Xəbər lenti

Taliban gəldi, ABŞ geri çəkildi. Bəs indi nə olacaq? Bütün dünya bu suala cavab axtarır.

Axar.az xəbər verir ki, bunu türkiyəli tanınmış jurnalist Taha Dağlı deyib.
Onun sözlərinə görə, Qərb üçün bəzi ölkələr laboratoriyadır:

"Məsələn, Livan. Bu ölkə strateji baxımdan çox önəmli, lakin kasıb ölkədir. İllərdir təcrübələr aparılır. Bu ölkədə vətəndaş müharibəsi, daxili qarşıdurmalar, məzhəb savaşları, onlarla fərqli etnik qruplar arasında tez-tez parçalanmalara səbəb olan hadisələr, terror təşkilatları, iqtisadi, siyasi böhranlar, Beyrut partlayışı kimi hələ də tam olaraq anlaşılmayan hadisələr baş verir.

Əfqanıstan da strateji baxımdan bütün dünya üçün çox əhəmiyyətlidir. Şərqlə Qərb arasındakı ticarət yolunun əsas nöqtəsi, ABŞ, Rusiya, Çin, Britaniya başda olmaqla, onlarla ölkə üçün məna kəsb edir. Əfqanıstan həm də bir laboratoriyadır. Vətəndaş müharibələri, işğal, münaqişələr, siyasi böhranlar, terror təşkilatları və s. 40 ildir Əfqanıstan belədir.
ABŞ-ın 20 illik işğal dövründə Əfqanıstanın laboratoriya olaraq necə istifadə edildiyinə dair iki konkret nümunə var:

Bunlardan biri avstraliyalı əsgərlərin Əfqanıstanda törədikləri dəhşətli qırğındır. Avstraliya əsgərləri əsir götürdükləri 39 mülki şəxsi öldürdülər. Bu hadisə ortaya çıxdı, əsgərlər və komandirləri özlərini müdafiə etdilər, deyildi ki, bu əsgərlər təcrübəsiz idi, qan görməyə dözə bilmirdilər, buna alışmaq üçün 39 nəfəri öldürdülər. Bu, Avstraliya ordusunun rəsmi etirafı idi.

2008-ci ildə İsveç yeni hazırlanan döyüş təyyarələrinin bombardman qabiliyyətini ölçmək üçün Əfqanıstanı sınaq sahəsi olaraq istifadə etməyə çalışdı. Bu qalmaqal "Vikiliks" qeydlərində də yer alır”.

T. Dağlı qeyd edib ki, ABŞ 20 illik işğal dövründə Əfqanıstana 83 milyard dollarlıq silah verib:
“ABŞ geri çəkildi, indi sual olunur, o silahların aqibəti necə olacaq? Hər şeydən əvvəl ABŞ bu silahların pulunu narkotik və ya digər qaçaqmalçılıq yolu ilə əldə edilən gəlirdən daha çox Əfqanıstan rəhbərliyindən aldı. Buna heç bir şübhə yoxdur. Beləliklə, ABŞ-ın pul itkisi yoxdur.

Taliban Əfqanıstan ordusuna satılan silahların bir hissəsini ələ keçirdi. Hətta ABŞ silahları ilə paradlar da etdi. Tezliklə görəcəyik ki, qalan silahlar da ya Taliban, ya da digər təşkilatlar tərəfindən ələ keçiriləcək.

İllərdir Əfqanıstanı laboratoriya olaraq istifadə edən qüvvələr geridə qoyduqları silahları kimin alacağını və bu silahlarla nə ediləcəyini hesablaya bilməzlər. Əfqanıstanda nə baş verdiyini heç kim dəqiq bilmir. Ancaq 20 illik filmə fasilə verildiyi dəqiqdir. İndi kartlar yenidən qarışdırılır. Filmin ikinci hissəsinə baxacağıq. Bəlkə vətəndaş müharibəsi ilə, bəlkə də yeni terror təşkilatları, regional hakimiyyət müharibələri ilə.

Bu, mütləq olacaq. Əfqanıstan ABŞ-ın "bizdən bu qədər" deyib, geriyə baxmadan gedən, Çin, Rusiya və İranın əlinə verəcəyi bir yer deyil".


Ana səhifəyə qayıt        Baxış: 2 937          Tarix: 24-08-2021, 13:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma