Xəbər lenti

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) və Dövlət Departamentindən 15 nəfərlik heyət Suriyanın Ayn İsa bölgəsində PYD (PKK terror təşkilatının Suriya qanadı - red.) terror təşkilatının nümayəndələri ilə gizli görüş keçirib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, görüşün əsas mövzusu Şimali Suriya federasiyasının yaradılması olub.

Xəbərə görə, ABŞ nümayəndə heyəti terror təşkilatına 6 ay ərzində dövlət qurulacağı barədə vəd verib.

“PYD-yə 6 ay ərzində qanuni dövlət və beynəlxalq status qazandıracağıq. Nəzarət etdiyiniz bölgələrdə seçki infrastrukturunu yaradın, 2018-ci ilin yanvar ayında Suriyanın şimalında keçiriləcək referendumla dövlət olacaqsınız”, - ABŞ-ın verdiyi vəddə deyilir.

Amerika tərəfinin sözlərinə görə, Suriyanın şimalında “PKK-PYD dövləti”nin yaradılması ilə Türkiyənin bu bölgələrə hücum ehtimalı də aradan qalxacaq.

Türkiyə mediasının yazdığına görə, Suriyanın şimalında PKK işğalı altındakı bölgələrdə 11 hərbi baza quran ABŞ isə ölkənin federallaşmasını qarşısına məqsəd qoyub. Bu məsələdə Fransadan da dəstək alan ABŞ Suriyanın şimalına PKK-nın əli ilə nəzarət etmək istəyir. ABŞ bu məqsədlə PKK-nı sürətlə silahlandırır.

Türkiyə isə bütün diqqətini Suriyanın şimalında PKK-nın əli ilə qurulması planlaşdırılan “terror dövləti” layihəsinə mane olmağa yönəldib. “Fərat Qalxanı” hərəkatı dövründə və sonra Cerablusdan Azezə qədər 20-yə yaxın hərbi baza quran Türkiyə hazırda ABŞ-PYD ittifaqının işğalı altında olan Tel Abyad, Munbiç, Afrin və Tel Rıfat bölgələrində əməliyyata hazırlaşır.

Türkiyə Silahlı Qüvvələri bu bölgələrdən terrorçuların sərhədi keçməsinə və sərhəd zonasındakı mülki əhalinin hədəfə alınmasına qarşı qabaqlayıcı tədbirlər hazırlayır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun sonunda Şanlıurfa vilayətinin Akçakale rayonunda xalqın qarşısında çıxışı zamanı deyib ki, Suriyanın şimalında bir dövlətin qurulmasına əsla icazə verilməyəcək.

“PYD terror təşkilatı Suriyanın şimalında nələrəsə cəhd edir. Akçakaledə səslənirəm, yanınızda kim olur-olsun, Türkiyə Suriyanın şimalında dövlət qurmağınıza əsla icazə verməyəcək. ABŞ-a da söylədik, əgər belə bir şey olsa, orada mübarizə fərqli olacaq”, - Türkiyə prezidenti xəbərdarqlıq edib.

 




Ana səhifəyə qayıt        Baxış: 1 067          Tarix: 9-08-2017, 14:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma