Xəbər lenti

  Amal quşu şərqə doğru uçarkən,

Gündoğuşda Murad suyu içərkən,

Səbah yeli Altun dağdan keçərkən,

Turan ellərinə salam söyləyin. 

                                 Cəfər Cabbarlı

 

Turançılıq məfkurəsi, turançılıq-türkçülük ideyalarının təbliği, vətənə, el-obaya, doğulduğu torpağa sevgi Ələsgər Talıboğlunun qanında-canındadır. Bu sadə, səmimi, elcanlı insanla bir payız günü “Xudafərin” şadlıq sarayında “Dirili-Qurbani” məclisində tanış olduq. Özünün məğrur yerişi-duruşu, xoş rəftarı, şirin danışığı ilə diqqəti cəlb edən Ələsgər bəylə az bir zamanda doğmalaşdıq.

İnsanları qan, gen doğmalığından daha da çox əqidə, amal, ideya doğmalığı daha sıx birləşdirir, bir-birinə bağlayır.

M.Qorki özünün məşhur  “Ana” romanında ana və əsərin baş qəhrəmanı, oğlu P.Vlasovun timsalında: “İnsanları qan doğmalığı ilə yanaşı həm də əqidə doğmalığı birləşdirəndə daha güclü, daha xoşbəxt olurlar” fikrini aşılayır. Ə.Talıboğlu kimi insanlara fərq etməz qarşısındakı kimdir, nə karədir, insanlara olan sonsuz sevgisi onu hamı ilə mehriban, duyğusal, məhrəm olmağa sövq edir. Sanki onun keçirdiyi məşəqqətli və şərəfli ömür yolu hər an diqtə edir ki, insanların yanında olsun, onlara qayğıkeşlik göstərsin. Hələ gənc yaşlarında 1981-ci ildə “Azərbaycan övladıyam” şeirində yazdığı kimi:

 

Mən insanam, pak əməllər,

Xeyirxahlıq yolçusuyam.

Məğrurluğun, dəyanətin,

Mətanətin timsalıyam.

Mən azadlıq aşiqiyəm,

Onun üçün doğulmuşam.

 

Bəli, məhz azadlıq aşiqləritək doğulanlar milli dəyərlərin, ictimai-siyasi hadisələrin, milli şüurun oyanışının fövqündə duranlardır. Ə.Talıboğlu kimi insanlarla, qələm əhli ilə, yurd yanğısı ilə yaşayan insanlarla görüşməyin özü bir ziyarətdir. “Günəşli” sanatoriyasında onun oxucuları ilə görüşünə gedəndə, ərməğan etdiyi hər 3 kitabının “Qəm karvanı”, “Vətən nəğmələri”, “Bir kəhər kişnəyir yuxularımda” kitablarını vərəqlədim və elə bil ki, bütün Azərbaycanla üz-üzə qaldım: Ağrı dağı, Xan Araz, Savalan yüksəkliyi, Dərbənd, Borçalı, Ceyrançöl, Qarayazı meşələri, gedə bilmədiyimiz Göyçə, Dərələyəz, uşaqlıq illərinin keçdiyi Gözəldərə yaylaqları, Şuşa, Ağdam, Cəbrayılın Ağoğlan, Tey, Tumas Ata zirvələri Ə.Talıbğolunun yazılarından boy verib boylandı gözlərim önündə. Əcaba, parçalanmış, bölünmüş bir məmləkət bu boydamı olub?

 

İtirdik Təbrizi, Dərbəndi belə,

İtirdik nə qədər şanlı torpağı.

Muğam Dünyamızın beşiyi olan

İtirdik müqəddəs o Qarabağı.

 

İtirdik Göyçətək incə gözəli,

Qədim Borçalını, Xan İrəvanı.

Babam Xətaidən yadigar qalan

Qiblə saydığımız yurdu, yuvanı...

 

İtirdiklərinin fərqində olan şair təlatümlərini, iztirablarını “Dərd yüküm” şeirində davam edir:

 

Talan olmuş könlümdə

Borçalının öz yeri,

Göyçəninsə köz yeri..

Təbriz, Dərbənd dağ yüküm,

Araz, Samur göz yaşım..

 

“Torpaq dərdi, el dərdi, viran qalmış yurd dərdi” ağır dərddir, onu çəkənlər bilər, - deyib də hayqırır şair - vətəndaş. İnanmırsınızsa, təhər-töhrünə baxın, gözlərinin dərinliyindəki kədəri, iztirabı sezərsiniz yəqin.

Ə.Talıboğlunun “Ayrılıq həsrəti”, o yerlərə sevgisini şeirlərində qəm karvanının sakinlərinin, yolçularının dədə-baba torpaqlarından zorla qovulmuş, məmləkətin içərilərinə sürgün edilmiş qaçqın-köçkün qardaşlarının dili ilə kədərini, qəmini-niskilini izhar edir:

 

Yağı düşmən tapdağında

qoyub gəldiyim

o dağlar, o dərələr üçün

ürəyim əsim-əsim əsərdi,

İyirmi illik ayrılıq həsrəti

qınında pas atan qılınc kimi

səbrimi kəsərdi.

 

Bax, beləcə, elindən-obasından, yurdundan-yuvasından olanlara şair yoldaş olur, sirdaş olur, elin-obanın toylu-büsatlı, çal-çağırlı günlərini yada salır, onlara ürək-dirək verir, dərdlərinə məlhəm olur, geri dönəcəyimiz günlərin uzaqda olmadığını xatırladır.

 Ələsgər müəllim bir dərd şairi olaraq nə qədər qəmdən-ələmdən, itirdiklərimizdən, yurd yerlərimizin nisgilindən yaraları qövr etsə də, bədbin notlara söykənsə belə, sonda oxucuda bir nikbinlik, ruh yüksəkliyi yaradır, onu işıqlı sabaha səsləyir, Yaradana tapınmağa sövq edir. Şairin uğuruda elə bundadır.

 

Günəş olmaq istəyirəm...

 Səhər-səhər üfüqlərdən

Pərdə-pərdə boylanaraq,

Zərrə-zərrə, qətrə-qətrə

Öz nurumla, şəfəqimlə

Ömürlərə calanam...

 

İnsan olmaq istəyirəm...

Neçə-neçə ürəklərdə

Lövbər salıb, bina qurub

Əbədi yurd tapam mən.

 

“Qarabağda doğulmuş şair qardaşlarıma” şeirində şair daha inamlıdır, daha nikbindir, eləcə də “Gedəcəm” şeirində.

 

Yolları kəsilən Xocalı, Laçın,

Qolları kəsilən Xocalı, Laçın,

Açın bənd-bərəni, yolları açın,

Bu yaz Qarabağa bir səfərim var.

 

XX əsrin II yarısı və yaşadığımız XXI əsrin çağdaş ədəbi mühitinin böyük bir yaradıcı nəsli, yazarları deyərdim ki, Məmməd Araz bulağının suyundan içib, onun yaradıcılığından bəhrələniblər. Onlardan  biri də Ə.Talıboğludur. Ələsgər müəllim  bunu M.Araza həsr etdiyi “Haqqı var dağların bizdən küsməyə”, “M.Araz gəzən yerdir”, “Ömür yaşadım” və bir çox şeirləri ilə sübuta yetirir, ustad şairin yaradıcılığına üz tutur. M.Arazın “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” məşhur kəlamı Ə.Talıboğlu yaradıcılığının epiqrafı kimi səslənir. Onun bütün yaradıcılığı öz qayəsi, çalarları, rəngarəngliyi ilə M.Araz zirvəsinə köklənir, ondan nəfəs alır, ondan bəhrələnir, onun estafetini qəbul edir:

 

Hayana getdimsə, izini gördüm,

Hər yanan ürəkdə közünü gördüm.

Min dildə, ağızda  sözünü gördüm,

Məmməd Araz gəzən yerdi bu yerlər.

 

Vətəninə, elinə-obasına, torpağına, əsrarəngiz təbiətinə olan sevgisi, mehri M.Araz irsindən, müəllimi, ustadı olan Adil Mirseyiddən gəlir. Onun firçasından çıxan rəsmləri, tabloları, sənət əsərlərini Ələsgər müəllim söz sərvəti ilə cilalayır, oxucusunu ofsunlayır, üz tutur dağlara, dərdini-sərini dağlarla bölüşür. “A qırçın qayalar, ay uca  dağlar” şeirində olduğu kimi.

 

Çeşmə üstə neçə ocaq çatmışam,

Nur damcılı nurlu şehə batmışam,

Gədiklərdə yorğun düşüb yatmışam,

Olubsuz dayağım, pənahım mənim.

 

Ə.Talıboğlu bütün yaradıcılığı boyu dağlara üz tutur, dağlarla dərdləşir, onun müdrik zirvəsindən, əzəmətindən, daşlaşmış, heykəlləşmiş sal qayalarından, qıy vuran qartallarından, insankeçməz bərələrindən ilhamlanır, təsirlənir. Söz sərraflarımız, ustadlarımız, ürfan sahibləri, salnaməçilərimiz bütün dövrlərdə dağlara səcdə ediblər, dağları müqəddəs sayıblar. Hətta qız-gəlinlərimiz qaynataları kimi dağlara baxanda yaşmanıblar, bakirəlik rəmzi kimi dağların müqəddəsliyindən, saflığından ilhamlanıb, pərvazlanıblar. Ə.Talıboğlun şeiriyyata, poetik düşüncələrə, söz savaşına gətirən də elə onun dağlara, el-obaya, yurd yerlərinə ilahi vətən sevgisidir.

Bu sevgidən zəif cinsə də yetərincə pay düşür. Şairin qayğısız uşaqlıq, gənclik çağları nə qədər qayğılı, sızıltılı, təlatümü keçsə belə bir kəndçi balası olaraq yetərincə sevdalı anlar yaşayıb, sevdiyinin həsrət yükünü çəkib, kim bilir, bəlkə elə indi də çəkməkdədir, “Sən gedəli” şeirində olduğu kimi:

 

Sən gedəli-

Hər qaranlıq, zülmət gecəm,

Sanki mənə gündüz olub.

Sənsizliyə təşnə könlüm

Viran olub, dümdüz olub.

 

Sən gedəli-

Pozulubdu düzənim,

Dağılıbdı büsatım.

Qayıt gəl ki, axarına

Qoy düşsün bu həyatım.

 

“Sənsizlik nəğməsi”, “Sənsizliyim”, “Məhəbbət nəğməsi”, “Nə sən duydun, nə də mən” və s. kimi şeirləri hər üç kitabındakı silsilə şeirlərinin hər biri şairin keçirdiyi duyğulu anları qəlb çırpıntıları, həsrət nəğmələridir. Onun “Sənsizlik nəğməsi” və əksər şeirləri sanki hazır bəstədir, bir o qalır ki, diqqətli, axtarışda olan bəstəkarlar Ə.Talıboğlunun mirvari düzümlü sözlərini nota çevirsinlər. Bu həm istək, arzu, həm də Ə.Talıboğlunun ürək çırpıntılarının, sevgi nəğmələrinin musiqi nəğmələrinə çevrilməsi olardı.

 

Göylər solğundu sənsiz,

Könlüm yorğundu sənsiz.

Nə bu sahil mənimdi,

Nə də bu mavi dəniz.

Sənsiz hər şey dəyişib,

Saçlarıma dən düşüb.

Ayrılıq günlərində

Gözlərimə çən düşüb.

 

Görün necə axımlı, necə duyğuludur bu sətirlər. Şairin bu səpkidən qoşma və gəraylıları, təcnis və bayatıları sədəfli saz üstə köklənmiş şeirlər kimi olduqca diqqətçəkən və ürəyə yatımlıdır.

Ə.Talıboğlunun “Yurd həsrəti” poeması çağdaş, ədəbi mühitimizin parlaq bir poema nümunəsidir. Əsər sanki bir simfoniyadır, bircə musiqisi çatmır. Poemanın süjet xətti şairin  timsalında sadə bir kəndçi ailəsinin yaşam tərzinin canlı təsviridir. Şairin keşməkeşli uşaqlıq illəri, erkən atasını itirməsi, ana ümidinə qalmasına baxmayaraq, ögey atanın onu bir övladı kimi sevib-əzizləməsi oxucunu son dərəcədə təsirləndirir:

 

Məni doğma balası kimi

Elə hey qucaqlayıb öpə-öpə,

Mənsə onun sevgisini

Gözlərimə təpə-təpə

Yeni bir ömür başladıq,

Beləcə, şad, xürrəm yaşadıq.

 

Dünyaca məşhur “Ögey ana” filmindəki ana obrazı nə qədər təsirlidirsə, Ə.Talıboğlunun “Yurd həsrəti” poemasındakı ögey ata obrazı da bir o qədər təsirlidir, kövrəldicidir. Deyərdim ki, çağdaş ədəbi mühitimizdə ögey ata obrazının belə səmimi sevgi ilə yazılması təsviri həm də Ə.Talıboğluna məxsusdur. Bu insanlığı, doğmalığı vəsf edən bir şeir nümunəsidir.

Ailə münasibətləri ilə yanaşı, o böyüyüb başa çatdığı Dərələyəz ellərini, Gözəldərə yaylaqlarını, onun sərin buz bulaqlarını, qıy vuran qartallarını tərənnüm edir, o yerlərə qayıdacağı günün həsrətini çəkir:

 

Arada  nə qədər olsa da dağ-daş,

Yağılar o yerdə qursa da bardaş.

Yediyim çörəyə and olsun, qardaş,

Bürünüb imana, dinə, gedəcəm.

 

Təkcə “Yurd həsrəti” poemasında deyil, bütün yaradıcılığı boyu Ələsgər yurd həsrətlidir, yönü vətənə sarıdır, ünü vətən çağırır. Oxucuya doğma Qarabağımızın, Şuşanın alınacağı günün uzaqda olmadığını vurğulayır, bütöv Azərbaycan ideyalarını aşılayır.

 

Nazir Çərkəzoğlu,

Yazıçı-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

 




Ana səhifəyə qayıt        Baxış: 1 173          Tarix: 5-07-2017, 18:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma