Türkiyənin “Haber7” saytının yazarı Taha Dağlı ABŞ-ın İdlib planını araşdırıb.
Publika.az xəbər verir ki, türkiyəli yazar Vaşinqtonun “kürd dəhlizi”ni Aralıq dənizinə birləşdirmək üçün Türkiyənin “Fərat qalxanı” əməliyyatını sıradan çıxarmaq istədiyini qeyd edib.
Amerikada ardarda İdliblə bağlı açıqlamalar gəldi. Əvvəlcə Obamanın, indi də Trampın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Brett Mcgurk “Əl-Qaidə”nin İdlibdə təşkilatlandığını və Türkiyənin buna dəstək verdiyini dedi. Ankara bu açıqlamaya sərt reaksiya verdi. Bundan sonra Trampın Suriya üzrə xüsusi nümayəndəsi Mixael Ratney Əl-Qaidə və Ən-Nüsrəyə bağlı qrupların İdlibdə hakimiyyət quracaqları halda, ABŞ-ın hərbi müdaxilə edəcəyini bildirdi.
İdlib ABŞ üçün niyə önəmlidir?
Suriya üzrə nümayəndə olan yüksək vəzifəli iki amerikalı məmurun İdliblə bağlı açıqlamaları sürpriz deyil.
ABŞ-ın lap əvvəldən əsas planı PKK-PYD terror təşkilatına Suriyanın şimalında Türkiyə sərhədi boyunca dəhliz yaratmaq və Aralıq dənizinə çıxarmaqdır. Türkiyə “Fərat qalxanı” əməliyyatı ilə bu planın qarşısına ciddi maneə çıxardı. Azez-Cerablus xətti türk ordusu tərəfindən təmizləndi və PYD-nin əlindəki Afrin və Kobani bölgələrinin birləşdirilməsinin qarşısını aldı.
ABŞ-ın B planı
Bundan sonra ABŞ B planını işə saldı. Bu plana uyğun olaraq, Azez-Cerablus xəttinin cənubundan yeni bir dəhliz açaraq, Afrinlə PKK-PYD işğalında olan digər bölgələri birləşdirilir. Məhz B planında İdlibin önəmi ortaya çıxdı. Hədəfdə İdlibin şimalını PYD-yə vermək, Afrin-Kobani bağlantısını Azez-Cerablus və hətta Əl-Babın cənub hissəsindən birləşdirməkdir.
Ssenari
ABŞ İdlibdə “Əl-Qaidə” terror təşkilatının olmasını əsas gətirərək, hərbi müdaxilə edəcəklərinin siqnalını verir. Təbii ki, İdlibə müdaxilə ediləcəksə, bunu ABŞ-ın adından PYD edəcək. Bu baxımdan, yaxın zamanlarda “Əl-Qaidə” adından terror aktı törədiləcəyi ehtimalı yüksəkdir. Yəni “Əl-Qaidə” hücum edəcək, ABŞ da bunu bəhanə edib PYD-ni İdlibə daxil edəcək.
Paylaş: