Xəbər lenti

Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk işlək vəziyyətdə olmayan Çernobıl AES-i tutmuş Rusiya qüvvələrini ərazidən çıxmağa çağırıb. Bundan öncə Ukrayna silahlı qüvvələri stansiyada sursatın partlama təhlükəsi haqda xəbərdarlıq edib.

“BMT-nin Təhlükəsizlik Şurasından Çernobılda qorunan zonanın demilitarizasiyası ilə bağlı təcili tədbirlər görməyi, nüvə fəlakətinin təkrarlanması riskinin aradan qaldırılması üçün xüsusi BMT missiyası yaratmağı tələb edirik”, – Vereşçuk martın 30-da "Telegram" sosial media platformasında paylaşdığı videoda deyib.

Vereşçukun sözlərinə görə, Ukrayna martın 29-da İstanbul danışıqlarda Rusiyadan xahiş edib ki, ölkənin ən çox zərbə görmüş şəhərləri, kəndlərindən 97 humanitar dəhlizin açılmasına imkan versin.

Rusiya qüvvələri fevralın 24-də Çernobılı ələ keçirsələr də, obyekti ukraynalılar idarə edir. Martın 29-da Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) başçısı Rafael Qrossi hökumət rəsmiləri ilə danışıqlardan ötrü Ukraynaya səfər edib. Danışıqlarda Rusiyanın davam edən işğalı fonunda Ukraynanın nüvə obyektlərinin təhlükəsizliyinin təminatı üçün təcili texniki yardımın göstərilməsi müzakirə edilir.

“Əlavə vaxt itirə bilmərik. Bu münaqişə təsəvvürəgəlməz insan əziyyəti və dağıntılara səbəb olur. Bunun həm də nüvə qəzasına səbəb olmaması üçün BAEA-nın təcrübə və qabiliyyətinə ehtiyac var”, – Qrossi bəyanatında deyib.

"AzPolitika.info"



Ana səhifəyə qayıt        Baxış: 3 124          Tarix: 30-03-2022, 13:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma