
Xəbər lenti
Bu gün, 18:00
Bu gün, 16:44
Bu gün, 15:35
Bu gün, 13:18
Bu gün, 12:53
Dünən, 16:10
Dünən, 14:30
Dünən, 13:57
Dünən, 12:34


Gənc araşdırmaçı yazar Fəxriyyə Yüksələ bu çətin və mühüm yolda davamlı uğurlar diləyi ilə;
Namiq Hacıheydərli
Bu tədqiqatda Vaqif Sultanlının "İnsan dənizi" romanında insanın ətraf mühitdə və həmçinin daxili aləmində baş versən hadisələr səbəbindən ixtiyari və ya qeyri-ixtiyari olaraq xarakter dəyişkənliyi yaşaması, bir insan cildindən başqa bir insan cildinə düşməsi məsələsini araşdıracağıq.
Əsər boyunca biz baş qəhrəmanın xarakter dəyişməsi və bunun səbəblərini, başına gələn hadisələrin bu prosesə təsirini görürük. Romanının baş qəhrəmanı iş tapmaq, həmçinin oxumaq məqsədilə Bakıya gələn Əkrəmdir.
Biz əsərin əvvəlində Əkrəmi dəlisov, insanların təhqiredici sözlərini qəbul etməyən, hətta ona və digər işçilərə qarşı haqsızlıqlar edən Göyüşovu məhkəmədə ifşa edən bir obraz kimi görürük. Məhz bu hadisədən sonra Göyüşovla Əkrəm arasında ixtilaf daha da böyüyür, ən sonda bu mübahisəli vəziyyət kiçik qızını yenicə dəfn etmiş və psixologiyası daha da korlanmış Əkrəm tərəfindən Göyüşovun öldürülməsi ilə sonlanır. Əslində isə hər şey Əkrəm üçün Göyüşovun öldürülməsi ilə bitmir, əsərin sonlarına doğru o hələ də Göyüşovdan, daha doğrusu intiqam hissi ilə daim onu izləyən ruhundan qaçmağa çalışdığını görürük. Göyüşovu öldürdükdən sonra Əkrəm ölüm cəzasına məhkum olunur, lakin Əkrəm onu aparan qatardan qaçmağı bacarır. O qaçanda elə bilirdi ki, azadlığa gedir, axı hardan biləydi ki, özü-özünü bu qaçmaqla taleyin heçliyinə, boşluğuna atır.
Əkrəm artıq aylarla yollardaydı. Ölüm məhkumuna-Əkrəmə ailəsinin qoyduğu çörəklə bir neçə gün çətinliklə də olsa ayaqda qalmağı bacarır və nəhayət ona tamam yad olan bir şəhərə gəlir. Bu gəlişlə bəlkə Əkrəm artıq fiziki ölümdən tamam uzaqlaşdı, amma onun burda mənəvi ölümü başladı. Əsərin əvvəlində gördüyümüz, ləyaqətsizliyə göz yummayan Əkrəm, indi artıq restoranlarda insanların qarşısından qalan bir dilim çörək, kolbasa oğurlamağa, küçədə insanlara əl açmağa, onların təhqiramiz sözlərini götürməyə məcbur olur.
Buna baxmayaraq o əvvəlki həyatına, sevdiklərinə qovuşmaq ümidini itirmir, yuxularında kəndlərinə, evinə gedib anasına, qızlarına, həyat yoldaşına qovuşmasını görür.
Əkrəm artıq küçədə gecələyən və içki düşkünü biri idi. Bir gün içib tramvaya minəndə ayağı tramvayın altında qalır. Əvvəl heç olmasa iki ayağı da yerində olub, birtəhər özünü dolandıran Əkrəmdən həyat, bəlkə də heç həyat yox elə özü ayağını da aldı. Bununla belə Əkrəm içməkdən uzaqlaşmır. Bir gün içki "yoldaşları" ilə danışanda ailəsinin, övladlarının olduğunu söyləyir, onlar isə Əkrəmin bu sözlərinə gülməyə başladılar. Axı bu qədər ləyaqətin itirmiş bir insanın kim bir zamanlar normal həyatının olduğuna inanardı?
Bir gün həyat yoldaşından, daha doğrusu artıq keçmiş həyat yoldaşından Əkrəmə bir məktub gəlir. Məktubu oxumağı ilə Əkrəm artıq həyatdan daha bir və ən böyük zərbəsini alır. Qadın məktubda yenidən ailə qurduğunu, qızlarınınsa "yeni" atalarını öz doğma ataları bildiklərini yazırdı. Məktubda həmçinin Əkrəmi sarsıdan bir cümlə də var idi, bu anasının ölüm xəbəri idi. Əslində o ana qədər bu səfil insanı ayaqda tutan tək ümid nə zamansa ailəsini görmək ümidi idi. Məktubu oxuduqdan sonra Əkrəmin ümidləri payızda saralıb, solub, xəzana çevrilən yarpaq tək solmuş, məhv olmuşdu. Yazıçı Əkrəmin keçirdiyi hissləri aşağıdakı sözlərlə təsvir edir: “Güllələnmə cəzası kəsiləndə elə düşünürdü ki, hər şeyini itirib... Sən demə, itirəcəkləri hələ qabaqdaymış, azadlığın əlindən alınması ilə hər şey bitmirmiş. Amma necə oldu ki, bunu vaхtında dərk eləyə bilmədi. Dünya onun düşündüyü kimi sadə deyilmiş, ağlına belə gətirəmməyəcəyi dərəcədə qarışıq və mürəkkəb imiş. Olanlardan, olacaqlardan baş çıхarmaq hər adamın işi deyilmiş. İşıq kimi parıltısı göz qamaşdıran həqiqətlərə də kor olmaq olarmış...”
Həyat yorğunu bu insan keçmişə boylandı və bir an Göyüşovu öldürməsinin peşmanlığını yaşadı. Axı o Göyüşovu hansı səbəbdən öldürmüşdü? Əlbəttə, ləyaqətini qorumaq üçün. Bəs hanı indi o ləyaqət?
Əkrəm keçmiş həyat yoldaşından o məktubu alandan yalnız bir şey arzulayırdı, kaş ki, o qatardan qaçmasaydı, elə o vaxt öldürülsəydi. Onsuzda onun yaşayışı ölümə bərabər idi.
Əkrəmin həyatında baş verənlər artıq onun ruhsal vəziyyətinə də yansımağa başlayırdı. Tez-tez Göyüşovun ruhunun onu izlədiyini, bu böyük "insan dənizi"də ruhun onu axtardığını düşünürdü. Göyüşovun ruhu onu izləyib ölürülməsinin intiqamını almaq, əvəzində onu öldürmək istəyirdi. Hətta Əkrəm Göyüşovun ruhunu qayalıqda "öldürdükdən" sonra belə yenə ruhu "sağ" gördü. Anladı ki, artıq bu vəziyyətdən çıxış yolu yoxdur. O tək çıxışı özünü fizikən yaxın, mənən uzaq olduğu ucsuz-bucaqsız dənizin- "İnsan dənizi"nin içərisinə atmaqda gördü.
Tədqiqatdan da bizə aydın oldu ki, V. Sultanlının öz əsərində göstərdiyi kimi, həqiqətən, insanın ailə mühitində, həmçinin ictimai mühitdə başına gələn hadisələr, yaşanmış mənfi və müsbət hadisələr insan şəxsiyyətinin dəyişməsinə, onda müəyyən keyfiyyətlərin dəyişilməsinə və yeni xarakterin formalaşmasına, bir sözlə, şəxsiyyətin ikiləşməsinə əsas səbəb ola bilər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar