Avqustun 23-də ATƏT-in Minsk qrupunun amerikalı həmsədri, eyni zamanda ABŞ-ın Ermənistandakı səfiri Riçard Hoqland Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərini “Amerikanın səsi”nin erməni xidmətində dərc etdi. Sənəddə əsas diqqətçəkən məqam ondan ibarətdir ki, burada işğal edilmiş ərazilər üzərində Azərbaycanın suverenliyinin qeyd-şərtsiz bərpasından danışılır.
Ancaq sənədə əsasən, Dağlıq Qarabağın ətrafındakı ərazilər (həmsədr məhz “işğal edilmiş” ifadəsindən istifadə edib - red.) Azərbaycanın nəzarətinə qaytarılmalıdır. Qeyd olunur ki, bu ərazilərdə Azərbaycanın müstəqilliyi nəzərə alınmadan məskunlaşdırıla bilməz.
“Bu ərazilər üzərində Azərbaycanın müstəqilliyi bərpa edilməlidir”, - amerikalı diplomat qeyd edib.
Sənədə əsasən, Dağlıq Qarabağı Ermənistanı bağlayan dəhliz olmalıdır. Dəhliz təhlükəsiz hərəkət üçün kifayət qədər geniş olmalıdır. Amma dəhliz tamamilə bütün Laçın rayonunu tuta bilməz. Riçard Hoqland bildirir ki, uzunmüddətli nizamla bütün məcburi köçkün və qaçqınların öz yaşayış yerlərinə geri qayıtması hüququ tanınmalıdır.
Sənədin Soçi şəhərində Rusiya və Ermənistan prezidentləri - Vladimir Putin və Serj Sarkisyan arasında görüşün keçirildiyi bir vaxtda dərc edilməsi isə diqqəti cəlb etdi.
Digər tərəfdən, dərc edilmiş sənəd yeni xəbər deyil. Sənəd demək olar ki, Madrid prinsiplərinin eynisidir. Bu prinsiplər Azərbaycanın işğal edilmiş ətraf rayonların hamısının üzərində suverenliyinin tam bərpasını və Dağlıq Qarabağa isə müvəqqəti aralıq statusun verilməsini nəzərdə tutur. Ermənistan Xarici İşlər Nazirliyi sənədi şərh etməkdən imtina edib. Lakin o erməni mediası tərəfindən təlaşla qarşılanıb. Sənədin İrəvana ciddi zərbə olduğu bildirilir.
Riçard Hoqland sənədi açıqladıqdan sonra bildirib ki, həmin prinsiplər Madrid prinsiplərinə əsaslanmaqla beynəlxalq vasitəçilərin ümumi mövqeyini əks etdirir.
Publika.az-a açıqlamasında beynəlxalq qanunvericilik üzrə ekspert, politoloq Fərhad Mehdiyevin amerikalı həmsədr tərəfindən dərc edilən sənədi və prezidentlərin Soçi görüşünü şərh edib.
Moskvaya verilən siqnal
Müsahibimiz hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Amerika tərəfinin açıqladığı prinsiplər Rusiyaya bir növ siqnal xarakteri daşıyır.
“Bu, bir növ Rusiyaya siqnaldır ki, Moskva hər nə qədər prezidentləri Soçidə görüşdürərək öz şərtlərini diktə etsə də, ABŞ-ın mövqeyi dəyişməz olaraq qalır”, - o deyib.
Politoloq bildirir ki, prinsiplərin Azərbaycanın xeyrinə olmadığı barədə bəzi şərhçilərin fikirləri ilə razı deyil. Onun sözlərinə görə, sözügedən prinsiplərdən yalnız biri Azərbaycanın xeyrinə olmaya bilər:
“Bu Dağlıq Qarabağa aralıq statusun verilməsidir. Bu statusun nə olduğu burada qeyd olunmur. Amma onun detallı şəkildə qeyd olunmasını gözləmək də səhvdir. Amma digər bütün parametrlər realdır və heç də zərərli deyil. Burada əleyhimizə olan bir məsələ də odur ki, tərəflərin münaqişənin danışıqlar yolu ilə həll edilməsini öhdəlik olaraq üzərinə götürürlər, yəni güc tətbiqindən yan duracaqlar. Bu prinsip Azərbaycanın mövqeyi ilə üst-üstə düşməyə bilər. Tərəflərin vasitəçiliyə razı olması o deməkdir ki, “mən güc tətbiqinə getmirəm”. Amma vasitəçilik nəticə verməyə və tərəf vasitəçilikdən imtina edə bilə. Amma Azərbaycan onsuz da vasitəçilikdən imtina etmir. Bu şərtin əlavə olaraq diktə edilməsi həm zəruri deyil, həm də hesab edirəm ki, hökumət lazım olsa bundan yayına bilər. Bəzən müharibə bəyanatlarının verilməsi də normaldır. Əlbəttə ki, heç bir tərəf mənasız və nəticəsiz danışıqların tərəfdarı ola bilməz. Hər halda proses bir gün müharibəyə keçə bilər. Yaxud da Azərbaycan şərt irəli sürə bilər ki, Ermənistan ətraf rayonları boşaltsın, bundan sonra öhdəlik götürərəm ki, hərb yolu ilə bu məsələni həll etməyəcəm. Amma digər parametrlər – Dağlıq Qarabağın ətrafındakı ərazilərin çıxarılması, qaçqınların geri qaytarılması, beynəlxaql qüvvələrin yerləşdirilməsi normaldır. Ümumilikdə, bu təklifin Azərbaycan üçün pis olduğunu hesab etmirəm”.
F.Mehdiyev prinsiplərin məhz indi dərc olunmasını Rusiyanın aktivliyi ilə izah edir.
“Soçidə prezidentlərin görüşü, daha əvvəl birləşmiş qoşunların yaradılması, daha doğrusu müharibə vəziyyətində erməni qoşunlarının Rusiyanın hərbi komandanlığına daxil edilməsi kimi hadisələr konteksində verilən mesaj yalnız və yalnız Azərbaycanın xeyrinədir”, - ekspert söyləyib.
Amerikalı həmsədrin prinsipləri Minsk qrupunun ümumi mövqeyi kimi təqdim etməsinə gəlincə, F. Mehdiyev qeyd edir ki, R.Hoqland bunu Vaşinqtonun mövqeyi kimi açıqlaya bilməzdi:
“Nə qədər ki, Minsk qrupu buraxılmayıb, qurum münaqişənin həllində əsas vasitəçi olaraq qalır. Həm BMT, həm də Avropa İttifaqının mövqeyi belədir ki, Minsk qrupu olduğu üçün nizamlanma prosesinə müdaxilə etmək istəmirlər. Digər tərəfdən, buna yaxın bəyanatlar Minsk qrupu tərəfindən daha əvvəllər də verilib. Sadəcə, prinsiplərin Soçi görüşündən sonra açıqlanmasının səbəbi odur ki, Azərbaycan Rusiyanın hər hansı təzyiqinə getməməlidir, bu konteksdən çıxmamalıdır.
“Soyuq müharibə” Qarabağa nə gətirəcək?
Erməni KİV-lər son vaxtlar dayanmadan yazır ki, Rusiya-ABŞ münasibətlərinin gərginləşməsi Qarabağ problemi üçün yeni çağırışlar deməkdir. F.Mehdiyev hesab edir ki, münasibətlərin pozulması münaqişənin daha da uzanmasına gətirib çıxaracaq:
“Rusiya və Amerika münasibətləri pozulanda heç bir ortaq mövqeyə gələ bilmirlər. Amma bu o demək deyil ki, Azərbaycan və Ermənistan müharibəyə başlayacaq. Rusiyanın özü bunda nə qədər maraqlıdır? Azərbaycanın özü də Rusiya ilə qarşıdurmada maraqlı deyil. Erməni KİV-in yazdıqları yalnız Azərbaycana hədə-qorxu gəlməkdir: “Baxın, bundan sonra Rusiya qarşısında ABŞ-ın sözü keçməyəcək. Yəni, Soçi görüşü öncəsi taktiki gediş idi. Azərbaycan da götür-qoy etməlidir ki, ötənilki aprel döyüşləri kimi bir əməliyyat keçirə bilərəm, ya yox? Nəticəyə gələ bilər ki, hazırda bunu etmək məqsədəuyğun deyil”.
Müharibə olsa, Türkiyə...
Azərbaycan və Ermənistan prezidentlərinin ilin sonuna kimi görüşü ehtimalına gəlincə, müsahibimiz qeyd edir ki, görüş baş tutsa da, hər hanzı nəticənin olmayacağı məlumdur:
“Regionda ciddi bir şey baş verməyəcəyi müddətdə vəziyyət bu şəkildə davam edəcək. Yarım ildən, bir ildən sonra danışıqlara niyə gedirlər? Çünki, danışıqların başa çatmasının anlamı müharibənin başlanmasıdır. Müharibənin başlanması isə çoxuna sərf etmir. Ermənistana sərf etmir, Azərbaycan üçün təhlükəlidir, çünki Rusiya amili var. Türkiyənin özünə də səfr etmir. Müharibə başlasa, Azərbaycanı ciddi şəkildə dəstəkləməlidir. Dəstəkləsə Rusiya ilə, dəstəkləməsə Azərbaycanla münasibətləri pozulacaq. ABŞ da bilmir ki, uzunmüddətli müharibə regionda balansı kimin xeyrinə dəyişdirəcək. ABŞ balansın Ermənistanın xeyrinə dəyişməsini istəmir. Çünki, bu, Rusiyanın regionda daha güclü olması anlamına gəlir”.
Azərbaycanın dəstəklədiyi “mərhələli həll“ variantı
“Atlas” Araşdırmalar Mərkəzinin təhlilində isə deyilir ki, amerikalı həmsədrin “mərhələli həll“ planını dəstəkləməsi sevindirici haldır.
“Rusiya və Ermənistan prezidentlərinin görüşündən sonra ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqlandın münaqişənin həlliylə bağlı fikirləri o mənada əhəmiyyətlidir ki, faktiki Azərbaycanın da dəstəklədiyi münaqişənin “mərhələli həll“ variantını ehtiva edir.
Birincisi, amerikalı diplomat deyib ki, Dağlıq Qarabağ ətrafındakı ərazilər boşaldılmalıdır.
İkincisi, bölgəyə sülhməramlı qüvvələr yerləşdirilməlir. Bu da çox vacib bənddir. Çünki geri qayıdan azərbaycanlılar təhlükəsizliklərinə təminat almalıdırlar.
Üçüncüsü, Hoqland Dağlıq Qarabağa aralıq status veriləməsini də səsləndirib. Rəsmi Bakı bu təklifə də etiraz etmir.
Ancaq ən başlıcası, amerikalı diplomatın statusla bağlı dediyi fikirdir, çünki münaqişənin indiyənə qədər həll olunmaması məhz bu detalla bağlıdır. Amerikalı diplomatın sözlərindən belə başa düşülür ki, o yekun statusun qarşılıqlı anlaşma yolu ilə müəyyənləşməsini təklif edir. Azərbaycan buna etiraz etmir. Yəni hər zaman deyilib ki, əvvəlcə imkan verin azərbaycanlılar qayıtsınlar və ermənilərlə keçmişdə olduğu birgə yaşayış imkanları bərpa olunsun, insanlar arasında mümkün qədər inam atmosferi formalaşsın, bundan sonra bölgənin yekun statusu haqqında danışmaq olar. Problem ondadır ki, İrəvan hər zaman arabanı atın önünə çıxarmağa çalışır, bu da danışıqları hər zaman dalana dirəyir. İrəvan tələb edir ki, bölgənin statusunu müəyyənləşdirəcək referendum tarixi bəri başdan sülh anlaşmasında qeyd olunsun. Azərbaycan bununla heç bir halda razılaşa bilməz. Bu sonrakı müzakirələrin predmetidir”, - təhlildə deyilir.
Paylaş: