Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən institusional islahatların tərkib hissəsi kimi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi istiqamətində mühüm addım atılıb. Dövlətimizin başçısının 2017-ci il 13 noyabr tarixli Fərmanına əsasən, "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə" təsdiq edilib. Qida Təhlükəsizliyi Agentliyinin 2018-ci il yanvarın 1-dən etibarən fəaliyyətə başlaması nəzərdə tutulub.
Ovqat.com xəbər verir ki, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji Planlaşdırma və İnkişaf Departamentinin rəhbəri Ramil Hüseyn Trend-ə bildirib ki, agentliyin yaradılması prosesində müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınıb. Həmçinin dəyər zəncirinin bütün mərhələlərini əhatə edən və risklərin təhlili yanaşmasına əsaslanan qida təhlükəsizliyi sisteminin formalaşdırılması hədəflənir. Agentliyin fəaliyyətə başlaması bu sahədə idarəetmənin səmərəliliyini və optimallığını təmin edəcək, pərakəndəliyi və təkrarlanmaları aradan qaldıracaq. Qida təhlükəsizliyi ilə bağlı vahid idarəetmənin tətbiqi resurslara qənaət edilməsinə, istehlakçı maraqlarının qorunmasına, ixrac və idxal proseslərində sənədləşmənin asanlaşmasına, xarici ölkələrə ixrac edilən qida məhsullarının qida təhlükəsizliyi sertifikatı ilə təmin edilməsinə, idxal olunan qida məhsullarının təhlükəsizliyinə, sahibkarlıq subyektlərində yoxlamaların azaldılmasına və şəffaflaşdırılmasına, genetik modifikasiya olunmuş qida məhsullarının ölkəyə idxalına nəzarətin gücləndirilməsinə səbəb olacaq.
Bununla həm də Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsinin qida təhlükəsizliyinə nəzarət sahəsində müxtəlif orqanların fəaliyyətindəki paralelliyin aradan qaldırılması və effektiv tənzimləmə sisteminin qurulması ilə bağlı tədbirin icrası təmin olunacaq.
"Ümumiyyətlə, bütün maraqlı tərəflərin iştirakçılığına və riskəsaslı yanaşmaya əsaslanan qida təhlükəsizliyi sisteminin yaradılması, ilk növbədə, Azərbaycan vətəndaşlarının keyfiyyətli qida məhsulları ilə təminatına xidmət edəcək", - deyə ekspert bildirib.
Qeyd edək ki, Prezidentin Fərmanı ilə həm də "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin strukturu" təsdiqlənib. Agentliyin Aparatının işçilərinin say həddi 75 ştat vahidi müəyyən edilib.
Eyni zamanda, Prezidentin Fərmanı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində publik hüquqi şəxs statuslu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu yaradılacaq. Bu barədə danışan Ramil Hüseyn qeyd edib ki, institut qida məhsullarının təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmaların aparılması, elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsinin həyata keçirilməsi, qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların layihələrinin hazırlanması və digər müvafiq fəaliyyətləri həyata keçirəcək.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətə başlaması gələcəkdə ölkənin beynəlxalq reytinqlərdə irəliləməsinə də öz töhfəsini verəcək. Belə ki, Agentliyin fəaliyyəti ölkənin Qlobal Rəqabətlilik İndeksində "İnstitutlar", "Səhiyyə və ibtidai təhsil", "Əmtəə bazarının effektivliyi" adlı alt indikatorları üzrə mövqeyinin yaxşılaşdırılmasına birbaşa və dolayı təsir edəcək.
Paylaş: