Xəbər lenti

Türkiyə Rusiyadan S-400 raket sistemlərinin alınması üçün 2,5 milyard dollar ödəməyə razılaşıb. Bu ilk növbədə NATO üzvü olan Türkiyənin Şimal Alyansı ilə əks cəbhədə dayanan Rusiya ilə müqavilə imzalanması, digər tərəfdən, alınan raketlərdən birinin Ermənistana tuşlanması ehtimalı kontekstində diqqət çəkir.

Publika.az xəbər verir ki, “Bloomberg”ə danışan Türkiyə hökumətindəki mənbə gələn il Rusiyadan uzaq və orta mənzilli S-400-lərin gətiriləcəyini açıqlayıb.

Onun sözlərinə görə, bundan sonra Türkiyə Rusiyadan daha iki raket sistemi alacaq.

NATO ilə gərginlik

Türkiyə hələ ötən əsrin 50-ci illərindən NATO üzvüdür. “Soyuq müharibə” dövründə Türkiyə SSRİ ilə sərhəddə yerləşən ölkə kimi strateji önəmə sahib idi. Sonrakı dövrlərdə də Türkiyə strateji baxımdan NATO üçün vazkeçilməz üzv olub. Lakin son dövrlər Ankara ilə ittifaq arasında soyuqluq müşahidə olunur. Buna səbəb Ankaranın Suriya və İraqda hərbi əməliyyatlar keçirməsi və müstəqil xarici siyasət yürütməsi, həmçinin, NATO-nun 15 iyul dövlət çevrilişi cəhdində rol oynaması kimi faktların gündəmə gəlməsi kimi hadisələrdir. İttifaqla Türkiyə arasındakı gərginliyin səbəbləri kimi bir çox məqamı da qeyd etmək olar. Lakin faktiki olaraq, bu gərginlik fonunda Türkiyənin çox güclü raket sistemi hesab olunan S-400-ləri Rusiyadan alması suallara yol açır. Şübhəsiz ki, Türkiyənin Rusiyaya üz tutmasının əsas səbəblərindən biri NATO müttəfiqlərinin heç birinin ona belə bir raket sistemi satmaq istəməməsidir. Amma ümumi mənzərədə Türkiyə-Rusiya yaxınlaşması da hiss olunur.

Strateji analiz mərkəzinin direktor müavini Konstantin Makienko qeyd edir ki, Rusiya ilə raket sazişi ABŞ və Avropanın Türkiyəni məyus etdiyinin açıq əlamətidir: “Lakin hələ konkret nəsə demək çətindir”.

Raketlər Ermənistana tuşlanır?

“Bloomberg” yazır ki, Türkiyənin bu raket sistemini Rusiyadan almasının digər səbəbi NATO-nun Ankaraya verəcəyi raket sistemləri ilə bağlı qoyduğu qadağalardır.

“NATO Türkiyəyə raket sistemləri verərkən, onların Yunanıstan və Ermənistan sərhədlərinə yerlədirilməsinə qadağa qoyur. Rusiya ilə razılaşmada isə Türkiyənin bu sistemlərdən istədiyi yerdə istifadə etmək hüququ qeyd olunur”, - deyə nəşr yazır.

Bu o deməkdir ki, Türkiyə Rusiyadan alacağı raket sistemlərindən birini Ermənistanla sərhədə yerləşdirə bilər.




Ana səhifəyə qayıt        Baxış: 1 021          Tarix: 17-07-2017, 14:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma