İyulda Şərqi Avropada ABŞ və NATO-ya daxil olan digər ölkələrin ongünlük hərbi təlimləri keçirildi. Təlimlərin hədəfi Rusiya tərəfindən potensial təhlükələrə qarşı dayanmağı öyrənmək idi.
Publika.az xəbər verir ki, ABŞ-ın “The New York Times” nəşrinə görə ABŞ ordusu Şərqi Avropada vuruşmağa hazırlaşır.
Macarıstan, Rumıniya və Bolqarıstanda keçirilən təlimlərdə ABŞ-ın 25 min hərbi qulluqçusu iştirak edirdi. Təlimlərdə ordu komandirləri gənc əsgərlərə “soyuq müharibə” dövründə SSRİ qoşunlarına qarşı istifadə olunan taktika və strategiyanı öyrədirdilər.
“Bu gərginlik “soyuq müharibə”nin əks-sədası və Vaşinqton ilə Moskva arasında artan rəqabətin bir hissəsidir”, - Amerika nəşri hesab edir.
ABŞ Silahlı Qüvvələrinin Avropadakı komandanlığının rəhbəri, general-leytenant Frederik Ben Xoces Qərb və Rusiya arasında müharibə ehtimalını yüksək qiymətləndirmir. Amma qeyd edir ki, Rusiya prezidenti Vladimir Putin hakimiyyəti tərk etmədiyi müddətdə destabilizasiya üçün səy göstərə bilər.
Ancaq amerikalı generalın qeyd etdiyi kimi, Avropada “soyuq müharibə” zamanı Amerika hərbi qulluqçularının sayı indikindən 10 dəfə çox idi. Amerika nəşri bildirir ki, bu səbəbdən də ABŞ ordunun hansı sürətlə döyüşə hazırlaşa biləcəyinə böyük diqqət ayırır.
Şərqi Avropa ölkələrinin ordularının bir çoxu indiyə qədər Rusiya hərbi texnikasından istifadə edir. “The New York Times” bildirir ki, ABŞ və Qərbi Avropa qoşunları ilə keçirilən birgə təlimlər koordinasiyanı yaxşılaşdırmağa kömək edir və etibarın möhkəmləndirilməsinə imkan yaradır.
Paylaş: