Xəbər lenti
Dünən, 19:25


ABŞ Müdafiə Nazirliyi Rusiya işğalının əvvəlində ABŞ təhlükəsizlik qüvvələri tərəfindən verilən Ukraynanın sürətli məğlubiyyəti ilə bağlı proqnozlara görə yoxlama keçirmək qərarına gəlib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Beast” nazirlikdəki mənbələrə və xüsusi xidmət orqanlarının keçmiş zabitlərinə istinadən yazır

Onlar qeyd edirlər ki, səhv "demək olar ki, total olub". ABŞ-ın gözlənilən işğalı dəqiq proqnozlaşdırmasına baxmayaraq, bir çox MKİ, Pentaqon və Ağ Ev rəsmiləri Rusiyanın Ukraynanı tez bir zamanda fəth edəcəyinə əmin idilər. Onlar ciddi müqavimət və "illərlə davam edə biləcək böyük beynəlxalq münaqişəyə girəcəklərini” gözləmirdilər.

Müharibənin əvvəlində Rusiya Silahlı Qüvvələrinin tərkibində 900 minə yaxın hərbçi olubsa, Ukraynada bu rəqəm 196 min idi, lakin Rusiya ordusunun zəifliyi analitikləri təəccübləndirib. "Mən, bir çox başqa insanlar kimi, Rusiyanın hərbi imkanlarını həddən artıq yüksək qiymətləndirmişəm. Düşünürdüm ki, onlar daha yaxşı təlim keçiblər”, - ABŞ ordusunun istefada olan briqada generalı Kevin Rayan deyib.

Onun sözlərinə görə, son illərdə Rusiya müasir dəqiq idarə olunan silahlara, o cümlədən qanadlı raketlərə böyük sərmayə qoyub, lakin effektiv hücumlar həyata keçirmək üçün təlim keçmiş qoşunlara malik deyil. Rayan əlavə edir ki, o, Rusiyanın kəmiyyətdən faydalanacağını gözləyirdi, lakin bu qiymətləndirmənin səhv olduğu ortaya çıxdı.
Pentaqonun keçmiş yüksək vəzifəli rəsmisi Cefri Prays əmindir ki, kəşfiyyat ictimaiyyəti yanlış proqnozlara qörə ciddi yoxlamalara başlayıb. O qeyd edib ki, Rusiya "böyük döyüş gücünə malik olub, lakin ondan çox, çox zəif istifadə edib” və əsas problemlərdən biri hava üstünlüyünə nail ola bilməməsidir ki, nəticədə qoşunlar hücuma həssas qalıb və bir çox bölmələr məhv edilib.
ABŞ kəşfiyyatının keçmiş zabiti Süzan Ço qeyd edib ki, münaqişə başlamazdan əvvəl onun inkişafını proqnozlaşdırmaq asan deyil, çünki bu, təkcə silah və şəxsi heyət məsələsi deyil - insan faktoru mühüm rol oynayır, o cümlədən qoşunların mənəvi-psixoloji vəziyyəti, komandanlığın hərəkətləri və taktikası.

Polkovnik-leytenant Hanter Riplinin fikrincə, Rusiya qüvvələrinin yanlış qiymətləndirilməsi ABŞ-ın müdafiə qurumunda bürokratiya ilə bağlıdır. "İnsanlar adətən təkrar-təkrar eyni kəşfiyyat məlumatları ilə işləməyə laqeyd yanaşırlar. Bu, rutin hala çevrilir”, - deyə o izah edib.

Keçmiş kəşfiyyatçı Lourens Pfayfer onunla razılaşır. O qeyd edib ki, "orta statistik bürokrat öz hesablamalarında məhz mühafizəkarlığına görə mükafatlandırılacaq" ona görə də analitiklər işlərin əsl vəziyyətini əks etdirməyən məlumatlara istinadın "daha təhlükəsiz" olduğunu bildirirlər. Beləliklə, Pfayferin fikrincə, Ukrayna ilə bağlı proqnoz "Rusiyanın hərbi potensialının, həmçinin Kiyevin iradəsi və qətiyyətinin düzgün qiymətləndirilməməsinin vəhdətinə bənzəyir”.

Avqustda "Washington Post" qəzeti ABŞ kəşfiyyatının Vladimir Putinin Ukraynaya hücum planlarından hələ ötən ilin oktyabrında necə xəbər tutması ilə bağlı araşdırma dərc edib. Ağ Ev Rusiya hakimiyyətini işğaldan çəkindirməyə və eyni zamanda Avropa liderlərini müharibənin həqiqətən mümkün olduğuna inandırmağa çalışıb.

Eyni zamanda Pentaqon Ukraynanın Rusiyaya müqavimət göstərə biləcəyinə inanmayıb. Müharibə başlamazdan bir neçə həftə əvvəl ABŞ Baş Qərargahının rəhbəri general Mark Milli Kiyevin maksimum üç gün duruş gətirə biləcəyini bildirib.

Nizami Bağırov
Qaynar.info





Ana səhifəyə qayıt        Baxış: 3 747          Tarix: 29-11-2022, 11:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma