Xəbər lenti

Avropa aviaşirkətləri bir-brinin ardınca Belarusun hava məkanından uçuşları dayandırır. Artıq "Air France", "Finnair", "Singapore Airlines" mayın 25-dən Belarus üzərindən uçuşları dayandırıblar.

Bir gün öncə Avropa Birliyi liderləri blokun aviasiya sənayesini bu şərqi Avropa ölkəsinin səmasına girməməyə çağırıb, Belarus şirkətlərinin AB-nin hava məkanından və aeroportlarından istifadəsinin də dayandırılacağını bildirib.

Xatırladaq ki, mayın 23-də Yunanıstandan Litvaya uçan “Ryanair” təyyarəsi zorla Minskə endirilib. Təyyarədə olan belaruslu jurnalist və müxalifət fəalı Roman Prataseviç və sevgilisi saxlanıblar. AB-nin bızi liderləri insidenti dövlət səviyyəsində təyyarə qaçırma adlandırıblar.

Ukrayna hökuməti bildirib ki, mayın 26-dan ölkənin hava şirkətlərinin Belarus səmasından tranzitinə icazə verilməyəcək, Belarusdan uçuşlar da dayandırılacaq. “Air France” bəyanatında bildirib ki, AB-nin sammitinin nəticələrini nəzərə alıb və əlavə məlumat verilənədək Belarus üzərindən uçuşları dayandırıb.

Artıq havada olan təyyarələrin uçuş planları isə dəyişdiriləcək, “Air France-KLM”in tərkibində olan Fransa şirkəti bildirib. Şirkətin Niderlanddakı tərəfdaşı KLM mayın 24-dən Belarus üzərindən uçuşları dayandırıb.

“Singapore Airlines” da uçuş marşrutlarına dəyişiklik olunduğunu, Avropa reyslərinin Belarusun hava məkanından yan keçəcəyini açıqlayıb.
“Müştərilərimizin və heyətin təhlükəsizliyi bizim üçün prioritetdir”, – şirkətin sözçüsü “Frans Pres”ə deyib.
“Finnair” marşrutların dəyişdirilməsi planının həftədə üç reysə təsir göstərəcəyini bildirib. Skandinaviyanın "SAS", Almaniyanın “Lufthanza”, Latviyada yerləşən regional "airBaltic" şirkəti mayın 24-də oxşar bəyanatlar veriblər.

Litva mayın 24-də bildirib ki, Belarusun hava məkanından keçən istənilən uçuşa icazə verməyəcək. Britaniya da öz təyyarələri üçün oxşar təlimat yayıb.
ABŞ Prezidenti Co Bayden Belarusun kommersiya təyyarəsini Minskdə zorla endirməsini və müxalifət jurnalistini həbs etməsini pisləyib, bunu “azğın insident” adlandırıb, avropalı müttəfiqlərinin koordinasiyalı reaksiyası ilə üzləşəcəyini deyib. Bayden bəyanatında bu insidentin beynəlxalq normalarla birbaşa ziddiyyət təşkil etdiyini deyib.

“Avropa Birliyinin hədəfli iqtisadi sanksiyalara və digər tədbirlərə çağırması xəbərini alqışlayıram. Komandamdan xahiş etmişəm ki, Avropa Birliyi, digər müttəfiqlər və tərəfdaşlar, beynəlxalq təşkilatlarla birlikdə işləyərək günahkarların məsuliyyətə cəlb olunmasından ötrü müvafiq variantlar hazırlasınlar”, – Bayden deyib.

Bu bəyanatdan bir neçə saat öncə isə AB liderləri Belarusa yeni iqtisadi sanksiyaları razılaşdırıblar, blokun hava şirkətlərini bu ölkənin hava məkanından yayınmağa çağırıblar. Eyni zamanda Belarus şirkətlərinin AB-nin hava məkanı və aeroportlarından istifadəsi yasaqlanacaq.
"AzPolitika.info"



Ana səhifəyə qayıt        Baxış: 4 161          Tarix: 25-05-2021, 16:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma