Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları Xarkov şəhərində İŞİD terror qruplaşmasının iki üzvünü saxlayıb.
Publika.az xəbər verir ki, bu haqda yerli “NewsRoom” nəşri yazıb.
Hadisə “Karvan” ticarət mərkəzinin avtodayanacağında dünən saat 19:30 radələrində baş verib. Hadisə şahidləri deyirlər ki, mülki geyimdə olan iki vətəndaş biri qeyri-slavyan görünüşünə malik iki nəfərə yaxınlaşaraq onlardan uzanmağı tələb edib.
“Bundan sonra saqqalı şəxs avtomobilin yük yerinə atıldı və ikinci qaçmağa başladı. Saqqallı bir müddət sonra maşından düşdü. Atəş səsləri eşidildi və qaçan şəxs yıxıldı”, - şahidlərdən biri danışıb.
İlkin informasiyaya görə, güllə qaçan İŞİD üzvünün ayağına dəyib və həyatı üçün heç bir təhlükə yoxdur.
Hadisə yerində olan hüquq-mühafizə orqanlarının əməkdaşları xüsusi əməliyyat nəticəsində iki İŞİD terrorçusunu saxlanılıb. Nəşrin hüquq-mühafizə orqanlarındakı mənbələri də həmin informasiyanı təsdiq edib.
Öz növbəsində, Ukrayna Təhlükəsizlik Xidmətinin Xarkov vilayəti üzrə idarəsinin mətbuat mərkəzinin rəhbəri Vladislav Abdul bildirib ki, saxlanılanlardan biri beynəlxalq axtarışda idi. Digər İŞİD üzvü ilə bağlı informasiya yoxlanır.
Qeyd edək ki, bu, İŞİD üzvlərinin Ukraynada olması barədə ilk xəbər deyil. Krımın "baş nazirinin müavini" Ruslan Balbek ötən gün Fransa parlamentinin üzvləri ilə görüşdə deyib ki, Krım yarımadasının şimal sərhədlərində, Ukraynanın Xerson vilayətinin cənubunda İŞİD terror təşkilatının təlim düşərgələri açılıb.
"Bizə Ukraynanın Xerson vilayətində təlim düşərgələrinin olduğu məlumdur. Düşərgələrdə İŞİD tərəfdarlarını hazırlayırlar", - o deyib.
Onun sözlərinə görə, Ukrayna ərazisində yerləşən atom elektrik stansiyaları radikallar vasitəsilə Kiyev hakimiyyətinin şantaj obyekti ola bilər: "Hansı ki, bu, həm Avropa, həm də Rusiya üçün təhlükəsizlik əsələlərini ortaya çıxarır".
Paylaş: