Xəbər lenti

  

Sabah Soçidə keçirilməsi gözlənilən Türkiyə və Rusiya prezidentlərinin görüşündə müzakirəyə çıxarılacaq məsələlərdən biri də hərbi-texniki əməkdaşlıq perspektivləri olacaq.

Ovqat.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitriy Peskov jurnalistlərə açıqlamasında bildirib.

Son ilyarım müddətində 5-ci dəfə bir araya gələcək olan iki liderin bu görüşü NATO qüvvələri tərəfindən də diqqətli izlənilir. Bunun başlıca səbəblərindən biri də Türkiyənin Rusiyadan S-400 tipli hava hücumlarından müdafiə sistemləri almaq istəməsidir. Çindən və ya Rusiyadan müdafiə sistemləri almağı NATO standarlarına uyğun görməyən Alyans üzvləri isə Ankaranın bu addımına birmənalı yanaşmır. Xüsusilə ABŞ rəhbərləri Türkiyənin bu niyyətini ciddi qəbul etmir, “blef” kimi qiymətləndirirlər. Əslində Ankaranın S-400 müdafiə sistemləriylə bağlı tərəddüdlü mövqeyi də bu cür dəyərləndirməyə haqq qazandırır.

Sual oluna bilər: Ankara S-400-ləri alıb-almamaqda niyə bu qədər tərəddüd edir?

Zənnimizcə, bu tərəddüd Türkiyənin hərbi ehtiyacları ilə onun NATO-dakı müttəfiqlərinin qeyri-səmimiliyindən doğur. Belə ki, öz havadan müdafiə gücünü inkişaf etdirmək istəyən Türkiyə bu məqsədlə öz hərbi-raket sənayesini gücləndirməyə çalışır. Onun bu strategiyasını reallaşdırmaq üçün texniki dəstəyinə ümid bağladığı və ilk üz tutduğu NATO qüvvələri isə qardaş ölkənin özünə lazım olan hərbi texnikalarını istehsal etməsinə isti baxmırlar. Ankaranı indiyədək NATO çərçivəsində qoruyacaqlarını vəd edərək, sözügedən hərbi-strateji addımdan yayındırmağa çalışıblar.

Di gəl ki, Rusiya ilə təyyarə böhranı çıxanda NATO-dakı müttəfiqlərinin dar ayaqda bu sözlərinin arxasında dayanmayacaqları da ortaya çıxdı. Türkiyədə yerləşdirilmiş müttəfiqlərə aid “Patriot” raket qurğuları dərhal bu ölkədən çıxarıldı və Ankara Rusiya qarşısında tam müdafiəsiz qaldı. Qardaş ölkə bu çatışmazlığını həll etmək üçün istər-istəməz Rusiya ilə yaxınlaşmalı, onun texniki imkan və təcrübələrindən faydalanaraq, özünəməxsus hərbi sənayesini yaratmalı idi.

Qeyd edək ki, Türkiyənin Rusiyadan raketdən müdafiə sistemləri almaq istəməsi heç də şimal qonşusuna aşırı məhəbbətdən irəli gəlmir. Necə ki, Ankara 2004-cü ildə eyni proyekti Çinlə həyata keçirmək istəyirdi. Bunun üçün büdcəsindən 4 milyard dollar vəsait ayıran qardaş ölkənin texniki avadanlıqların 50%-ni yerli məhsullardan istifadə etmək şərtiylə Çinlə bağladığı müqavilənin ömrü isə uzun sürməmişdi. Çin hərbi sənaye məhsullarını bir NATO ölkəsinin istifadə etməsinin yolverilməzliyini bildirən Alyans rəhbərliyi bu mövqeyilə Türkiyəni faktiki iki alternativ arasında qoymuşdu: ya Çinlə həmin proyektdən imtina etmək, ya da NATO-dan kənarlaşmaq. Ətrafı 4 tərəfdən düşmənlərlə sarılmış Ankara həmin vaxt NATO-dan uzaqlaşmaq riskini gözə ala bilmədi və Çinlə xudahafizləşməli oldu.

Türkiyə ilə ABŞ arasında son zamanlar yaranan soyuqluq ötən il 15 iyul çevriliş cəhdindən sonra tamamilə qopdu. Üstəlik, Vaşinqton Suriyanın şimalında Türkiyənin ərazi bütövlüyünü təhdid edən bir qüvvəni öz himayəsi altına almışdı. Beləcə NATO-dakı müttəfiqləriylə ciddi ünsiyyət problemi yaşayan Ankara məcburən Rusiyayla yandırdığı körpüləri yenidən bərpa etdi və öz müdafiə gücünü rus silahlarıyla gücləndirmək yolunu tutdu.

Peskovun sözündən də belə çıxır ki, həmin məsələ sabah keçiriləcək Soçi görüşündə də ələ alınacaq. Türkiyənin "blef" edib-etmədiyi də məhz bu görüşün nəticəsində məlum olacaq.

Prezidentlərin bu görüşünün nəticələri Türkiyənin NATO-yla müttəfiqliyinin taleyini də gündəmə gətirə bilər. Yəni Ankara həqiqətən də S-400-lərin alınmasında səmimiyyətini ortaya qoyarsa, onun NATO-dan gələn ciddi təzyiqlərlə üzləşəcəyi istisna edilmir. Təsadüfi deyil ki, bir müddət əvvəl NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyəsiz Alyansın çox gücsüz olacağını bildirərək müttəfiqini öymüş və ona ciddi ehtiyac duyduqlarını dilə gətirmişdi. Bununla da sanki Türkiyəyə öz geopolitik əhəmiyyəti xatırladılmış və Qərbin ondan vaz keçməyəcəyi mesajı verilmişdi.

Bu "sevgi elanı"ndan bir neçə gün sonra-bu gün isə İngiltərənin məşhur media qurumlarından olan “Times” qəzeti NATO-nu Türkiyəylə bağlı mövqeyini açıq şəkildə ortaya qoymağa, demokratiya və insan azadlıqları üçün səsini yüksəltməyə çağırdı:

Ərdoğanın Qərb müttəfiqləri də onu tərk edir. İndiyədək yalnız NATO tənqidlərdən yayınıb. Ancaq artıq NATO-nun da ittifaqın qəlbində olması gərəkən azadlıq və demokratiya üçün səsini yüksəltməsinin vaxtı gəlib. "-yazan “Times”-in bu məqaləsinin Ərdoğan-Putin görüşündən sadəcə bir gün öncə dərc edilməsi də Ankaraya mesaj kimi qiymətləndirilə bilər.

Deyəsən, NATO-dan Türkiyəyə “Rusiya ilə hərbi ittifaq sayılan sənəd imzalayarsansa, bizdən ayrılarsan” mesajı verilir.

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 054          Tarix: 2-05-2017, 22:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma