Xəbər lenti

 
Ukrayna-Rusiya gərginliyi BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılacaq.
 
Ovqat.com-un məlumatına görə, toplantı fevralın 18-də keçiriləcək.
 
Məsələnin BMT TŞ-da müzakirəyə çıxarılması təklifi ABŞ tərəfindən irəli sürülüb. Ölkənin qurumdakı təmsilçisi Linda Tomas-Qrinfild tərəfindən irəli sürülən təklif Rusiyanın ciddi etirazına səbəb olmuşdu. Rusiyanın BMT-dəki səfirinin müavini Dmitri Polyanski sosial şəbəkədə ABŞ-ın təşəbbüsünə qəzəblə cavab vermişdi. 
 
"BMT Təhlükəsizlik Şurası üzvünün başqa bir üzv barədə beynəlxalq nizamı təhdid kimi əsassız iddia və ittihamlarla təqdim etdiyi təklifin başqa bir nümunəsini xatırlamıram", - Polyanskinin sosial şəbəkələrdə yaydığı bəyantında belə deyilir. Rus diplomat bu vəziyyəti “BMT Təhlükəsizlik Şurası adına utancverici hadisə və ABŞ-ın öz marketinq taktikası” kimi qiymətləndirərək şuranın digər üzvlərinin təklifi dəstəkləməyəcəyinə ümid etdiyini vurğulamışdı. 
 
Rusiyanın bu “utancverici hadisə”nin qarşısını almaq üçün 15 şura üzvündən 9-nun dəstəyinə ehtiyacı vardı. Görünən budur ki, Moskva arzu etdiyi sayda üzvü öz ətrafına toplaya bilməyib. Xatırladaq ki, hazırda BMT Təhlükəsizlik Şurasının beş daimi və 10 müvəqqəti üzvü var. Daimi üzvlər ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransadır. Bu müddət ərzində müvəqqəti üzvlük kürsüsündə oturan ölkələr isə Albaniya, Braziliya, Qabon, Qana, Hindistan, İrlandiya, Keniya, Meksika, Norveç və Birləşmiş Ərəb Əmirlikləridir. Hansı ölkələrin Rusiyanın etirazına rədd cavabı verdiyi bilinmir, amma Çinin onu dəstəkləyəcəyi bəlli idi. Bunu Çinin BMT-dəki səfiri Zhang Jun rəsmən bəyan etmişdi. O, ölkəsinin Rusiya əleyhinə iclas keçirməməkdə Moskvanın yanında olduğuna diqqət çəkərək demişdi: "Hər iki tərəf danışıqları davam etdirməyə hazırdır. Qoy onlar öz fikir ayrılıqlarını dialoq və danışıqlar yolu ilə həll etsinlər". Rusiyanın müharibə niyyətinin olmadığını açıq şəkildə ifadə etdiyini xatırladan Çin səfiri Təhlükəsizlik Şurasının atəşi alovlandırmaqdansa, vəziyyəti sakitləşdirməyə kömək etməli olduğunu vurğulamışdı.
 
Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev də Qərb ölkələrinin işğalla bağlı xəbərdarlıqlarını rədd edərək, bildirmişdi: "Deyirlər, Rusiya Ukraynanı təhdid edir. Bu, tamamilə gülüncdür. Biz müharibə istəmirik, bizə müharibə lazım deyil".


Linda Tomas-Qrinfild
 
ABŞ isə öz israrından əl çəkməmiş, bu gün təklifini BMT TŞ qarşısında qaldırmışdı. Səfir Linda Tomas-Qrinfild ABŞ-ın mövqeyini bununla əsaslandırmışdı ki, Ukrayna sərhədində 100 min əsgər və hərbi texnika toplayan Rusiyanın bu addımı beynəlxalq sülh və təhlükəsizliyə və BMT Nizamnaməsinə açıq təhdiddir. Onun fikrincə, Rusiya Ukraynaya təcavüz edərsə, bu addımın Avropa üçün yaradacağı təhlükələr, habelə beynəlxalq nizamın fundamental öhdəlikləri və prinsipləri şura üzvləri tərəfindən hərtərəfli qiymətləndirilməlidir.
 
Biz Rusiyanı dinləmək üçün toplantı zalına gedəcəyik, lakin onların təbliğatına diqqətimizi yayındırmayacağıq”, - deyə ABŞ səfiri əlavə etmişdi.
 
Beləcə, 18 gündən sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında ABŞ-ın tələbi ilə keçiriləcək iclasda ilk dəfə olaraq indiyədək başqalarının hərəkətlərinə qiymət verən Rusiyanın öz məsələsi müzakirəyə çıxarılacaq. BMT Nizamnaməsinə görə, sadəcə daimi üzvlərdən birinin vetosu bu müzakirələrdən hər hansı qərarın çıxmasını əngəlləyir və Rusiyanın öz əleyhinə səs verməsi mümkün deyil. Odur ki, taplantından hər hansı konkret qərarların çıxması gözlənilmir. Fəqət Rusiyanın taleyinin BMT TŞ-da müzakirə olunmasının mövcud dünya düzəninin tamamilə sıradan çıxmasına işarədir və yəqin ki, bu müzakirələr sonunda o cür də nəticələnəcək. Bu mənada BMT TŞ-nın 18 fevralda keçiriləcək toplantısı Rusiyasız və Çinsiz yeni dünya düzəninin qurulması istiqamətində ilk addım kimi tarixə düşə bilər.


Ana səhifəyə qayıt        Baxış: 6 517          Tarix: 31-01-2022, 20:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma