Böyük alim Bəyazid Bistami həzrətləri bir gün dəlixananın yanından keçirdi. Dəlixana xidmətçisinin bir qabda nəyisə döydüyünü görüb:
- Nə edirsən? - deyə soruşdu.
Xidmətçi:
- Bura dəlixanadır, dəlilərə dərman hazırlayıram, - deyə cavab verdi.
Bistami:
- Mənim də xəstəliyimə bir dərman tapa bilərsənmi? - deyə soruşdu.
Xidmətçi tərəddüd etmədən “Taparam”, - dedi. Ancaq xəstəliyinin nə olduğunu hələ soruşmamışdı. Xidmətçi “Xəstəliyin nədir?” - deyə soruşanda Bistami:
- Mənim xəstəliyimin adı günahdır. Çox günah işləyirəm. Əgər bilirsənsə, mənə bir dərman de, - dedi.
Xidmətçinin dili dolaşdı və:
- Mənim günah xəstəliyindən başım çıxmır. Mən ancaq dəlilərə dərman hazırlayıram, - deyə cavab verdi.
Elə bu vaxt dəlixananın dəmir barmaqlıqları arasından onlara qulaq asan bir dəli Bistamiyə:
- Mən sənin xəstəliyinin dərmanını bilirəm, - dedi.
Bistami:
- De görüm, dərdimin dərmanı nədir?
Dəli:
- Tövbə kökü ilə peşmanlıq yarpağını qarışdır. Qəlb həvəngində iman həvəngdəstəsi ilə döy, insaf ələyindən keçirib göz yaşı ilə yoğur, sonra da eşq təndirində bişirib hər səhər-axşam bol-bol ye. Onda sənin xəstəliyindən əsər-əlamət qalmaz...
Bu gözəl dərmanı öyrənən Bistami:
- Ey gidi dünya! Demək, sənə də dəli deyənlər var, - dedi və oradan uzaqlaşdı. Ondan sonra Bəyazid Bistami günah xəstəliyinə tutulanlara həmişə bu “dərmanı” tövsiyə edirdi.//OVQAT.COM
Paylaş: