Xəbər lenti


Gürcüstanla Azərbaycan arasında hərbi əməkdaşlıq qaçılmazdır, ancaq bu əməkdaşlıq qonşu dövlətlər üçün heç bir təhlükə yaratmır.
Bunu Media.Az-a Gücüstanın milli təhlükəsizlik məsələləri üzrə mütəxəssisi, siyasi elmlər doktoru, professor Vaxtanq Maisaya Gürcüstanın qumbaraatanlardan tutmuş raketlərə qədər daxili silah istehsalına başlayacağı barədə informasiyanı şərh edərkən bildirib.
- Sovet dövründə Gürcüstanda hərbi təyyarələrin təmiri zavodu fəaliyyət göstərirdi...

-…Təyyarələrin nəinki təmiri, istehsalı da həyata keçirilirdi. Tanklar və piyada döyüş (PDM) maşınları isə təmir edilirdi.
- Gürcüstan və Azərbaycan bir-birinə necə və nədə kömək edə bilər? İki dost ölkə arasında texnologiya mübadiləsi mümkündürmü?
- Əlbəttə! Gürcüstan, Azərbaycan və Türkiyə faktiki olaraq müttəfiqdirlər, qeyri-rəsmi üçtərəfli alyansa daxildirlər. Bu, hərbi əməkdaşlıq və birgə müdafiə siyasətini özündə ehtiva edir. Bizim hərbi-sənaye kompleksləri istiqamətində də münasibətlərimizi inkişaf etdirmək üçün bütün imkanlarımız var. Ölkələrin hər birinin müttəfiqinə təklif edə biləcəyi bir şey var.

Gürcüstanda hələ də aviasiya zavodu fəaliyyət göstərir, yuxarıda qeyd etdiyim kimi təmir zavodları qalır və onlar tanklar, PDM-lər istehsal edə bilərlər. Belə təcrübə olub, hərbi məhsullarımız, məsələn, Səudiyyə Ərəbistanına ixrac edilib. Biz istehlak materiallarının, misal üçün patronların istehsalını artırırıq, “İveriya” atıcı silahının Gürcüstan modelini yaradırıq. Beləliklə, Gürcüstanın Azərbaycanla hərbi-sənaye kompleksi sferasında tərəfdaş olmaq üçün hər cür imkanı var.

Tbilisi Azərbaycandan pilotsuz təyyarələr almaqda maraqlı olacaq. Biz bir vaxtlar İsrail ilə bu sahədə əməkdaşlıq edirdik, amma 2008-ci il müharibəsindən sonra təəssüf ki, hər şey sona çatdı. Belə məqamda Gürcüstan-Azərbaycan-İsrail xətti üzrə üçtərəfli əməkdaşlıq tam yerinə düşərdi.
Yeri gəlmişkən, səhv etmirəmsə, 1992-1994-cü illərdə Gürcüstanda Azərbaycanın zirehli texnikaları təmir olunub. Deməli, Azərbaycanla əməkdaşlığımız sıfırdan başlamayacaq. Üstəlik, indi Azərbaycanda müdafiə sənayesi Gürcüstandan daha güclü inkişaf edib. Sizin xüsusi bir nazirliyiniz (Müdafiə Sənayesi Nazirliyi - red.) var, ancaq bizdə yoxdur.

- Qlobal iqtisadi böhran, koronavirus - bütün bunlar Gürcüstanın hərbi-sənaye kompleksinin inkişafı planlarına təsir etməyəcək?
- Bəli, təəssüf ki, Gürcüstan hərbi büdcəsinə 75 milyon lari (təqribən 41,8 milyon AZN - red.) sekvestr tətbiq etmək məcburiyyətində qaldı. Lakin bizim qarşılıqlı əməkdaşlığımız elə məhz problemlərin həllinə kömək edəcək. Gürcüstan və Azərbaycan arasında birgə əməkdaşlıq, həmçinin, ixrac üçün silah tədarükü ölkələrimizə valyuta qazancı gətirəcək. Bundan istifadə etmək lazımdır.

- Bəs bəzi qonşu ölkələr Azərbaycan və Gürcüstan arasındakı hərbi əməkdaşlığa necə reaksiya verəcək?
- Onların hərbi-sənaye kompleksi xətti ilə öz strateji əməkdaşlığı var. Bizim də öz əməkdaşlığımız olacaq. Bütün dövlətlərin öz milli maraqları və xarici siyasət oriyentirləri var. Düşünürəm ki, hər hansı bir anlaşılmazlıq olmamalıdır, çünki söhbət silahlanma yarışından yox, ölkələrimizin - Gürcüstan və Azərbaycanın müdafiə sənayesi məhsullarının ixracından gedir.



Ana səhifəyə qayıt        Baxış: 2 813          Tarix: 4-07-2020, 16:10      


Paylaş: