Xəbər lenti

Rusiya XİN sözçüsü Mariya Zaxarova NATO baş katibi Yens Stoltenberqin Rusiya ərazisinə zərbələr endirmək çağırışına münasibət bildirib.

Musavat.com xəbər verir ki, Zaxarova Telegram kanalında bu haqda yazıb.

SİTAT: “Stoltenberq NATO ölkələrini Ukraynanın Rusiya Federasiyasına zərbələrinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıb. İsveçrədə keçirilən “sülh konfransı”na dəvət olunanların bunu bilməsi faydalıdır”.

Xatırladaq ki, Stoltenberq Britaniyanın “The Economist” jurnalına müsahibəsində bildirib ki, Ukrayna Rusiya Federasiyasının beynəlxalq səviyyədə tanınmış ərazisində yerləşən hərbi obyektlərə zərbələr endirmək imkanına malik olmalıdır.

Qeyd edək ki, İsveçrə iyunun 15-16-da Bürgenstok kurortunda Ukrayna ilə bağlı konfrans keçirməyi planlaşdırır.

İsveçrə hakimiyyətinin məlumatına görə, Rusiya Federasiyası bu görüşə dəvət olunanlar arasında yoxdur. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Moskvanın konfransda iştirakını istəməsələr, bunun üçün müraciət edilməyəcək. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, bu tədbirin keçirilməsi “heç yerə aparan yoldur”. Eyni zamanda Rusiya Federasiyası dəfələrlə vurğulayıb ki, Moskva Kiyevlə münaqişənin sülh yolu ilə həllindən heç vaxt imtina etməyib.

Nigar HƏSƏNLİ,

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 3 336          Tarix: 25-05-2024, 15:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma