Xəbər lenti


NATO-nun Baş katibinin Cənubi Qafqaza səfərini ən çox ümidlə izləyən erməni ictimaiyyəti idi. Qonşularımız bu səfər çərçivəsində Yens Stoltenberqin İrəvana ciddi dəstək verəcəyini, bəlkə də Bakıya barmaq silkələyəcəyini gözləyirdilər. Baş katib isə regiona səfərinə Bakıdan başlayaraq əslində İrəvana ilk mesajını da vermişdi. 

 

Üstəlik, onun İlham Əliyevlə görüşdən sonra keçirilən birgə mətbuat konfransında onun şəninə gözəl fikirlər səsləndirməsi, ölkəmizlə NATO arasındakı münasibətlərin gücləndirilməsini təqdirlə etiraf etməsi və Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını məmnuniyyətlə dilə gətirməsi erməni ictimaiyyətində xəyal qırıqlığını artırmışdı. Ermənilərin gözləmədiyi ən böyük sürpriz isə Stoltenberqin İrəvana səfəri zamanı baş verdi. İrəvan NATO-dan öz təhlükəsizliyinə dəstək gözlədiyi halda, NATO-nun eyni dəstəyi Ermənistandan umduğu ortaya çıxdı. Sözsüz ki, Ukrayna-Rusiya müharibəsinə humanitar yardım məsələsində.

 

Qeyd edək ki, Ukraynaya humanitar yardımın artırılması Stoltenberqin Azərbaycandan da umduğu əsas addımlardan idi. Alyansın Baş katibi bunu həm İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında dilə gətirdiyi bəyanatında, həm də AzərTAC-a müsahibəsində açıq şəkildə ifadə etmişdi. O, Azərbaycanın da Ukrayna kimi Qara dəniz üzərindən ticari əlaqələrə bağlı ölkə olduğunu xatırlatmış və Rusiyanın bu savaşda qələbə çalacağı təqdirdə bizim də bundan ciddi zərər görəcəyimizi bildirərək demişdir:

 

“Ukrayna da Qara dəniz ölkəsidir. Bu ölkə NATO-nun tərəfdaşıdır və Rusiya Ukraynaya qarşı təcavüzkar müharibəni davam etdirir. NATO müttəfiqləri hazırda gedən müharibənin fəsadlarından çox narahatdır və NATO müttəfiqləri Ukraynaya dəstək göstərirlər. Mən Azərbaycanın Ukraynaya göstərdiyi çox zəruri dəstəyi alqışlayıram. Söhbət çox zəruri olan humanitar yardımdan gedir, lakin daha çox dəstəyə ehtiyac var, çünki Ukraynadakı vəziyyət olduqca ağırdır”.

 

Göründüyü kimi, Stoltenberq öz bəyanatında təkcə bizdən gözləntisini dilə gətirməklə qalmır, həm də Azərbaycanın bu istiqamətfə atdığı addımları alqışlayırdı. Sadəcə bu “zəruri humanitar yardımları” daha çox artırmağımızı istəyirdi. Baş katibin Bakıya səfərinin sonuncu günü AzərTAC-a  verdiyi müsahibəsində də eyni təmənnalar ön planda idi: “Qafqaz Rusiyanın genişmiqyaslı təcavüzkar müharibə apardığı Ukraynadan o qədər də uzaq deyil. Bu da həm Avropa, həm də Qafqaz üçün vacibdir. Əgər Prezident Putin Ukraynada qalib gələrsə, bu, təkcə Ukrayna üçün faciə deyil, həm də hər kəsə, o cümlədən Azərbaycana və NATO müttəfiqlərinə təhlükə törədər. Çünki Prezident Putinə mesaj budur ki, istədiyi hər şeyi əldə etmək üçün hərbi yola əl atdıqda beynəlxalq hüququn pozulmasına və başqa ölkəyə hərbi müdaxiləyə görə cavab verməli olduğunu bilməlidir. Bu, həm də gələcəkdə gücə əl atmaq cəhdlərini azaldacaq”.

 

Yeri gəlmişkən, Stoltenberq İrəvana səfərində də NATO tərəfdaşlarını “Putinin işğalçılıq müharibəsində qalib gəlməməsi üçün əllərindən gələni etməyə” çağırmışdı. "Döyüş meydanında vəziyyət çətin olaraq qalır, lakin bu, dəstəyimizi azaltmaq üçün deyil, addım atmaq üçün bir səbəb olmalıdır", - deyən NATO rəsmisi dolayısıyla İrəvandan da Ukraynaya bacardığı dəstəyi əsirgəməməyi gözlədiyini gizlətməmişdi.

 

NATO Baş katibinin Azərbaycanla bağlı digər narahatlığı isə Aİ-nin ölkəmizlə bağlı qərəzli münasibətindən sonra rəsmi Bakının Moskvaya yönələ biləcəyinə dair güclü siqnallar verməsi, Rusiyanın Baş naziri Mixail Mişustinin Azərbaycana səfəri çərçivəsində bir sıra mühüm sazişlərə imza atması idi. Zənnimizcə, bu addımı kollektiv Qərbin Rusiyaya qarşı sanksiyalarının pozulması cəhdi kimi qiymətləndirən Stoltenberq AzərTAC-a müsahibəsində öz əndişəsinə eyham vuraraq xatırlatmışdı ki, Rusiyaya qarşı iqtisadi sanksiyalara qoşulmaq çox vacibdir: “Çünki bu ölkə beynəlxalq hüququ pozmaq və başqa ölkənin ərazisinə hücum etməyin əvəzini ödəməlidir”. 

 

Sirr deyil ki, Azərbaycan bu zamanadək Rusiyaya qarşı iqtisadi sanksiyalara həssaslıqla yanaşıb. Beynəlxalq qurumlar ölkəmizin Rusiyaya qadağan olunmuş malları satmadığını bütün müstəvilərdə açıq şəkildə etiraf ediblər. Ermənistanın adı isə, demək olar ki, bütün beynəlxalq qurumların bəyanatında sanksiyalara düşmüş hərbi-strateji malların təkrar ixracı siyahısında ilk sıralarda çəkilib. ABŞ-ın məşhur "The New York Times" nəşrinin məlumatına görə, Ukrayna müharibəsinin başladığı 2022-ci ildə Ermənistan bir əvvəlki ilə nisbətən ABŞ-dan 515 faiz, Avropa İttifaqı (Aİ) ölkələrindən isə 212 faiz daha çox çip və prosessor idxal edib və həmin məhsulların 97 faizini Rusiyaya göndərib. Eyni siyasət ötən il də təkrarlanıb və İrəvan dəfələrlə bu ikiüzlü siyasətinə görə Qərb tərəfindən xəbərdarlıq olunub. Buna baxmayaraq, Aİ Azərbaycanın ərazi bütövlüyü uğrunda haqlı mübarizəsində Rusiya hərbi sənayesinin faktiki təchizatçısı rolunda çıxış edən Ermənistanın tərəfini tutub, özü də qərəzli şəkildə. Əlbəttə ki, rəsmi Bakı Qərbin bu ikiüzlü siyasətinə adekvat cavab verməli idi və fikrimizcə, Avropa Parlamentinin məlum qərarından sonra Rusiya ilə iqtisadi münasibətlərin yenidən yaxşılaşdırılması  bu istiqamətdə atılan addımlardan biri idi. Yəqin ki, İlham Əliyevlə Yens Stoltenberqin üzbəüz görüşlərində Azərbaycanın bu iradı da onun diqqətinə çatdırılıb. 

 

Stoltenberqin Cənubi Qafqaza səfərinin əsas məqsədlərindən biri də Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhün təmin olunması idi. İlham Əliyev görüşdən sonra keçirilən mətbuat konfransında da qonağının diqqətinə çatdırdı ki, tərəflər arasında sülh danışıqlarına başlamaq təklifi ilk dəfə Azərbaycan tərəfindən irəli sürülüb və ölkəmiz bu niyyətində ciddidir. İki Cənubi Qafqaz dövlətinin sülhə heç zaman olmadığı qədər yaxınlaşdığını bildirən İlham Əliyev Qərbdə bəzi çevrələrin ölkəmiz barədə formalaşdırmağa çalışdığı qənaətlərin həqiqəti ifadə etmədiyi mesajını verdi: “Sülh danışıqlarına başlamağın bizim təşəbbüsümüz olduğunu bir daha bildirmək istərdim. Bu günədək sülh sazişinin layihəsinə dair ermənistanlı həmkarlarla 7 dəfə şərhlərin mübadiləsi baş tutub. Xarici işlər nazirləri və sərhədlərin delimitasiyası ilə bağlı Baş nazirlərin müavinləri arasında keçirilmiş görüşlər məsələnin həlli üçün yaxşı imkanın olduğunu nümayiş etdirir. Bu yaxınlarda qeyd etdiyim kimi, biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq”

 

Stoltenberq də Azərbaycanın bu mövqeyini açıq şəkildə dəstəkləyərək bildirmişdi ki, uzun illərin münaqişəsindən sonra Ermənistan ilə Azərbaycan arasında hazırda davamlı sülhə nail olmaq imkanı var: “Siz söylədiyiniz kimi, sülh sazişinə heç vaxt olmadığı qədər yaxın olmağınızla bağlı sözlərinizi yüksək qiymətləndirirəm. Mən Ermənistanla dayanıqlı sülh sazişinə nail olmaq üçün həmin fürsətdən istifadə etməyinizdə Sizi dəstəkləyirəm”.

 

Yeri gəlmişkən, NATO Baş katibinin sadəcə sülhü deyil, “dayanıqlı sülhü” müdafiə etməsi də əslində rəsmi Bakının bu istiqamətdə göstərdiyi səyləri dəstəkləməsi deməkdir. Məlum olduğu kimi, Azərbaycanla Ermənistan danışıqlarının irəliləməsini əngəlləyən əsas məqam İrəvanın bu məsələyə səthi yanaşmasıdır. Paşinyan hakimiyyəti Azərbaycanın təklif etdiyi 5 baza prinsipinə qarşı çıxır və özünün 3 prinsipini irəli sürür: 

 

  1. Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünün tanınması; 
  2. 1991-ci ildə SSRİ-nin dağılması zamanı iki respublika arasında mövcud olan sərhədin bərpası; 
  3. Ermənistan-Azərbaycan dövlətlərarası sərhədinin müəyyən edilmiş qaydada demarkasiyası.

 

 Bu prinsiplər isə “dayanaqlı sülh” üçün yetərli deyil, sadəcə münaqişənin ermənilər güclənənə qədər dondurulmasına xidmət edir. Məhz bu səbəbdən də Azərbaycanın 5 baza prinsipləri arasında bundan əlavə, “Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi”; “nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması” kimi tezislər də yer alır. Bu isə o deməkdir ki, İrəvan öz Konstitusiyası və Müstəqillik Aktındakı Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlı maddələri çıxarmalı, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasındakı Zəngəzur dəhlizini açmalı, işğal altındakı ərazilərimizdən çəkilməlidir. Di gəl ki, Qərb ölkələrindəki himayədarlarına arxalanan İrəvan indiyədək dayanıqlı sülhün olmazsa olmazı sayılan bu tələbləri yerinə yetirməyə tələsmir, müxtəlif bəhanələrlə zaman qazanmağa çalışır. Təbii ki, Ermənistanın bu “ayaqsürüməsi” onun qalıcı sülhdən yana olmadığını bir daha təsdiqləyir.

 

Paşinyanın Stoltenberqin İrəvana səfəri ərəfəsində eksklavlarımızla bağlı verdiyi təzadlı bəyanatlar da bu məkrli siyasətin bir başqa örnəyidir. Səfərdən bir həftə əvvəl – 12 mart 2024-cü il tarixində ekslavlarımızın yerləşdiyi Tavuşda yerli sakinlərlə görüşən erməni baş naziri onların qarşısında çıxış edərək demişdir: “Tavuş bölgəsindəki kəndlərin Azərbaycana verilməsi ilə bağlı heç vaxt müzakirə olmayıb və ola da bilməz”.  NATO Baş katibinin İrəvana səfərinə bir gün qalmış, yəni 18 mart 2024-cü il tarixində tələm-tələsik yenidən Tavuş sakinləri ilə görüşən Paşinyan tamamilə başqa hava çalmışdır: “Tavuşdakı 4 kənd Azərbaycana aiddir. Onları geri qaytarmalıyıq, əks halda müharibə olacaq”. Göründüyü kimi, bu etirafında belə o, Azərbaycanı müharibə tərəfdarı kimi göstərməkdən geri qalmamışdır. 

 

Ermənistana səfəri zamanı NATO Baş katibi, Nikol Paşinyanla görüşündə davamlı sülhün nə qədər vacib olduğunu xatırladaraq, bunun təkcə region üçün yox, həm də Avro-Atlantik ölkələrin təhlükəsizliyi üçün əhəmiyyətindən danışıb. O, tərəfləri münasibətlərin normallaşmasına və davamlı sülhə yol açmaq üçün razılığa gəlməyə çağıraraq deyib: “Daha təhlükəli dünya ilə üzləşməmək naminə, bu, Avro-Atlantik təhlükəsizlik üçün də vacibdir”. 

 

Stoltenberq Paşinyana həm də öz Qərb himayədarlarına çox da güvənməməyi də eyhamlı ifadələrlə başa salıb və bir növ Azərbaycanı avtoritar Şərqə meyllənmək məcburiyyətində buraxmamağı məsləhət görüb: “Rusiyanın Ukraynadakı müharibəsi bizim sülhü adi hal kimi qəbul edə bilməyəcəyimizi ayıq-sayıq xatırladır. Əgər Putin Ukraynada uğur qazanarsa, onun aqressiyasının bununla da dayanmayacağı və digər avtoritar aktyorların cəsarətləndirilməsi riski daşıyır”. Sanki bu sözlərlə o, Azərbaycanın avtoritarizmə yuvarlanmasına Ermənistanın ikiüzlü siyasətinin və erməni lobbisinin təsiri altında qalan Qərb tərəfdaşlarının qərəzli mövqeyinin mühüm rol oynadığını xatırladıb.

 

NATO Baş katibi İrəvan səfərindən sonra özünün X mikrobloqunda yazdığı son mesajında da “davamlı sülh”ün vacibliyindən bəhs edərək bildirib: “Cənubi Qafqazda sülh və sabitlik daha geniş mənada təhlükəsizlik üçün vacibdir. Mən Ermənistan və Azərbaycanı davamlı sülhün bərqərar olması üçün fürsətdən istifadə etməyə çağırıram”.

 

Stoltenberqin Cənubi Qafqaz səfəri zamanı sərgilədiyi bu mövqe Ermənistan ictimaiyyətində birmənalı qarşılanmayıb. Erməni analitiklərindən olan Hraçya Qalustyan “Heç bir illüziyaya qapılmamalıdır: NATO və Qərb praqmatizmi haqqında” sərlövhəli məqaləsində alyansa bəslənən ümidlərin boş bir xəyal olduğunu bildirərək yazır: “Ermənistanın müttəfiqləri, ilk növbədə Fransa bizim ölkə ilə müharibəyə başlayan Rusiyaya qarşı döyüşməyə hazırdırmı? Təəssüf ki, belə zəmanətlər yoxdur.

 

NATO isə Ermənistanın hələ KTMT-dən çıxmadığını və Şimali Atlantika Alyansının üzvü olmadığını əsas gətirərək, yaxasını kənara çəkməyə üstünlük verəcək. Stoltenberqin açıqlamalarını dəyərləndirərkən bütün bunları nəzərə almalıyıq. O, gedəcək və biz özümüz dağıntıları təmizləməli olacağıq. Və NATO adlı illüziyaya inanmaq lazım deyil. Üstəlik, onlara olan bu cür boş inancın nəticələrinə dair nümunələr var”.

 

Müəllif həmçinin qeyd edib ki, ABŞ da, Fransa da, Almaniya da, yeri gələndə Böyük Britaniya da pulun qədrini bilir: “Aİ və NATO da həmçinin. Əslində buna görə də Aİ və NATO-nun Azərbaycanı təriflədiyini eşidirik. Onunla əməkdaşlıq Aİ və NATO üçün çox faydalıdır. Bizə isə boş illüziyalara qapılmaq lazım deyil - kollektiv Qərbi hərəkətə gətirən praqmatizmdir. Belə idi, belədir və belə olacaq”.

 

Qısası, NATO Baş katibi Yens Stoltenberqin Cənubi Qafqaz səfərinin gündəliyində 3 əsas məsələ vardı: Ukrayna savaşına maddi və humanitar yardımın artırılması; Rusiya ilə iqtisadi münasibətlərin kəsilməsi; Azərbaycanla Ermənistan arasında dayanaqlı sülhün bərqərar olması. Ermənistan isə “demokratik islahatlarının” nəzərə alınıb ona dəstək veriləcəyini umurdu. Və mənasız, məkrli və sadəlövh ümid yenə xəyal qırıqlığı ilə əvəz olundu.

 

Heydər Oğuz,

Ovqat.com





Ana səhifəyə qayıt        Baxış: 6 593          Tarix: 20-03-2024, 12:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma