16 il əvvəl - 2001-ci il sentyabrın 11-də tarixin ən böyük terror aktı baş verdi. Təxminən 3 min insanın həyatına son qoyan terror aktı ilə bağlı rəsmi komissiyanın araşdırması 2002-ci ildən 2004-cü ilə qədər davam etdi. Komissiyanın hazırladığı hesabatın 28 səhifəsi indiyə qədər məxfiləşdirilib. Bu isə bir çox şübhələrin yaranmasına gətirib çıxarır.
Rəsmi versiya bundan ibarətdir ki, Nyu-Yorkdakı əkiz qüllələr və Pentaqonun binasına hücumu Üsamə Bin Ladenin lideri olduğu “Əl-Qaidə” terror təşkilatı tərəfindən həyata keçirilib. Amma bu versiyaya inanmayanlar da var.
Publika.az terror aktının 5 konsprioloji versiyasını təqdim edir:
1. Təhlükəsizlik qurumlarının çoxu terror aktı barədə məlumatlı idilər.
Beləliklə, “Əl-Qaidə” döyüşçüləri ABŞ-a qanuni şəkildə gələrək dörd sərnişin təyyarəsini oğurlayıblar. Onlardan ikisi Nyu-York Ümumdünya Ticarət Mərkəzi, biri Müdafiə Nazirliyinin (Pentaqon) binalarına çırpılır, biri isə qəribə manevrlər edərək Pensilvaniyada qəzaya uğrayır. Sonrakı araşdırmalar göstərdi ki, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) bu insanların terrorçu olduğunu çoxdan bilirdi, amma Dövlət Sərhəd Xidmətinə informasiya vermədi və nəticədə cihadçılar ölkəyə maneəsiz girdilər.
Faciədən bir ay sonra - 2001-ci il oktyabrın 7-də amerikalılar “terrorçuları cəzalandırmaq üçün” Əfqanıstana girdilər. 2003-cü ildə isə “xarici təhdiddən”, həmçinin Səddam Hüseynin “kimyəvi silahından” müdafiə ehtiyacı ilə İraqa hücum etdilər.
NATO kontingentləri indiyə kimi hər iki ölkədə qalır, ancaq Yaxın Şərqdə xaos yalnız güclənib, terror aktları əvvəlki kimi bütün dünyada baş verir. Pentaqon 16 il ərzində ordunun ehtiyaclarına demək olar ki, 6 trilyon dollar xərclədi. Məbləğin böyük hissəsi isə hərbi sənaye kompleksinə yaxın olan insanların ciblərinə axdı (Onlar ötən il prezident postu üçün mübarizədə Hillari Klintonu dəstəkləyirdilər). Bu baxımdan, konspiroloji nəzəriyyəyə görə, təhlükəsizlik gücləri terror aktını hazırlayıb və ya ən azından buna mane olmayıblar.
2. Partlayıcı maddə?
“Nəzarət edilən sökmə” əsas konsprioloji nəzəriyyələrdəndir. 2009-cu ildə tədqiqatçıların beynəlxalq qrupu “Open Chemical Physics” elmi jurnalında əkiz qüllələrin dağıntılarının kimyəvi analizinin nəticələri haqqında məqalə dərc etdi. Qrup dağıntılarda yanar maddə olan termitin fraqmentlərini aşkar edib. Bu maddə ərimə tempuraturu 1500 dərəcə olan poladı əridə bilir. Halbuki aviasiya yanacağının yanma temperaturu normal şərtlərdə yalnız təxminən 1000 dərəcədir.
Eyni zamanda, rəsmi komissiyanın məruzəsinə görə, guya metal konstruksiyalar məhz yanğının gedişatında əriyib.
3. Yeraltı nüvə partlayışı?
Bu nəzəriyyə Ümumdünya Ticarət Mərkəzinin tikilməsinə əsaslanır. Nyu-York hakimiyyəti tikintiyə o şərtlə icazə verirdi ki, inşaatçı layihədə binanın “şəhərin ehtiyacları” üçün sökülməsi üsulunu təklif etsin. İddiaya görə, memarlar guya binanın altında qoyulmuş kiçik nüvə bombasının yeraltı partlayışının köməyi ilə onun məhv edilməsi imkanını nəzərdə tutublar.
4. Pentaqonun binasına kim zərər vurdu?
Rəsmi versiyaya görə, cihadçıların üçüncü təyyarəsi Pentaqon istiqamətində uçub. Amma artıq yarım il sonra fransız siyasi fəal Tyerri Meysan “9/11: Nəhəng yalan” kitabında bu faktları yazırdı: “Boinq-757”-nin uzunluğu 50 metr, qanadları 38 metrdir. Amma Pentaqonun divarında təyyarə zərbəsi ilə açılan deşiyin eni 20 metr idi. Bu, necə mümkündür?"
Meysanın versiyasına görə, əslində Amerika hərbçiləri şəxsi qərargahı idarə olunan raketlə vurublar. Yanğından sonra güman edilən “Boinq-757”-nin füzelyajının (Pentaqonun qarşısında səpələnən kiçik qırıntılar istisna olmaqla) hara yoxa çıxdığı məlum deyil.
5. Dördüncü layner ABŞ Hərbi Hava Qüvvələri tərəfindən vurulub?
Terrorçular tərəfindən tutulmuş avialaynerlərdən biri San-Fransiskodan Nyu-Yorka uçan “Boinq-757” idi. Terrorçular Ağ Ev və ya Kapitolini (Konqres binası) vurmaq məqsədi ilə təyyarəni qaçırmışdılar. Təyyarə göyərtəsindən edilən zənglərdən məlum olur ki, ekipaj üzvləri sərnişinlərlə birlikdə təyyarəni xilas etməyə çalışıblar. Pilot kabinəsində mübarizə qızışır, amma Hollivud filmlərində olduğu kimi möcüzə baş vermir: “Boinq-757” idarəetməni itirərək qəzaya uğrayır.
Ancaq müstəqil tədqiqatçılar təyyarənin qırıntılarının böyük ərazidə dağılmasına diqqəti yönəldiblər: mühərrikin ağır hissələri təyyarənin düşmə yerindən üç mil (uzunluq vahidi, bir mil 1,6 kilometrdir - red.), yüngül fraqmentləri isə səkkiz mil uzaqlıqda tapılıb. Mümkündür, hava gəmisi “hava-hava” tipli raketlə vurulduqdan sonra havada dağılmağa başlayıb.
Paylaş: