Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yalçın Vasif oğlu Adıgözəlovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında
sərəncam imzalayıb.
APA xəbər verir ki, sərəncama əsasən Yalçın Adıgözəlov Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
Yalçın Adıgözəlov kimdir?
Ovqat.com-un məlumatına görə, Azərbaycanın məşhur bəstəkarlar ailəsindən gələn Yalçın Adıgözəlov 1959-cu ildə Bakı şəhərində anadan olmuşdur. Musiqi ilə məşğul olmağa atasının-tanınmış azərbaycan bəstəkarı Vasif Adıgözəlovun rəhbərliyi ilə başlamışdır.
Yalçın Adıgözəlov orta təhsilini Bülbül adına orta-ixtisas məktəbində almışdır. Orta məktəbi piano ixtisası üzrə bitirərək Bakı Musiqi Akademiyasına daxil olmuşdur. Akademiyada fortepiano ixtisası üzrə professor Rauf Atakişiyevdən dərs almışdır. 1982-ci ildə Bakı Musiqi Akademiyasını bitirmişdir.
1983-cü ildə N.A.Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasına dirijorluq ixtisası üzrə daxil olmuşdur. 1984-1989-cü illərdə Leninqrad konservatoriyasında opera simfonik dirijorluğu ixtisası üzrə maestro İ.A. Musindən dərs almışdır.
Konservatoriyanın bitirdikdən sonra Bakı şəhərinə qayıtmış və Dövlət Filarmoniyası Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrində dirijor kimi çalışmağa başladı.
1991-1992-ci illərdə Vyana musiqi akademiyasında professor Karl Esterrayxerin yanında təcrübə keçmişdir.
1991-ci ildən 1998-ci ilədək Yalçın Adıgözəlov Ü.Hacıbəyov ad. Azərbaycan Dövlət simfonik orkestrinin bədii rəhbəri və baş dirijoru olmuşdur. Bu kollektivlə həm doğma vətəndə, həm də müxtəlif ölkələrdə klassik simfonik və müasir bəstəkarların, xüsusilə də bakılı muəlliflərin əsərlərləri ilə geniş konsert fəaliyyəti göstərmiş dirijor qərb dinləyiciləri üçün kəşfə çevrilmişdir.
2001-ci ildən maestro Adıgözəlov böyük opera teatrlarından biri olan İstanbul opera və balet teatrının dirijorudur.
Yalçın Adıgözəlov bir çox aparıcı Rusiya Milli Orkestri, Çaykovski ad. Böyük Simfonik orkestri, Sankt-Peterburq filarmoniyasının orkestri, ABŞ, İspaniya, Avstriya, Belçika, Rumıniya və bir çox aparıcı simfonik orkestrlərlə əməkdaşlıq etmişdir. Dirijor M. Rostropoviç, N. Petrov, S. Stadler, İ. Moniqetti kimi çox tanınmış musiqiçilərlə çıxış etmişdir.
1997-ci ildən pedaqoji fəaliyyəti ilə məşğul olmuş, Bakı Musiqi Akademiyasının dosentidir.
2000-ci ildən Yalçın Adıgözəlov Bakı Musiqi Akademiyasının dirijorluq kafedrasının professorudur. Azərbaycan və P.İ. Çaykovski ad. Böyük simfonik orkestrləri ilə birgə dirijor ABŞ, Rusiya, İngiltərə və Türkiyədə buraxılmış səkkiz kompakt-disk yazdırmışdır.
Həmin illər ərzində sərbəst dirijor kimi Bakıda, Türkiyədə, Moskvada çıxış edir. 2004-cü ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Vasif Adıgözəlovun "Natəvan" operasının musiqi rəhbəri və dirijor olmuşdur. Mütamadi olaraq konsertlərlə çıxış edir.
15 may 2007-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, 14 sentyabr 2012-ci ildə isə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülmüşdür.
9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə və 10 may 2019-cu ildə Prezident Mükafatına layiq görülmüşdür.
2 noyabr 2019-cu ildə Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub.
Bəstəkar Vasif Adıgözəlovun oğludur.
Bəstəkar Zülfü Adıgözəlovun nəvəsidir.
Ovqat.com hazırda Azərbaycan musiqisini dünyaya, Qərb musiqisini Azərbaycana tanıdan bu böyük mədəniyyət xadimini mükafatlandırılması münasibətilə təbrik edir və ona hədiyyə olaraq özünün dirijorluğuyla atasının bəstələdiyi “Qərənfil”i paylaşır:
Paylaş: