Xəbər lenti


Livanın üç sabiq baş naziri – Təmmam Salam, Saad Hariri və Nəcib Mikati ölkə prezidenti Mişel Aunun yeni hökumət qurulması təklifindən imtina ediblər.

Avqustun 4-də Beyrutda baş vermiş dəhşətli partlayışdan sonra başlayan etiraz dalğası fonunda istefa verən baş nazir Həsən Diabdan sonra ölkədə siyasi böhran davam edir.

AZƏRTAC xəbər verir ki, yeni hökumətdə daha çox yer qazanmaq uğrunda siyasi partiya və hərəkatların rəhbərləri arasında mübarizə davam edir. Korrupsiya ilə əlaqədar yeni faktların üzə çıxdığı bir şəraitdə “Hizbullah” hərəkatı və onun tərəfdarları ilə sünni, habelə xristian siyasətçilərin ixtilafları isə açıq müstəviyə keçməkdədir.

Bu gərginlik Livan cəmiyyətinə də sirayət edir. Belə ki, Beyrutda Aşura günü öncəsi divarlara plakat asmaq istəyən şiə gənclərlə sünnilər arasında baş verən silahlı atışma nəticəsində 2 nəfər həyatını itirib. İnsidentin baş verdiyi əraziyə təhlükəsizlik qüvvələri cəlb olunub.

Avqustun 31-də Livan prezidentinin iştirakı ilə parlamentdə yeni hökumətin formalaşdırılması barədə müzakirələr aparılacaq. Proqressiv Sosialist Partiyasının lideri Valid Camblat bildirib ki, qanunverici orqanda köhnə koalisiya şərtlərini yerinə yetirmək mümkün olmayacaq. Onun sözlərinə görə, artıq siyasi partiyalar arasında etimad yoxdur və müzakirələr nəticəsiz ola bilər.

Sentyabrın 1-də Livana yenidən səfər edəcək Fransa prezidenti Emmanuel Makronun yerli siyasətçilər arasında konsensusun əldə olunmasına çalışacağı da bildirilir.




Ana səhifəyə qayıt        Baxış: 3 059          Tarix: 29-08-2020, 20:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma