Xəbər lenti

 
 
Qara dənizdə Rusiyanın kəskin qarşı çıxdığı "Sea Breeze 2021" (Dəniz yeli 2021) adlı hərbi təlimləri başladı.
 
Ovqat.com-un məlumatına görə, ABŞ rəhbərliyi altında keçirilən təlimlərə aralarında əksər NATO üzvlərinin də yer aldığı 32 ölkə qatılıb.
 
5 min hərbi qulluqçunun iştirakı ilə keçirilən "Sea Breeze 2021" təlimində 32 gəmi və 40 təyyarə döyüş qabiliyyətini nümayiş etdirəcək. Rusiya-NATO qüvvələri arasında ciddi sürtüşmələrlə keçəcəyi gözlənilən hərbi təlimlərin iki həftə davam etməsi planlaşlaşdırılıb. 
 
"Sea Breeze 2021" təlimi 1997-ci ildən bəri hər il keçirilən eyni adlı menavrlərin bu günə qədər ən böyüyüdür. Türkiyənin də iştirak etdiyi budəfəki təlim Moskva tərəfindən sərt tənqid olunub və Rusiyanın suverenlik dairəsi yaxınlığında NATO-nun planlaşdırdığı təxribat kimi qiymətləndirilib. Moskva dəfələrlə Vaşinqtonu bu təxribata getməməyə çağırıb. “Manevrin böyüklüyü və açıq təcavüzkarlığı Qara dənizdəki təhlükəsizlik tələblərinə heç bir şəkildə cavab vermir”, - Rusiya XİN-nin yaydığı bəyanatlardan birində belə deyilir. Bəyanata görə, bu təlimlərin əsas məqsədi heç də hərbi bacarıqların artırılması və ya nümayişi deyil, Ukraynaya silah və hərbi texnika gətirməkdir.


 
Qara dənizin şimal-qərbi kimi məhdud bir dairədə keçirilən təlimlərə çox sayda hərbi texnikanın və əsgərin qatılması Rusiyanı elə ciddi narahat edir ki, ilk insidentlər hələ təlimlərdən əvvəl ortaya çıxmağa başlamışdı. Ötən həftə Böyük Britaniyanın "HMS Defender" gəmisi Krım yaxınlığına qədər irəliləmiş və rus donanması tərəfindən xəbərdarlıq atəşinə məruz qalmışdı. Moskvanın sərt reaksiyasına Londonun verdiyi cavab isə sözügedən manevrlərin keçiriləcəyi qarşıdakı 2 həftə ərzində daha ciddi insidentlərin yaşanacağına dəlalət edir. Belə ki, Böyük Britaniyanın baş naziri Boris Conson Moskvanın notasına cavabında xatırlatmışdı ki, Krım Rusiyanın yox, Ukraynanın ərazi bütövlüyünə daxildir və Kraliyyət gəmiləri bundan sonra da həmin ərazilərin gediş-gəliş marşrutlarından istifadə edəcək. Consonun fikrincə, bu, Londonun beynəlxalq dəniz hüququndan irəli gələn haqqıdır və bu haqqından vaz keçmək fikrində deyil. Rusiya isə Londona xəbərdarlıq notasında bir daha ərazi sularının pozulması halında xəbərdarlıqlarına məhəl qoymayan hərbi gəmiləri vuracağını bildirmişdi. Odur ki, hərbi təlimlərin başlaması ilə Moskva-London arasındakı gərginliyin ən yüksək mərtəbəyə yüksələcəyi gözlənilir. 
 
Maraqlıdır ki, Qara dənizdə "Sea Breeze 2021" təlimləri başlayar-başlamaz həyəcanları artıran bir başqa xəbər Londondan gəldi. Məlumatlara görə, paytaxtın mərkəzində  “Elephant and Castle” metro-stansiyasında güclü partlayış baş verib və ilkin məlumatlarda hadisənin terror aktı olması ehtimalı istisna olunmur. Bu terror aktında istintaqının izlərinin haralara qədər uzanacağı bəlli deyil, amma şübhəlilərin arxasından Moskvadan idarə olunan təxribatçıların çıxma ehtimalı da ağırlıq qazana bilər.




 
Qısası böyük gərginliklərlə keçəcəyi istisna olunmayan “Sea Breeze 2021" təlimlərinin Qara dənizin geosiyasi mənzərəsini tamamilə dəyişə biləcəyi gözlənilir.




Ana səhifəyə qayıt        Baxış: 5 856          Tarix: 28-06-2021, 18:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma