Xəbər lenti

Belarus gələn ilin fevralınadək yeni konstitusiya üzrə referendum keçirəcək. Bunu ölkə Prezidenti Aleksandr Lukaşenko bəyan edib. 

Lukaşenko sentyabrın 28-də Konstitusiya Komissiyasının iclasında bir daha vəd edib ki, müxalifətin hakimiyyətə gəlməsinə icazə verilməyəcək, çünki onlar ölkəni dağıdarlar.
“Dəyişikliklərin məqsədi konstitusiyanı daha harmonik və balanslı etmək, prezident, parlament və hökumət arasında hakimiyyəti yenidən bölüşdürmək, Ümum-Belarus Xalq Məclisinin konstitusion statusunu bərqərar etməkdir”, – Lukaşenko deyib. Ancaq o, konstitusiya layihəsinin detalları, Ümum-Belarus Xalq Məclisinin rolu haqda danışmayıb.

İndiki formatda məclis hakimiyyətə sadiq şəxslərin periodik toplantısıdır, qanunvericiliklə idarəedici statusu yoxdur. Ölkədə hökumətin qərarlarını avtomatik təsdiqləyən parlament də mövcuddur.

Lukaşenkonun rəqibləri konstitusiyanın yenidən yazılmasının onun hakimiyyətdə qalmasına kömək məqsədi daşıdığını deyirlər. Lukaşenko 2020-ci il avqust seçkisinin qalibi elan olunsa da, onu nə müxalifət, nə də Qərb tanıyıb. Ekspertlər real dəyişikliklərin olacağına şübhə edirlər.

“Lukaşenko sistemi dəyişmək istəmir. O, rejimin qalmasını istəyir, indiki liderlər də kimin hakimiyyətdə olmasına qərar verəcək”, – müstəqil təhlilçi Aleksandr Klaskouski "Azadlıq" radiosuna deyib. “Təbii ki, yalnız indiki hökumətin sadiq tərəfdarlarına süzgəcdən keçməyə icazə veriləcək”, – o, sözlərinə əlavə edib.

"AzPolitika.info"



Ana səhifəyə qayıt        Baxış: 2 832          Tarix: 29-09-2021, 12:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma