Xəbər lenti
Moskvanın Basmannı məhkəməsi şəhər şurasının iki üzvünü koronavirus qadağalarını pozduğuna görə ev dustağı edib. Onların Moskva sakinlərini müxalifətçi Aleksey Navalnıya dəstək üçün icazəsiz aksiyalara çağırdığı bildirilir. Məhkəmə Konstantin Yankauskas və Dmitri Baranovski barədə hökmü fevralın 9-da çıxarıb. Daha öncə isə başqa bir deputat Lyusya Şteyn haqda hökm verilmişdi.

Deputatlar hələlik açıqlama verməyiblər. Amma Moskva Şəhər Dumasının müxalifətdən olan üzvü Mixail Tumonov bu addımı vətəndaş hüquq və azadlıqlarına hücum adlandırıb.
Deputatlar daxil Navalnının 10 tərəfdarı və müttəfiqi saxlanıb.

O, yanvarın 17-də Berlindən Moskvaya qayıdarkən saxlanıb. Navalnının qardaşı Oleq Navalnı, rəhbəri olduğu fondun hüquqşünası Lyubov Sobol, sözçüsü Kira Yarmış da saxlananlar sırasındadır. Onların çoxu ev dustağı edilib, pandemiya zamanı sanitar-epidemioloji qaydaları pozduqları bildirilir. Təqsirli bilinsələr, hərəsi iki ilədək həbsə məhkum edilə bilər.
Fevralın 8-də Moskvadakı Memorial İnsan Haqları Mərkəzi bu qrupu siyasi məhbuslar kimi tanıyıb.

Bir gün öncə isə 100-dən artıq rusiyalı aktyor, rejissor, yazıçı, musiqiçi, şair və alim açıq məktub yazaraq Navalnının həbsinə, son həftələr onun tərəfdarlarının kütləvi həbsinə etiraz ediblər.

Xatırladaq ki, 44 yaşlı Navalnı ötən avqustda Sibirdə zəhərlənib, sonradan müalicə üçün Almaniyaya aparılıb. Onun sinir qazıyla zəhərləndiyini bir neçə laboratoriya təsdiqləyib. Müxalifətçi bunun arxasında Rusiya Prezidenti Vladimir Putinin dayandığını desə də, Kreml təkzib edir. Yanvarın 23-də və 31-də Rusiyanın 100-dən artıq şəhərində Navalnının həbsinə etiraz aksiyaları keçirilib, 10 mindən çox etirazçı saxlanıb.

Fevralın 2-də məhkəmə Navalnını mənimsəmə ittihamı üzrə şərti cəzanın şərtlərini pozmaqda təqsirli bilib. O, 2 il 8 ay həbs cəzası çəkəcək. Məhkəmənin qərarı ölkə boyunca kütləvi etirazlara səbəb olub, polis onları zorakılıqla dağıdıb. Həmin gün ümumilikdə 1400-dən çox etirazçı saxlanıb. (Azadlıq radiosu)



Ana səhifəyə qayıt        Baxış: 2 668          Tarix: 10-02-2021, 16:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma