Xəbər lenti


Almaniyada bu ilin sentyabr ayında keçiriləcək Bundestaq seçkilərindən sonra İttifaq 90/Yaşıllar partiyasının kanslerliyə namizədi bəlli olub.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu partiyanın həmsədri Annalena Berbok ola bilər.

“Deutsche Welle” saytının yazdığına əsasən, A.Berbokun partiyası son rəy sorğularında inamla ikinci sıranı tutmaqda davam edir.
Partiya hakim XDB/XSB blokundan sadəcə 3-5% geri qalır. Bununla da “Yaşıllar” son 40 ildə ilk dəfə ölkənin ən yüksək postuna namizəd irəli sürmək haqqını qazanıblar.

Annalena Berbokun partiyadaxili rəqibi Robert Habek olub. Hər ikisi 2018-ci ildən bu yana təşkilata həmsədr olaraq rəhbərlik edirlər. Onların başçılığı altında “Yaşıllar”ın nüfuzu bu dövr ərzində 8,9%-dən 22-23%-ə yüksəlib. “Yaşıllar” faktiki olaraq sosial-demokratları sıxışdıraraq Almaniyanın mərkəz solununun liderinə çevriliblər.

Xanım Berbok 2005-ci ildən həmin partiyanın üzvüdür. Bu vaxta qədər o, Avropa siyasəti ilə məşğul olub, habelə ailəsi ilə birlikdə yaşadığı Brandenburq əyalətində bələdiyyə başqanı vəzifəsini həyata keçirib.

Annalena Berbok Rusiyanın qatı əleyhdarlarından hesab olunur və Ukraynaya kömək göstərilməsinin qızğın tərəfdarlarından sayılır. O, “Şimal axını-2” layihəsinin sərt tənqidçilərindən biridir. Alman liderin fikrincə, bu boru kəməri avropalıların geostrateji maraqlarına zərbə vurmaqla yanaşı Ukraynanın əleyhinə yönəlib. Annalena Berbok bu səbəbdən Rusiyaya qarşı ən sərt sanksiyaların tətbiq olunmasının gərəkdiyini hər zaman dilə gətirir.



Ana səhifəyə qayıt        Baxış: 3 336          Tarix: 19-04-2021, 19:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma