabərik.\\Axar
Paylaş: