Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) katibliyi Çinin paytaxtı Pekində 21 Mart – Beynəlxalq Novruz Günü münasibətilə tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, təşkilata üzv ölkələrin, habelə ŞƏT-də “Dialoq üzrə tərəfdaş” statusu ilə təmsil olunan Azərbaycanın iştirakı etdiyi tədbirə Çin rəsmiləri, Pekində diplomatik korpusun təmsilçiləri və ictimaiyyət nümayəndələrindən ibarət ümumilikdə 400-dən çox qonaq qatılıb.
ŞƏT-in baş katibi Rəşid Alimov şimal yarımkürəsində yazın başlaması ilə eyni vaxta təsadüf edən Novruz bayramının bir neçə min ildir ki, böyük bir ərazidə bahar bayramı olaraq qeyd edildiyini bildirib. Xoş gələcəyə inam arzusunu özündə ehtiva edən Novruzun dostluq, sülh, həmrəylik kimi ümumbəşəri dəyərləri nəsildən-nəslə ötürdüyünü bildirən baş katib, BMT-nin qərarı ilə elan olunan Beynəlxalq Novruz Gününün insanları təbiətlə harmoniyada yaşamağa, əməkdaşlığı, sivilizasiyalar və mədəniyyətlər arasında dialoqu möhkəmləndirməyə, təhlükəsiz və firavan gələcək yaratmağa səslədiyini bildirib.
Mərasim ŞƏT-ə üzv ölkələrin musiqi kollektivlərinin və Azərbaycan incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.
Azərbaycanın Çindəki səfirliyinin təşkilatçılığı və Bakıdakı Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə Pekində səfərdə olan gənc xanəndələr Hüseyn Məlikov, Nigar Şabanova, tarzən Kamal Nuriyev və kamança ifaçısı Ceyhun Muradovun təqdimatında muğamlarımız, xalq mahnılarımız səsləndirilib.
Mərasim çərçivəsində iştirakçı ölkələrin milli mətbəxindən ibarət Novruz süfrəsində Azərbaycan şirniyyatları, o cümlədən qoğal, şəkərbura, paxlava təqdim olunub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Paylaş: