“İran istəsə, bir neçə ay ərzində nüvə silahı istehsal edə bilər”.
Ovqat.com-un məlumatına görə, ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin (Baş Qərargah-Ovqat) rəisi general Mark Milley cümə axşamı Konqresə verdiyi hesabatda belə deyib.
General Milley Nümayəndələr Palatasının Müdafiə Təxsisatları üzrə Alt Komitəsinin açılış toplantısında deyib: “İran iki həftədən az müddətdə nüvə silahı üçün parçalanan material istehsal edə bilər və bundan sonra ona nüvə silahı istehsal etmək üçün faktiki yalnız bir neçə ay lazım olacaq”.
General Milley deyib ki, Birləşmiş Ştatların hərbçiləri, “İranın nə vaxtsa faktiki nüvə silahı yaratmaq qərarına gəlib-gəlməyəcəyini” analiz etmək üçün “bir neçə variant üzərində işləyirlər”.
ABŞ kəşfiyyat agentlikləri fevral ayında yaydıqları bəyanatda Tehranın indi əldə etdiyi parçalanan materialı nüvə bombasına çevirmək üçün lazım olan addımları atmadığını bildirmişdilər. Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns CBS telekanalına müsahibəsində demişdi: “Bizim bildiyimiz qədər, İranın ali rəhbərinin hələ 2003-cü ilin sonunda dayandırdığı və ya dayandırdığına inandığımız silahlanma proqramını bərpa etmək barədə qərar qəbul etməyib”.
Qeyd edək ki, BMT TŞ-nın daimi üzləri və Almaniya tərəfindən hazırlanan 2015-ci il İran nüvə sazişinin bərpası ilə bağlı danışıqlar ABŞ prezidenti Tramp dövründə dayandırılmışdı. İndiki Prezidenti Co Bayden hakimiyyətə gəldikdən sonra danışıqlar yenidən başlasa da, heç bir nəticə verməmişdi. İranın bəhanəsi ABŞ-ın etibarlı tərəf-müqabili olmaması, istənilən an yenidən danışıqlardan vaz keçəcəyi ehtimalı idi. Beləcə, danışıqlar keçən il növbəti dəfə durma nöqtəsinə gəlmişdi.
İran nüvə proqramının sırf dinc məqsədlər üçün həyata keçirdiyi bildirsə də, uranın zənginləşdirməsini 84%-ə çatdırıb. Bu isə onun məqsədinin heç də dinc olmadığından xəbər verir. Çünki istənilən dinc məqsədli nüvə proqramı üçün uranın 60%-lik zənginləşdirilməsi kifayət edir. Silah səviyyəli zənginləşdirmə həddi isə 90%-dir və İran bu həddə böyük ölçüdə yaxınlaşıb.
İranın nüvə proqramının silah istehsalına hədəfləndiyi əslində bir neçə il əvvəl bəlli idi. ABŞ rəsmiləri isə indiyədək İranın nüvə silahı yaratmaq qərarına gəlsə, onu nə qədər vaxta əldə edəcəyi ilə bağlı ictimaiyyətə açıqlama verməkdən boyun qaçırırdılar. Bununla belə, Pentaqona yaxın analitiklər hələ 3-4 il əvvəl Tehranın təxminən bir il ərzində nüvə silahı yarada biləcəyinə inandıqlarını bildirdilər.
Digər qərb rəsmiləri də bu təxminləri təkrarlayırdılar. 2020-ci ilin yanvarında Fransanın keçmiş xarici işlər naziri Jean-Yves Le Drian demişdi ki, İranın nüvə silahı yaratması 1-2 il çəkə bilər. Bəzi İsrail rəsmiləri də oxşar bəyanatlar vermişdilər. Bununla belə, ABŞ və Qərb dövlətlərinin İranın nüvə proqramı ilə bağlı yalnız sərt bəyanatlar verməklə kifayətlənməsi diqqətdən yayınmır. Görünən budur ki, Qərb ölkələri hərbi müdaxilə ilə də İranı nüvə proqramından yayındıra bilməyəcəklərini düşünürlər. Bəzi analitiklər bunun səbəbini nüvə istehsalı obyektlərinin və silah anbarlarının ABŞ raketlərinin çata bilməyəcəyi dərinlikdə yerləşməsi ilə izah edirlər.
Yaxın Şərq Araşdırmaları üzrə Crown Mərkəzinin direktoru isə İranın bu tezlikdə nüvə silahı əldə edə bilməsinə şübhə ilə yanaşır. "Şübhə yoxdur ki, İran parçalanan materiala malik olduqdan sonra nüvə silahı istehsal edə bilər, lakin məncə, onların bunu nə qədər tez edə biləcəyinə dair böyük qeyri-müəyyənliklər var”, - Obama administrasiyası dövründə Ağ Evin rəsmisi olan Gary Samore “The Wall Street Journal” nəşrinə açıqlamasında deyib.
“Biz sadəcə bilmirik ki, İran 2003-cü ildən əvvəl gördükləri tədqiqat və təkmilləşdirmə işlərini nə qədər tez yenidən işə salıb başa çatdıra bilər”, - deyə o, fikrini davam etdirib.
Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutunun baş elmi işçisi Henry Rome isə əgər deyilənlər doğrudursa, İrana hərbi müdaxilənin vaxtının yetişdiyi fikrindədir. “Əgər İranın nüvə silahı əldə etmək imkanı bir ildən çox deyil, aylar məsələsidirsə, bu, siyasətçilərə hərbi əməliyyatlar barədə qərar verərkən daha tez hərəkət etmələri üçün daha çox təzyiq göstərəcək”, - Rome eyni nəşrə açıqlamasında bildirib.
General Milleyin sözçüsü polkovnik Dave Butler Konqresə təqdim olunan hesabatı şərh etməkdən boyun qaçırıb, sadəcə "rəisin bəyanatı hər şeyi deyir”, - şəklində sualları cavablandır. O, həmçinin xatırladıb ki, Birləşmiş Ştatlar İranın nüvə silahı əldə etməsinə imkan verməmək öhdəliyi götürüb: "Biz inanırıq ki, diplomatiya bu məqsədə çatmağın ən yaxşı yoludur, lakin prezident Bayden də bəyan etmişdi ki, biz heç bir variantı masa üzərindən qaldırmamışıq".
Paylaş: