ABŞ Dövlət Departamenti bildirib ki, Vaşinqton xarici agentlər haqqında qanun ətrafında yaranmış vəziyyət fonunda Gürcüstan hökumətinin nümayəndələrinə qarşı sanksiyaların tətbiqini istisna etmir.
Xatırladaq ki, bu axşam Gürcüstanda xarici agentlər haqqında qanun layihəsi parlament tərəfindən birinci oxunuşda qəbul edildikdən sonra ölkədə etirazlar başlayıb. Parlamentin spikeri Şalva Papuaşvili bildirib ki, sənədi hakim “Gürcü arzusu” partiyası dəstəkləyib, 76 nəfər onun qəbulunun lehinə, 13 nəfər isə əleyhinə səs verib.
Qanun layihəsinin müzakirəsi Tbilisidə etirazların alovlanmasına səbəb olub. Etirazçılar ölkədə “demokratiyanın sonu”na qarşı çıxıb və təhlükəsizlik qüvvələri ilə toqquşublar.
Əksər küçələr nəqliyyat üçün bağlanıb. Deputatlar parlament binasından təxliyə edilməli olub. Parlamentə gedən etirazçıları dağıtmaq üçün xüsusi təyinatlılar su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə ediblər. Aksiya zamanı atışma baş verdiyi bildirilib.//Oxu.az
Paylaş: