BMT Baş Assambleyasının aprelin 26-da keçirilən 77-ci sessiyası zamanı “Birləşmiş Millətlər Təşkilatı ilə Avropa Şurası arasında əməkdaşlıq” adlı qətnamə layihəsi müzakirəyə çıxarılıb. Layihədə Rusiyanın Ukraynaya, ondan əvvəl isə Gürcüstana təcavüzü pislənilib və onun Avropa Şurasından kənarlaşdırılması alqışlanıb.
Layihə Çin, Türkiyə, Qazaxıstan, Gürcüstan, İsrail, Hindistan və Braziliya da daxil olmaqla ümumilikdə 122 ölkənin lehinə səs verməsi ilə qəbul olunub. Hətta Rusiyanın ən yaxın müttəfiqi sayılan Ermənistan belə qətnamənin lehinə səs verib.
Xüsusilə Çinin Rusiyanın əleyhinə çıxarılan qətnamənin lehinə səs verməsi dünya dövlətləri tərəfindən birmənalı qarşılanmayıb. Bu zamanadək Çinin Rusiyanı dəstəkləyəcəyinə əmin olanlar onun bu mövqeyini sürpriz kimi qiymətləndiriblər.
Ovqat.com-un məlumatına görə, qətnaməyə cəmi beş dövlət qarşı çıxıb: Rusiya, Belarus, Suriya, Nikaraqua və Şimali Koreya.
Bitərəf qalanların sayı isə 18 olub və onların arasında Özbəkistan, Qırğızıstan kimi türk respublikaları da var.
Sual oluna bilər: bəs səsvermə zamanı Azərbaycan hansı mövqeyi tutub?
Mövqe bildirən dövlətlərin siyahısından belə məlum olur ki, Azərbaycan bu dəfə də özünün ənənəvi “Koroğlu diplomatiyası”nı – “igidlik 10-dur, 9-u qaçmaq, 1-i isə ümumiyyətlə gözə görünməmək” mövqeyini sərgiləyib. Yəni toplantıda ümumiyyətlə iştirak etməyib.
Maraqlıdır ki, ölkəmizin dünya diplomatiyasına gətirdiyi bu yenilik artıq bir çox dövlətlərin də diqqətini cəlb edib və Azərbaycan bu sahədə tək qalmayıb. Siyahıdan belə anlaşılır ki, bizimlə yanaşı Mozambik, Nambiya, Çad, Haiti, Bahama adaları, Konqo kimi 46 dövlət də “Koroğlu diplomatiyası”na üstünlük verib və ağrımayan başına dəsmal bağlamaq istəməyib. Hətta qardaş Türkmənistan da bizə qoşulub.
Böyük səs çoxluğu ilə qəbul edilən sənədin mətni BMT-nin rəsmi saytında dərc olunub. Mətndə bildirilir:
“Bu gün Rusiyanın Ukraynaya və ondan əvvəl Gürcüstana təcavüzündən sonra Avropanın üzləşdiyi görünməmiş çağırışlar və Rusiyanın Avropa Şurasındakı üzvlüyünə xitam verilməsi, xüsusilə hər hansı bir dövlətin suverenliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliyinə hörmət əsasında sülh və təhlükəsizliyin tezliklə bərpası və qorunması məqsədilə BMT və Avropa Şurası arasında əməkdaşlığın gücləndirilməsini tələb edir. Hərbi əməliyyatlar zamanı insan hüquqlarına və beynəlxalq humanitar hüquq normalarına hörmət təmin olunmalı, qurbanlar üçün kompensasiya verilməli və beynəlxalq hüququn pozulmasına görə məsuliyyət daşıyan bütün şəxslər məsuliyyətə cəlb edilməlidir”.
Qeyd edək ki, ötən il noyabrın 14-də BMT-nin Baş Assambleyasında bənzər qətnamə qəbul olunmuşdu. Qətnamədə Rusiyanın Ukraynaya müharibə təzminatı ödəməsini tələb edilirdi. Həmin qətnamənin lehinə cəmi 94 dövlət səs vermiş, 73 dövlət bitərəf qalmışdı. Qətnaməyə qarşı çıxanların sayı isə 14 idi. Ötən ilki səsvermə ilə müqayisə edəndə görürük ki, Rusiyanın əleyhdarları getdikcə artıb, tərəfdarları isə xeyli azalıb.
Paylaş: