Xəbər lenti

 

"The Guardian" yazır ki, ABŞ seçkisinə müdaxilə etdikləri söylənən hakerlərin hədəf coğrafiyası daha geniş olub.

Məqalədə deyilir ki, onların "zərbə siyahısında" Ukrayna zabitlərinin e-mail-ləri, rusiyanın müxalifət fiqurları, ABŞ-ın müdafiə kontraktçıları və Kremlin marağında olan minlərlə başqası olub.

Bəzi məlumatlara görə ABŞ prokurorları Demokratlar Partiyasının serverlərinə haker müdaxiləsində ittiham olunan 6 Rusiya rəsmisinə qarşı cinayət işlərinin qaldırılmasını planlaşdırırlar.

Associated Press agentlyinin əldə etdiyi materiallar hakerlərlə Rusiya hökuməti arasında əlaqə olduğuna dair daha güclü dəlillər verir. Bu materiallardan aydın olur ki, hakerlər Roma papasının Ukraynadakı nümayəndəsindən tutmuş Moskvadakı Pussy Riot qrupunun üzvlərinədək 4700 Gmail ünvanına daxil olmağa cəhd göstəriblər.

Cambridge-dəki Münaqişə Araşdırmaları mərkəzinin direktoru Keir Giles deyir ki, AP-nin əldə etdiyi materiallar bunun Rusiyanın maraq siyahısı olduğunu söyləməyə əsas verir.

Bu materiallar Secureworks adlı kibertəhlükəsizlik firmasının araşdırmaları nəticəsində aşkar olunub.

Secureworks bu araşdırma zamanı aşkar edib ki, Fancy Bear haker qrupunun əməliyyatları ilə ABŞ prezident seçkisininin son mərhələsini lərzəyə gətrimiş sızmalar arasında, ələlxüsus da Hillary Clinton-un email-ləri ilə bağlı sızmalar arasında bilavasitə əlaqə var.

"The Guardian" yazır ki, Donald Trump-ın kampaniya rəsmisi George Papadopoulos-a ruslarda Clinton-a dair çirkli məlumatların olması barəsində informasiyanın verilməsi məlum idi.

Kremlin sözçüsü Dmitri Peskov dəfələrlə bildirib ki, Rusiyanın ABŞ seçkisinə müdaxiləsinə dair iddialar əsassızdır. Lakin AP agentlyinin əlində olan materiallar bu iddiaların heç də əsassız olmadığını göstərir.

Macarıstandakı Pazmany Peter Katolik Universitetinin Rusiya təhlükəsizlik siyasəti üzrə eksperti Andras Racz deyib ki, o, müdaxilənin birbaşa Kreml və Rusiya Baş Qərargah İdarəsi tərəfindən edildiyinə şübhə etmir.

Ermənistanda balaca bir jurnal

"The Guardian" yazır ki, Secureworks-un siyahısı 2015-ci ilin mart ayından 2016-cı ilin may ayınadək olan müddəti və Birləşmiş Ştatlar, Ukrayna, Rusiya, Gürcüstan və Suriyada olan hədəfləri əhatə edir.

Bu da bəlli olub ki, Rusiyaya bağlı olduğu deyilən Fancy Bear qrupu Birləşmiş Ştatlarda keçmiş dövlət katibi John Kerry başda olmaqla ölkənin yüksək eşelonundakı 573 rəsminin elektron poçtlarını sındırmağa cəhd edib.

Bundan başqa Amerikanın müdafiə sənayesinə bağlı Boeing, Raytheon və Lockheed Martin şirkətlərinin, habelə ABŞ kəşfiyyatı nümayəndələrinin və təkcə Demokratlar Partiyasından 130 rəsminin email-lərinə müdaxilə cəhdləri olub.

Ukraynada isə hakerlər prezident Petro Poroşenko da daxil 545 rəsminin elektron poçtuna müdaxilə cəhdində bulunublar.

Bunların arasında bir vaxtlar Trump-ın kampaniya rəhbəri olmuş Paul Manafort-a ödənişləri faş etmiş Ukrayna millət vəkili Serhiy Leşşenko da var.

Fancy Bear hakerlərinin hədəfləri arasında Rusiya müxalifətinin liderlərindən Navalnı, keçmiş neft maqnatı Xodorkovski, Pussy Riot qrupundan Mariya Alyoxina kimi simalar var.

"The Guardian" yazır ki, bəzən haker hədəflərinin kimliyi məntiqə sığmır.

Məsələn, baş açmaq olmur ki, Rusiyanın Murmansk portundakı bir ətraf mühit fəalı və ya Ermənistandakı kiçik bir jurnal niyə hakerlərin diqqətini cəlb edib.

Moskva vaxtilə 9-dan 18-ə qədər

Məqalədə deyilir ki, Fancy Bear haker qrupunun Rusiyadan işləməsi barədə iddialar təzə deyil.

2016-cı il prezident seçkisindən sonra ABŞ kəşfiyyatı belə bir nəticəyə gəlmişdi ki, Fancy Bear Kremlin yaratdığı bir məxluqdur. Lakin bununla yanaşı kəşfiyyat gəldiyi nəticəyə dair çox az dəlil göstərirdi.

Lakin Secureworks firması Fancy Bear qrupunun istifadə etdiyi ziyanlı proqramlara əsasən haker müdaxiləsində onların "imzasını" üzə çıxara bilib.

Bundan da əhəmiyyətlisi odur ki, haker fəaliyyətlərinin əsasən Moskva vaxtı ilə səhər saat 9-dan axşam saat 6-ya kimi yer aldığı məlum olub.

Beləliklə də, bütün kibermüdaxilə fəaliyyətlərinin Rusiya üçün normal iş saatlarında baş verdiyi üzə çıxıb. Navalnının Antikorrupsiya Fondunun koordinatoru Artyom Torçinski deyib ki, hakerlərin Rusiya xüsusi xidmətləri tərəfindən idarə olunduğuna şübhə etmir.

Müdaxilə olunan hədəf və materialların həcmi nəzərə alınarsa bu işi nəhəng bir idarə görməli idi. Bu idarədə ingilis, gürcü, rus, ərəb və başqa dilləri bilən xeyli sayda tərcüməçi və təhlilçi olmalıydı.\\Milli.az




Ana səhifəyə qayıt        Baxış: 591          Tarix: 4-11-2017, 21:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma