Aysel Fikrət.
indi ürəyimdə sözlərim küsüb
asıblar özünü xəyallarımdan
indi gözlərimdə göz yaşı donub
qonur gözlərinin soyuqluğunda
indi ürəyimdə sən də dinmirsən
üzünü çevirib getmisən nədi
evimiz soyuqdu sobam istidi
əllərim soyuqdu sevgim istidi
indi can verəcək yenə sevgimiz
yenilər ayrılar tapacaq bizi
köhnə yaraların üstündə vals tək
yeni oyunlara atacaq bizi ..
indi amansızıq bir birimizə
bizim bir birinə səsimiz yetmir
axı necə deyim indiki sənə
get qurban olduqum özünü gətir
indi tanımıram səni bu üzlə
məndən utanırsan məndən qaçlrsan
sanki mən ruhunda xəstəlik idim
daha sağalmısan mənə baxmırsan
indi yoxluğuna məktub yazmıram
indi ötüşürəm həsrətin ilə
zəng edib səsinə qulaq asmıram
ömürlük göz yumdum məhəbbətimə
indi çox susuram az danışıram
güvənsiz olmuşam vecsiz olmuşam
məni bu günlərə salan dərdimə
indi mən özüm də bir dərd olmuşam.
Paylaş: