Ukraynada gedən genişmiqyaslı müharibənin ikinci ilinin tamamına yaxın Qərbin, xüsusilə əsas donor olan ABŞ-nin yardımının təxirə düşməsi rəsmi Kiyevin “B planı”nı işə salmasını gündəmə gətirib. Bəs bu plan nədir?
Ukraynalı siyasətçilər və ekspertlər durumla bağlı gerçəkliyi “Report”un Şərqi Avropa bürosuna açıqlayıblar.
Hərbi-siyasi şərhçi Taras Berezovets bildirib ki, Ukrayna hələ SSRİ-nin tərkibində olan zaman ən böyük silah istehsalçılarından biri idi:
“Sovet İttifaqı dağıldıqdan sonra Ukrayna ən böyük hərbi sənaye kompleksinə malik oldu. Kiyev bundan müxtəlif silahların istehsalında və onların ixracında istifadə edib. Ukrayna düz 25 il ərzində ən çox silah istehsal və ixrac edən 10 ölkədən biri olub. Amma 2000-ci illərdən sonra müdafiə sənayesi ilə bağlı bir çox layihələr dayandırıldı. Belə ki, o vaxt hərbi sənaye kompleksi özəlləşdirilməyə başlandı. Lakin Ukrayna 2014-cü ildən sonra tədricən, 2022-ci il fevralın 24-də Rusiyanın genişmiqyaslı müharibəyə başlamasından sonra isə sürətlə müdafiə sahəsi ilə öz proqramını həyata keçirməyə başlayıb. Hazırda Ukrayna şirkətləri unikal silahlar istehsal edirlər. Bu məqamda qeyd edək ki, Ukrayna hazırda dəniz dronları istehsal edən ən böyük ölkələrdən biridir. Bu dronların istehsalına cəmi bir ildir ki, start verilib. Amma onlar vasitəsilə Qara dənizdə düşmənin hərbi hədəfləri məhv edilir. Bundan başqa, Ukrayna zirehli texnikaların istehsalına dair proqramı fəal şəkildə inkişaf etdirir. Aydındır ki, müharibə başa çatdıqdan sonra Ukrayna istehsalı olan unikal silahlar digər ölkələrə ixrac olunacaq. İndi döyüş şəraitində həm yerli, həm də Qərb ölkələrinin yeni silahları sınaqdan keçirilir. Üstəlik, Qərb ölkələrinin Ukraynaya silah tədarükünü azaltması fonunda Kiyev müdafiə sahəsi ilə bağlı öz proqramlarını inkişaf etdirməyə məcburdur. Bununla bağlı artıq müsbət nəticələr var. Bu, Ukrayna hərbi sənaye kompleksinin böyüməsinə, çox sayda unikal silahın, ilk növbədə pilotsuz uçuş aparatlarının istehsalına təkan verir”.
Politoloq Maksim Yali isə qeyd edib ki, təxminən iki ildir davam edən hərbi əməliyyatlar hazırda Qərb tərəfdaşlarının onları kifayət qədər döyüş sursatı, müxtəlif silahlarla tam təmin edə bilmədiklərini göstərir.
“Odur ki, Ukrayna özü silah istehsalına başlayıb. Ukrayna bu istiqamətdə 2023-cü ildə müəyyən uğurlar da qazanıb. Buraya ilk növbədə haubitsalar və ümumiyyətlə, artilleriya sistemləri üçün mərmilər daxildir. Bizim bununla bağlı müəyyən nailiyyətlərimiz var. Qərb ekspertlərinin fikrincə, Ukraynada hərbi əməliyyatların hazırkı tempini qorumaq üçün Qərb ölkələrinin - ABŞ, Avropa dövlətlərinə həm mərmi, həm də silah istehsalı üçün bir neçə il kifayət etməyəcək. Xüsusən də ABŞ-nin hərbi yardımının gecikməsini, Avropa İttifaqı ölkələrində buna dair müəyyən çətinliklərin olduğunu nəzərə alsaq, Ukrayna üçün yeganə yolun məhz bu olduğunu söyləyə bilərik. Digər tərəfdən, Qərb ölkələrinin öhdəliklərini yerinə yetirəcəyinə əminəm. Hər halda, Ukrayna yalnız özünə güvənməlidir, çünki Qərbdə siyasi vəziyyət dəyişə bilər. Belə ki, 2024-cü ildə ABŞ-də prezident seçkisi keçiriləcək. Respublikaçılar Partiyasında reytinqinə görə hazırda lider olan Donald Tramp Ukraynanı onun üçün əlverişli olmayan şərtlərdə danışıqlara məcbur etmək niyyətindədir. Əks təqdirdə, Tramp Ukraynaya silah tədarükündən imtina edəcəyini deyib. NATO və Aİ-nin mexanizmlərini nəzərə alsaq, Avropada da bu məsələ ilə bağlı problemlərin olduğunu söyləyə bilərik. Məsələn, dekabrda Macarıstanın veto qoyması ilə Ukraynaya 50 milyard avro məbləğində yardım ayrılması mümkün olmayıb.
Beləliklə, bu istiqamətdə iki problem var. Birincisi, əvvəllər qeyd etdiyim siyasi aspektlərdir ki, bu da bizi getdikcə özümüzə güvənməyə vadar edir: xüsusən də silah və sursat istehsalında. İkincisi, texnoloji çağırışla bağlıdır. Bu, bir neçə onilliklər ərzində həm Avropa ölkələrində, həm də ABŞ-də silah və sursat istehsalının əhəmiyyətli dərəcədə azalması ilə əlaqədardır. Onlar istəsələr belə, Ukraynanın bütün ehtiyaclarının ödənilməsi üçün qısa müddətdə istehsalı bərpa edə bilmirlər. Buna görə də silahlarla bağlı yeganə yol özümüzə güvənməkdir. Məlum olduğu kimi, biz “Boqdan” haubitsaları istehsal edirik. Artıq altı aydır ki, minaatanlar üçün mərmilər və digər silahlar istehsal edirik”, - deyə politoloq vurğulayıb.
Paylaş: