Xəbər lenti
 
XIX əsrin ortalarında İran məmləkəti çaxnaşma içində idi. Şiraz şəhərində Seyid Əli Məhəmməd adlı bir gənc 1844-cü ildə bəyan etdi ki, O İlahi Vəhyin daşıyıcısıdır. O, ərəbcə mənası Qapı olan “Bab” ləqəbini götürür və İranda öz miqyasına və kütləviliyinə görə misli-bərabəri olmayan babilər hərəkatını alovlandırır. Ona ilk 18 şəxs iman gətirir. Onların on yeddisi kişi və biri tarixdə müxtəlif adlarla tanınan –Tahirə Qürrətüleyn idi. Hərəkat yatırılır, 150 min babi qətlə yetirilir, həbsxanaya salınır və ölkəndən qaçır. Bab 1850-ci il iyul ayının 9-da Təbriz şəhərində camaat qarşısında güllələnir və bütün şagirdləri, o cümlədən Tahirə Qürrətüleyn amansız üsullarla qətlə yetirilir.
Həyatı və mübarizəsi. Həmin qadının əsl adı Fatimə idi. Qəzvin şəhərində 1817-ci ildə türk (azərbaycanlı) ailəsində anadan olmuşdu. Bu ailədən olan üç qardaş – Molla Məhəmməd Tağı (həm də Tahirənin qaynatası), Molla Məhəmməd Saleh (Tahirənin atası) və Molla Məhəmməd Əli öz dövrlərinin müctəhidləri idilər. Tahirə belə bir məşhur ailədə dünyaya gəlmişdi.
“Qürrətüleyn” (yəni, “gözümün təsəllisi”) adını ona dövrün mücdəhidi Seyid Kazım Rəşti, “Tahirə” (yəni “pak”) adını isə ona Bab vermişdi. Ona Zərrintac (“Qızıl Tac”) da deyirdilər. Onun biliyi və bəlağətli danışığı öz dövrünün ən bilikli kişilərini mat qoyurdu. Heyrət doğuran o idi ki, Tahirə təfsir və şərh məsələlərinin yalnız kişilərin inhisarında olması ənənəsini pozaraq, İslamın 1400 illik tarixində Qurani-Kərimin ilk qadın təfsirçisi olmuşdu. Kərbəla və Nəcəf şəhərlərində keçirilən dini disputlarda pərdə arxasında iştirak edən yeganə qadın idi. Ailələli idi, iki oğlu və bir qız övladı var idi. Babilər hərəkatına qoşulanda qohum-əqraba ondan imtina etmiş, atası onu kafir elan etmiş, ərindən boşanmış və uşaqları əlindən alınmışdı. Hərəkat başlayanda Tahirə həm İslamın görkəmli yeganə qadın alimi, həm də dövrünün məşhur şairəsi kimi tanınmış 27 yaşlı nüfuzlu bir şəxsiyyət idi.
                       
Tahirənin ictimai statusu. Onun məqamı babilər hərəkatında tutduğu rəhbər mövqe ilə məhdudlaşmırdı. Onun fəaliyyətində ictimai təlatüm doğurmuş, həm babilər hərəkatında, həm də bütün dünyada ictimai-siyasi proseslərin gedişini dəyişmiş məqamlar olmuşdur. Tahirə tarixə ilk öncə qadın azadlıqlarının carçısı kimi daxil olmuşdur. O, İslam Şərqində çadrasını nümayişkanə atmış ilk müsəlman qadını idi. Bu hadisə 1848-ci ildə babilərin Bədəşt konfransında iştirak edən 80 nümayəndənin (Tahirə onların arasında 81-ci yeganə qadın nümayəndə idi) gözü qarşısında baş vermişdi. Onun bu hərəkəti konfrans nümayəndələrini o qədər heyrətə salmışdı ki, nümayəndələrdən biri hətta qəzəbindən öz boğazını kəsmiş, qalanları isə nifrətlə ona hucum etmişdilər. Lakin Tahirə özünün möhkəm iradəsi, soyuqqanlığı və bəlağətli nitqi ilə qəzəblənmiş kişiləri sakitləşdirmiş, onları geriyə çəkilməyə və ona qulaq asmağa məcbur etmişdir.  O üzünü onlara tutaraq demişdir:
                       
Qalxın, qardaşlar, Quranın dedikləri yerinə yetdi, yeni era başlamışdır. Mən sizin bacınız deyiləmmi, sizsə mənim qardaşım? Siz mənə həqiqi bir dost kimi baxa bilməzsinizmi? Əgər siz beyninizdəki şər fikirləri çıxara bilmirsinizsə, onda siz həyatınızı böyük iş üçün necə verəcəksiniz? Siz bilirsinizmi ki, sizin bu qədər ciddi-cəhdlə yerinə yetirdiyiniz üzü örtmək adəti Məhəmməd ə.s.tərəfindən əmr edilməyib? Xatırlamırmısınız ki, o ardıcıllarını göndərirdi ki, bəzi məsələləri gedib onun xanımından soruşsunlar? Gəlin qadınlarımızı azad edək və cəmiyyəti islah edək. Gəlin mövhumat və xudbinlik qəbirlərindən qalxaq və Qiyamət Gününün yaxın olduğunu bəyan edək; onda bütün dünya vicdan azadlığına və yeni həyata cavab verəcək! Bu qiyamət Şeypurunun səsi mənəm......”
Bədəşt konfransında Tahirə iştirakçıları arasında münaqişəyə səbəb olan başqa bir iddia ilə çıxış edir. O, özlərini İslam daxilində dinin saflığıı bərpa edən və İslamın şəriət qaydalarına bağlı olan babiləri bu dindən çıxmağa və şəriəti bir kənara qoymağa çağırır, Babın təliminin düzgün anlamadıqlarını və onun əslində Allahdan nazil olan Yeni İlahi Vəhy olduğunu söyləyir. Bu iddialar hərəkat iştirakçılarını daha da çaşqınlığa salır və bununla razı olmayanlar babilikdən çıxdıqlarını bəyan edib, konfransı tərk edirlər. Yerdə qalan konfrans iştirakçıları isə Tahirə ilə yekdil fikirdə idilər. Tahirə bu sözlərlə konfrans iştirakçılarına müraciət edir:
Bizim günlərimiz aralıq dövrlərdir. Bu gün bütün dini vacibatlar aradan qaldırılır və namaz, oruc və salavat əbəsdir. Bab yeddi səltənəti fəth edəndə və müxtəlif dinləri birləşdirəndə o yeni şəriət gətirəcək və öz Quranını icmaya təqdim edəcək. Onun əmr etdiyi hər bir mükəlləfiyyət yer üzünün insanları üçün məcburi olacaq. Ona görə də özünüzü dəyərsiz şeylərlə yükləməyin...Sizin hamınız bu gün bilməlisiniz ki, Allah özünü zahir edib və Quranın hökmü aradan qaldırılıb: bizə göydən yeni kiitab nazil olub və bizə yeni qanun verilib, biz insanlar arasında yeni qanununu yaymalıyıq.”
Tahirənin poeziyası.Tahirə XIX əsrin 40-cı illərində İranın görkəmli şairəsi idi. İranda babilər hərəkatı yatırılan zaman xüsusi fətva ilə lənətləndiyinə və öldürüldüyünə (1852-ci ildə) görə şeirlərinin böyük hissəsi toplanmış və məhv edilmişdir. Lakin bizim dövrə kimi gəlib çatmış bəzi şeirləri özünün azadlıq ruhu ilə seçilir. Əslində, o poetik ifadənin yeni ritmini və yeni tərzinin banisidir. Tahirə cəmiyyətdə modernizmin təbliğatçısı idi və onun yayılmasına çalışırdı. Poeziyada isə o eksperimentlərin və dəyişikliklərin tərəfdarı idi.Tahirə modern İran poeziyasının banisi idi.
 Gözlərimi qaldıra bilsəm, 
 Qarşında dayanıb üzünə baxsam
 Sənə dərdimi söyləyərdim
 Nöqtəbənöqtə, sözbəsöz.....
 Üzünün nuru parladı, 
 Çöhrənin şüaları yüksəldi
 Sonra söylə, “Mən sənin Rəbbin deyiləmmi?
 Bəli, Bəli, cavab gələcək.
 Deyiləmmi”? şeypur səsi, 
 Alqışlamaq üçün bəla 
 Təbilini necə ucadan çalmalı!
 Ürəyimin qapısında bəla qoşunu 
 Ayaq döyüb, toplanır.....
 Ətirli saçlarımın mən zülfünü açsam,
 Hər bir ceyranı mən heyran edərəm.
 Bu nərgiz gözlərimə sürməni çəksəm,
 Bütün dünyanı ehtirasdan mən məhv edərəm.
 Hər dan yeri çöhrəmi görmək üçün
 Göylər qızılı güzgüsün qaldırır.
 Bir gün kilsənin yanından keçsəm
 Bütün nəsrani qızları dinə gətirərəm......
 Ey qafil, məhbub gəlib, oyan!
 Yuxu və nəfs tozunu silib at, oyan!
 Bax, xoş məram gəlib,
 Onun qarşısına göz yaşı ilə çıxma, oyan!
 Acılar təbibi yanına gəlib,
 Ey daş ürəkli, oyan!
 Ey hicran xəstəsi,
 Yarla vüsal müjdəsinə bax, oyan!
 Sən ey xəzan olub solan,
 İndi Bahar gəlib, oyan!
Tahirənin poeziyası haqqında müxalif fikirlər söylənilir. Tahirənin şeirlərinin ilk toplusu onun ölümündən yüz il sonra çap edilmişdir. Tahirənin bəzi şeirlərini başa düşmək çətindir. Onların dili mücərrəd anlayışlarla doludur. O nəinki ərəb və fars dillərini qarışdırır, həm də babi jarqon və kodlarına təkrar-təkrar istinad edirdi. Onun istifadə etdiyi mistik eşq obrazı və dil İlahi Məzhərə hər şeyi yandıran məhəbbəti və ona möhkəm bağlılığı üzə çıxarır.
 Sənin eşqinin həsrətində, ey sevgili, 
 Bəlaların aşiqi mənəm.
 Sən məndən niyə belə qaçırsan?
 Hicranından üzgün mənəm.
 Sən üzünü qapamısan, 
 Saçlarını qarışdırmısan,
 Sən insanları tərk etmisən, 
 Necə ki guşənişin mənəm.
 Süd də sənsən, bal da sənsən, 
 Ağac sənsən, meyvə sənsən,
 Günəş sənsən, ay da sənsən,
 Ləkə mənəm, zərrə mənəm.
 Palma sənsən, xurma sənsən,
 Şəkər ləbli sevgilisən,
 Gözəl ağa, əziz sevgi,
 Cəsarətli qulsa mənəm.
 Məkkə sənsən, Tək də sənsən,
 Məbəd sənsən, məqam sənsən,
 Sevgili möhtərəm sənsən,
 Bir miskin aşiqsə mənəm.
 “Mənə gəl”
 İşvə ilə eşq söylədi,
 Kibir və təşəxxüsdən azad, 
 Təkin zühurusa mənəm.”
 Tahirə sənin ayağının tozu,
 Üzünün şərabından məst olmuş.
 Sənin kərəmini gözləyən,
 Etirafçı günahkar mənəm.
Tahirənin qətli. Müstəbid şahın, cahil ruhanilərin Tahirənin əleyhinə çıxmalarına baxmayaraq, o, həqiqəti söyləməkdə bir an da olsa tərəddüd etməmiş, ölümün gözünün içinə dik baxmışdır. Nəsrəddin şah Tahirə ilə görüşmək arzusunda olduğunu söyləyir. Əyanların təzyiqinə baxmayaraq, Tahirə şahın görüşünə çadrada getməkdən imtina edir. Tahirə şahın məqamına daxil olanda, onu bu görkəmdə görən şah özünü bir müddət itirir. Tahirənin üzünə baxmadan və gözlərini yerdən qaldırmadan Tahirəyə dini qaydalara hörmətlə yanaşmağı, öz inancından imtna etməyi tövsiyə edir, ona Məleykə qismində şah hərəmxanasına daxil olmağı təklif edir. Tahirə şahın bu təklifini istehza ilə öz şerindən bir beyt söyləyib otaqdan çıxır.
Sənə sənin səltənətin, cahü-cəlalın,
Mənə isə zahidin yolu və vəsiləsi
Əgər o yaxşıdırsa, özünə saxla,
Əgər bu pisdirsə, mənim ismətim. 
                       
Ölümə məhkum edildiyini eşidəndə, şahidlərin dediyinə görə Tahirə edam icaraçılarına aşağıdakıları söyləyib: “Siz məni istədiyiniz kimi öldürə bilərsiniz, lakin qadınların azadlıq hərəkatını heç vaxt saxlaya bilməzsiniz”.
                       
Tahirə Tehranın Elxani bağında 1852-ci ildə boğulub öldürülmüşdür. Bir ehtimala görə cəsədi suyu qurumuş quyuya atılmış və daşla doldurulmuş, başqa bir ehtimala görə isə cəsədi yandırılıb, külü göyə sovrulmuşdur. Fransız səfiri Qobino 1865-ci ildə çap edilmiş kitabında yazır ki, Tahirə əvvəlcə boğulmuş, sonra isə şahidlərin gözü qarşısında yandırılmışdır. Onun qalıqları qurumuş su quyusuna atılmış və üstünə də torpaq və daş tökülmüşdü.
Bir səməndər ol, bir pərvanə ol, mən demirəm
Yandırılmaq istəyirsən, cəsur qalmalısan.....
Tahirənin tədqiqi. Azərbaycanda Tahirənin həyatı və ictimai fəaliyyəti çox məhdud şəkildə tədqiq edilmişdır. Onun həyatı, münbarizəsi və yaradıcılı haqda sanballı əsər demək olar ki, yoxdur. Əsas diqqət onun şairəlik fəaliyyətinə verilmişdir. Bu sahədə Sabir Gəncəli və Əzizə Cəfərzadənin tədqiqatları olmuşdur. Əzizə Cəfərzadə ona həsr olunmuş “Tahirə Zərrintac” romanını yazmışdır. Onun əsas ictimai fəaliyyət nə Sovet tarixçiləri tərəfindən, nə də indiki dövrdə Azərbaycan tədqiqatçıları tərəfindən demək olar ki, işıqlandırılmamışdır. Onun irəli sürdüyü sosial ideyaların, xüsusən də qadın azadlıqları barədə söylədiklərinin üzərindən səthi keçilmişdir və bu haqda bu gün də danışılmır. Bu onunla əlaqədar idi ki, Sovet ideologiyası Şərq qadınlarına azadlığı Sovet Dövlətinin verdyini iddia etməklə, Tahirə kimi şəxsiyyətin qabardılmasını istəmirdi.
Azərbaycandan fərqli olaraq dünyanın hər yerində, öncə qərb ölkələrində Tahirənin həyatı və mübarizəsi daha ətraflı tədqiq edilmiş, onun haqqında xeyli miqdarda elmi monoqrafiya və məqalələr bədii, elmi, elmi-populyar əsərlər yazılmış, rəsm əsərləri və kinokliplər çəkilmişdir. Qeyd etməyə dəyər ki, Tahirənin adını qərbin heyranlıq və ehtiramla çəkən məşhur şəxsiyyətləri arasında Lord Kurzon, Jozef Artur, Qobino, Professor Çeyne, Ser Françis Advard Yonqhasband, Arminus Vamberi, Edvard Braun, A.L.M. Nikolas, Marta Rut, Laura Dreyfus Barni, Klara Edc, Alessandor Bausani, Mərziyə Qeyl, Con Hetçer, Yan Ripka və Annemari Aximelin vardır. Edvard Braun yazır: “Qürrətül-Eyn kimi bir qadının meydana çıxması,istənilən ölkədə və istənilən dövrdə nadir bir fenomendir, lakin İran kimi bir ölkədə bunun olması qeyri-adi haldır– xeyr, demək olar, bir möcüzədir. Onun ecazkar gözəl-liyinin xüsusiyyətləri kimi, onun nadir intellektual istedadı, onun coşğun bəlağəti, qorxmaz cəsarəti, şərəfli şəhidliyi ilə o öz həmvətənləri arasında müqayisəyəgəlməz və ölümsüz bir mövqedə dayanır. Əgər Babın dini heç bir böyüklüyə iddia etməsəydi, onun Qürrətül-Eyn kimi bir qəhrəmanı doğurması .... kifayət edərdi.”
           
Avstriya prezidentinin anası və Yeni Qadın Hərəkatının banisi Marianna Hainsisch da elə həmin il Tahirənin həyatından ilhamlanmışdır. O 1925-ci ildə yazırdı: “Mənim bütün həyatım boyu ən böyük qadınlıq nümunəsi Qəzvinli Tahirə olmuşdur. Onun həyatı və ölümü barədə eşidəndə mənim cəmisi on yeddi yaşım vardı, amma mən onda dedim: “Mən Avstriya qadınları üçün o şeyləri etməyə çalışmalıyam ki, onları İran qadınları üçün etmək naminə Tahirə həyatını qurban etdi.”
           
Rus dramaturqu İzabella Qrinyevskaya “Bab” presini yazmış, orada Tahirə obrazına geniş yer vermiş, əsər 23 yanvar 1904-c ildə Snakt –Peterbur şəhərində səhnəyə qoyulmuşdur.
Təkcə Hindistanda və Pakistanda Tahirənin həyat və yaradıcılığından təsirlənmiş məşhur şəxslərin siyahısına bu adlar başçılıq edir: Məhəmməd İqbal, Şeyx Əbdül Qədir, Xavaja Həsən Nizami, Süleyman Nazim Bəy, Sarojini Naidu, M. Hidayət Hüseyn, Əbdül-Həlim Şərar, Əziz Əhməd, Zahir Kəşmiri, Həbib Cəlib, Cəmilə Həşmi, İntizar Hüseyn, Əbr Ehsani Qinnori, Rəis Əmrahvi və Kişvər Nahid.
Müasir Şərq fəlsəfəsinin anisi Məhəmməd İqbal “Cavidnamə” poemasında deyir:
 Düşünmə ki, Tahirə bu dünyanı tərk etmişdir,
 Bəlkə o öz dövrünün vicdanında qalmışdır. 
Pakistanlı tədqiqatçı Sabir Afaqi Tahirə haqqında yazır: “Tahirə kimi tanınmış - şairə, yazıçı, insanlar və insanlğın yüksəlişi naminə əhəmiyyətli olduğuna inandığı iş üçün yaşayan və ölən görkəmli bir qadın - Qürrətül-Eyn tarix səlnaməsində bənzərsiz bir şəxsiyyətdir. O, cəsur, şücaətli, namuslu idi və doğru hesab etmədiyinə “yox” demək cəsarətinə və dürüstlüyünə malik idi. O, əsrlərlə yaranmış ziyanlı ənənə-lərə meydan oxudu və öz ölkəsinin qadınlarının azadlığı üçün əməli addımlar atdı, onlara şərəfə, azadlığa və firavanlığa çatmağın yeni yollarını göstərdi”.
                       
Türk şairi Nazim Hikmət ona nadir bir formada ehtiramını bildirmişdi: “Ey Tahirə, min Nəsrəddin şah səninlə öldü. Ey insan azadlığının şölə saçan alovu.” Böyük Türk şairi Süleyman Nazif Tahirə haqqında demişdir:
         
O, Janna Darkdan daha mötəbər, daha gerçək, daha görkəmli və daha böyük qəhrəmandır, Həvvadan tutmuş doğulacaq son qız övladına qədər, Qəzvindən olan bu gənc Türk qadınını xatırlayarkən, gözləri yaşaracaq və qürurla dolacaq. Ah! Təəssüf, Qürrətül`eyn! Sən min Nəsrəddin şaha, min Qacar sülaləsinə dəyərdin. Sənin qatillərin sənin külünü Tehranın üfüqlərinə səpmədilər, xeyr, o üfüqlərdən bəşəriyyətin ürəklərinə səpdilər. Hər bir ürək sənin məskənindir, Tahirə!”
Qərb ölkələrində Tahirənin adını daşıyan onlarca cəmiyyət, assosiasiya, qadın və qeyri-qadın təşkilatları fəaliyyət göstərir. Bunlar arasında ikisi daha məşhurdur:
“Tahirih Justice Centre (Tahirə Ədalət Mərkəzi, ABŞ);
“Tahirih Association (Tahirə Assosiasiyası, ABŞ);
Hazırda qlobal miqyasda dini təməlçiliyin baş qaldırdığı və qadın azadlıqlarına qarşı hücumların gücləndiyi dövrdə Tahirə kimi şəxsiyyətin Azərbaycan xalqına, xüsusən də gənc qızlarımıza tanıtdırılması böyük əhəmiyyət kəsb edir.

Azər Cəfərov
Bakı Dövlət Universteti, fəlsəfə doktoru, dosent
Ovqat.com



Ana səhifəyə qayıt        Baxış: 1 837          Tarix: 31-03-2017, 20:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma