Xəbər lenti

Yəqin ki, “Qara bayram” anlayışı əksəriyyətə məlumdur.  Yaxınını itirən hər kəs adətən təmtəraqla qeyd edilən bayramlarda qəbirstanlığa gedir, şamlar düzür və ölən şəxsi yad edir.  Ümumiyyətlə ölünün ardınca  mərasimlər kimi həyata keçirdiyimiz müxtəlif adətlər var. “Qara bayram”la yanaşı, yas mərasimlərinə gedərkən qara geyinmək, 40 gün saqqal saxlamaq, toy və ya şad günlərdən kənar durmaq və.s.

Bütün bunlar İslam dininin buyurduğu əməldirmi?

“Qara bayram anlayışı İslam dinində yoxdur”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, “İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru, Rafiq Əliyev Modern.az saytına bununla bağlı açıqlama verib:

““Qara bayram” bizim fikirlərimizin məhsuludur və qondarma struktur kimi məişətimizə yayılıb. Çünki  insan vəfat edəndə sadəcə, dünyasını dəyişir. Niyə görə qara bayram olmalıdır? O insanların ruhu artıq dünyanı tərk edibsə, niyə biz kədərli olmalıyıq? Eyni zamanda, əksəriyyət toyları, şad günləri də təxirə salır. “Qara bayram” İslam üçün əslində yad olan  məfhumdur.  Ölünün ili çıxmamış toy etməmək də yalnız Azərbaycan məişətindədir. Bilirsiniz ki, Ramazanda, Məhərrəmlikdə toylar edilmir. Lakin müsəlman dünyasında Ramazan ayı dövründə toylar axşam saatlarında başlayır və səhər saatlarına kimi davam edir. Ancaq biz toy keçirmirik. Bu da İslama gətirilən dırnaqarası Azərbaycan yeniliyidir”.

 
“Bunlar sovet dövründən qalan İslam ideologiyasıdır”

Rafiq Əliyev həmçinin, yas mərasiminə gedən zaman qara geyinmək adətindən və 40 gün saqqal saxlamaq məcburiyyətindən də söz açıb:

“Yas yerində qara geymək təkcə bizdə deyil, həm xristian, həm də yəhudi aləmində də var. Kimsə rəhmətə gedibsə, bizim üçün o, qaranlıq dünyaya çıxır. Ona görə də yaxınını itirən adamlar paltar dəyişib, qara geyirlər. Amma 40 gün saqqal saxlamaq və ya şadlanmamaq kimi əməllər İslam dininin kitabında yazılmayıb. Heç kəs o kitabda bir yer göstərib deyə bilməz ki, siz mütləq saqqal saxlamalısız və ya qara geyinməlisiniz. Bu yalnız bizim qəbul etdiyimiz qərar və qaydalardır. Çoxu sovet dövründən qalan İslam ideologiyasıdır. Həmin dövrdə İslama  bu cür bəzək-düzəklər verilirdi. İnsanlar da bu baxımdan yalnız 3, 7, 40 mərasimi keçirir və bir yerə yığışıb müsəlman kimi söhbət edə bilirdilər. Amma sonralar bunlar adət halını aldı.

İslamda qara geyinmək, sevindirici hallardan geri qalmaq, kənarda durmaq kimi göstəriş yoxdur. Düzdür, yaxınlarımızın həyatdan getməsi bizi bir insan kimi kədərləndirir. Amma bu, haqdır. İnsan yaranıb və ölməlidir. Hər kəs yaranan gündən etibarən ölümə hazırlaşır. Bu səbəbdən bu, təbii hesab edilməlidir.

Bununla bağlı müşahidələrim də var. Bir ailədə uşaq anadan oldu, amma öldü. Anası isə ağlamırdı. Çox təəccübləndim və niyə kədərlənmədiyini soruşdum. O isə cavabında “Allah verdi, Allah da apardı” dedi. Anası  itirdiyi övladına heç yas da qurmadı. Dediyimi kimi, bunlar hamısı bizdə formalaşan adətlərdir”.

Günay RƏSULQIZI




Ana səhifəyə qayıt        Baxış: 1 689          Tarix: 3-06-2017, 12:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma