Xəbər lenti

 
Fələstindəki gərginliklə əlaqədar maraqlı mülahizələr irəli sürülür.
 
Ovqat.com xəbər verir ki, hadisələri şərh edən bəzi Yaxın Şərq mütəxəssisləri gərginlikdə Benjamin Netahyahunun barmağı ola biləcəyi ehtimalını irəli sürürlər.
 
Bu mülahizəyə görə, son parlament seçkilərində Netanyahunun partiyası Likud ən çox səs toplamasına baxmayaraq, bu, təkbaşına hökumət qurmaq üçün yetərli olmayıb. Çünki 120 millət vəkilindən təşəkkül tapan İsrail parlamentindən hökumət çıxarmaq üçün ən azı 61 deputatın səsini qazanmalısan. Likud isə cəmi 31 millət vəkili ilə parlamentin ən çox səs toplayan partiyası olub.
 
Dərd burasındadır ki, onun seçkilərdə dəstəklədiyi blok koalisiya quracaq sayda deputat çıxara bilməyib. Lukidin rəhbərliyi altında toplanacaq Şas, Birləşmiş Tövrat, Yamina və Dini Sionizmin ümumi yerlərinin cəmi 59-u qazanıb. 
 
Netanyahu əleyhinə olan partiyaların (Yesh Atid (Gələcək var), Mavi-Ağ, İşçi Partiyası, İsrail Evimiz, Yeni Ümid və Meretz) yerlərinin sayı koalisiya qurmaq üçün daha şanslı görünsə də, bu ehtimalın qarşısında bəzi maneələr dayanırdı. Əsas əngəllərdən biri kimin baş nazir olacağına dair qeyri-müəyyənlik idi. Digər problem isə Yamina partiyasını Netanyahudan qoparıb ona qarşı formalaşan koalisiyaya cəlb etməkdi. Hərçənd ki, Yamina hər iki koalisiyaya eyni məsafədə dayandığından bu problemi həll etmək o qədər də müşkül görünmürdü. Yesh Atidin qarşısında dayanan başlıca problem İsrail vətəndaşı olan Fələstinliləri təmsil edən Birləşmiş Ərəb Siyahısı Blokunun və Raamın bu koalisiyaya qatılmaması ehtimalı ilə bağlı idi. 
 
Bildirildiyinə görə, Benjamin Netanyahu ona verilən müddət ərzində hökumət qura bilmədikdən sonra İsrail prezidenti bu səlahiyyəti Yesh Atid (Gələcək Var) Lideri Yair Lapidə həvalə etmiş, o da Yaminanın sədri Naftali Bennettlə birlikdə digər partiyalarla danışıqlara başlamışdı. Sonunda Mahmud Abbasın rəhbərlik etdiyi Raam partiyasının da koalisiyaya qoşulmağa qərar verməsi ilə bu məsələ həllini tapmışdı. 
 
Şərqi Qüdsdə böhran da elə bundan sonra - Yair Lapid və Naftali Bennettin koalisiya hökuməti qurmaq qərarını prezidentə təqdim edəcəyi gün çıxdı. Bu vəziyyətdə Raam partiyasının lideri Mahmud Abbasın koalisiyaya qoşulmaq ehtimalı ortadan qalxır. Əks halda hadisələrin yatırılması üçün sərt tədbirlərə əl atmaq məcburiyyətində qalacaq yeni hökumətdə Mahmud Abbas və digər ərəb əsilli deputatların yer alması onların milli dəyərlərə xəyanəti kimi qiymətləndirilər.
 
Bəzi təsdiqlənməyən iddialara görə, Mahmud Abbas artıq yəhudi koalisiyasında yer ala bilməyəcəyini açıqlayıb. Qısası, Netanyahunun iradəsindən kənarda formalaşacağı planlaşdırılan koalisiya hökuməti indidən ölü doğulmuş sayıla bilər. 
 
İddia olunur ki, Netanyahu Qüdsdə gərginliyin artmasında maraqlı olub və öz planını yaxın köməkçisi, Qüdsə yeni təyin olunmuş polis komissarı Yaakov Şabtaininin və İctimai Təhlükəsizlik Naziri Amir Ohananın vasitəçiliyi ilə  həyata keçirib.


Ana səhifəyə qayıt        Baxış: 5 603          Tarix: 11-05-2021, 20:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma