Xəbər lenti


Əli Hüseyn Baqir
“Middle East Eye”, 03.04.2020
 
Koronavirusun peyda olmasından bəri virusa dair sui-qəsd nəzəriyyələri hər yerdə, o cümlədən Türkiyədə geniş yayılmağa başlayıb.
Qeyri-ənənəvi düşmənin mənşəyi və təkamülü haqqında səhih məlumatlarə dair dünyanın bir sıra dövlətlərində, xüsusən də virusun yarandığı yerlərdə şəffaflığın yoxluğu konspiroloji nəzəriyyələrin çiçəklənməsi üçün mükəmməl bir mühit yaradıb.
Hazırkı qeyri-müəyyənlik dövründə sosial media sui-qəsd nəzəriyyələri üçün münbit zəminə çevrilir. Virusun özü kimi, heç bir dövlət immunitetə malik deyil, baxmayaraq ki, bəziləri digərlərinə nisbətən daha az müqavimət göstərir.
Bir neçə səbəbə görə Türkiyə bu baxımdan ən həssas ölkələrdən biri hesab olunur.
 
Cəmiyyətin geniş spektri
“Symantec Norton” tədqiqatçılarının sözlərinə görə, 2016-cı ildə Türkiyə Avropa, Yaxın Şərq və Afrika arasında ən çox “bot” infeksiyasına yoluxan ölkə olub. “Reuters” İnstitutunun 2018-ci il hesabatında da o, yanlış məlumatlara məruz qalan ən həssas ölkələr sırasına daxildir.
İdeoloji və / və ya siyasi səbəblərə görə analitiklər tez-tez Türkiyədəki sui-qəsd nəzəriyyəsi fenomenini ultra-dini mühafizəkar dairələrə bağlayırlar. Ötən həftə köşə yazarı Burak Bekdil İsrailin Begin-Sadat Strateji Araşdırmalar Mərkəzi üçün Türkiyədəki bəzi mühafizəkarların koronavirus məsələsini necə qavradıqlarına dair tənqidi məqalə yazıb. “The Jerusalem Post” həmin məqaləni dərc edib.
Türkiyənin sosial mediası və KİV-lərinin diqqətlə izlənməsi bu fenomen spektrinin həm sol, həm də sağ cinahdakı dünyəvi cəmiyyətin daha geniş dairəsinə qədər uzandığını göstərir.
Strateq Abdullah Ciftci epidemiyanın insanlara və pula nəzarət etmə, rəqəmsal əsrə keçidi asanlaşdırmaq üçün “fövqəl ağıl” tərəfindən hazırlandığını söyləyib. Bu yaxınlarda o, “CNN Türk” və “Halk TV”-də – CHP-yə yaxın mediada virusun yayılmasının qəsdli və məqsədli olduğunu deyib: “insanlara biometrik çip implantasiya etmək”.
Türkiyədəki ən geniş yayılmış sui-qəsd nəzəriyyəsi virusun ABŞ hökuməti tərəfindən bir laboratoriyada, yüksələn Çinə qarşı istifadə üçün yaradılmasıdır. Bu, Vaşinqton və Pekin arasında davam edən ticarət müharibəsi ilə əlaqələndirilir.
 
Dərinləşən rus təbliğatı
Siyasi məqsədlərə çatmaq üçün dezinformasiyadan istifadə edən bədnam rus təbliğatının dərin kökləri var. “Dezinformasiya” termininin özü sovet dövründə yaradılıb və KQB doktrinasının ən vacib komponentlərindən biri hesab edilib. Sovet İttifaqının varisi olaraq Rusiya hibrid müharibə strategiyasının ayrılmaz bir hissəsi halına gətirərək dezinformasiyadan səmərəli istifadə etməyə davam edir.
2018-ci ilin oktyabrında Rusiyanın Müdafiə Nazirliyi ABŞ-ın Gürcüstanda gizli bioloji silah laboratoriyasına malik olduğu, beynəlxalq konvensiyaları pozduğunu və Rusiyaya birbaşa təhdid yaratdığını iddia edib. Brifinqdə Rusiya ordusunun radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının başçısı general-mayor İqor Kirillov Rusiya və Çin sərhədləri yaxınlığında ABŞ laboratoriyaları şəbəkəsinin bir hissəsi olduğunu təsdiqləyib.
Hazırki koronavirus pandemiyası fonunda Moskva oxşar dezinformasiya kampaniyası aparır. Yanvar ayının sonunda Rusiya Müdafiə Nazirliyinin “Zvezda” nəşri koronavirusun Rusiya və Çinə qarşı bioloji müharibə olduğunu iddia edən bir məqalə dərc edib. Hətta ABŞ-ın Rusiya və Çin xalqlarını hədəf alan etnik biosilah hazırladığı iddia olunub.
İkincisi, bu sui-qəsd nəzəriyyəsinin həm sol, həm də sağ cinahda auditoriyası var, xüsusən də ultra-millətçi və ultra-solçu dünyəvilər arasında. “Son Dakika” saytı bu yaxınlarda 160.000 “İnstaqram” izləyicisindən soruşub: “Virusun laboratoriyada hazırlandığına və Çin iqtisadiyyatını çökdürmək üçün sızdırıldığına inanırsınızmı?” Respondentlərin dörddə üçü “bəli” cavab verib.
 
Çini müdafiə etmək
Rus və Çin dezinformasiyasının Türkiyədə rəğbət qazana biləcəyinin bir səbəbi Kamalizm, Milliyyətçilik, Sosializm və Dünyəvilikdən elementlər götürən Avrasiyaçı ideologiyadır. Avrasiyaçılıq Rusiya və Çin, İran ilə münasibətləri anti-ABŞ imperializmi və anti-sionizm əsasında möhkəmləndirməyə çağırır.
Türkiyədəki Avrasiyaçılıq ideologiyasının indiki “xaç atası” Doğu Perinçekdir. 2019-cu ilin dekabr ayında o, Çinin Sincan əyalətindəki etnik türk müsəlmanlarına qarşı kobud insan haqları pozuntularını pisləyən ABŞ-ın qanun layihəsinə qarşı çıxıb, bunu Çinin daxili işlərinə “imperialist müdaxilə”, beynəlxalq qanun və etikanın pozulması kimi qiymətləndirib.
Bu ilin fevral ayında verdiyi bir müsahibədə Perinçek, Çinin xalqı koronavirusdan qorumaq üçün sürətli hərəkətlərini təqdir edərək, Pekinin mübarizəsini “bütün bəşəriyyət üçün nümunə” adlandırıb. O, Qərb ölkələrini və onların media orqanlarını Çinə qarşı qərəzdə günahlandırıb, lakin əlavə edib ki, Çin bu cəhdlərin qarşısını ala bilib.
Martın 12-də Çin Xarici İşlər Nazirliyinin sözçüsü Jao Lijian ABŞ ordusunun Uhana epidemiyanı ixrac etdiyinə dair sui-qəsd nəzəriyyəsini irəli sürüb. Bu sui-qəsd nəzəriyyəsində 2019-cu ilin oktyabrında Uhan şəhərində keçirilən 7-ci Dünya Hərbi Oyunlarında iştirak edən ABŞ idmançılarının virus daşıyıcısı olmasını iddia edib.
 
Cazibədar dönüş
Geosiyasi dönüş Türkiyədəki bir çox sui-qəsd nəzəriyyəçilər üçün çox cəlbedicidir. Dünyəvi, ən çox satılan, hökumət əleyhdarı qəzet olan “Sözcu” pandemiya ilə bağlı bir çox məqalə dərc edib. 1,6 milyondan çox “Twitter” izləyicisi olan tanınmış köşə yazarı Söner Yalçın dəfələrlə bu mövzuya toxunub. Son məqaləsində o, Lijianın tvitlərinə istinad edib.
Yalçın rəsmi şəxsin açıqlamasının özünün əvvəlki nəticələrini təsdiqləndiyini və hətta 5G texnologiyasına görə Çin və ABŞ arasındakı ticarət qarşıdurması ilə əlaqəli olduğunu söyləyib. Köşə yazarı onu sui-qəsd nəzəriyyəçisi olmaqda ittiham edənləri “sui-qəsd nəzəriyyəsi virusları” adlandırıb.
Təəssüf ki, bu cür sui-qəsd nəzəriyyələrinin yayılmasına icazə verilməsi ciddi nəticələr doğuracaq. Bu virusun özünə qarşı mübarizəni çətinləşdirir, cəmiyyəti zəhərləyir və zəiflədir, habelə qarışıqlıq yarada bilər, jurnalistlərin, media qurumlarının, sosial media platformalarının və hökumətin bu cür nəzəriyyələrə qarşı məsuliyyəti barədə suallar doğurur.
Tərcümə: Strateq.az



Ana səhifəyə qayıt        Baxış: 2 007          Tarix: 7-04-2020, 13:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma