Uzun illərdir Azərbaycan mətbuatında yaşanan ən ciddi problemlərdən və əsl bəlalarımızdan biri də bəzi jurnalistlərimizin asan yolla populyar olmaq və ad-san qazanmaq xəstəlyinə yoluxmasıdır.
Ən dəhşətlisi də budur ki, bəzi həmkarlarımız ucuz şan-şöhrət qazanmaq üçün daha az əziyyət çəkməyə və daha asan üsullardan istifadə etməyə çalışırlar. Hətta elə həmkarlarımız var ki, digər jurnalistlərin mətbuatın hər hansı bir yazı janrı üzrə yazılar və məqalələr yazmaqla tanındıqlarını, nüfuz qazandıqlarını gördükdən sonra həmin janr üzrə özlərini sınamağa qərar verirlər. Məsələn, elə götürək köşə yazılarının və onların müəlliflərinin cəmiyyətdə və ictimaiyyətdə populyarlığının şahidi olub “köşə yazısı” yazanları və özlərini ictimaiyyətə “köşə yazarı” kimi sırmaq istəyənləri. Uzun illərdir ki müxtəlif yazıları və məqalələri öz şəkilləri ilə bircə qəzetlərdə dərc edənlər və ya etdirənlər, saytlarda qoyanlar, yaxud, qoyduranlar yazdıqlarını “köşə yazısı”, özlərini isə “köşə yazarı” kimi qələmə verirlər. Ona görə də Azərbaycan İnformasiya Mərkəzi və www.azim.az internet portalı növbəti sorğusunu sözügedən mövzuya həsr edib və sorğunun sualları aşağıdakı kimidir:
1. Köşə yazısı deyiləndə nəyi başa düşürsünüz?
2. Köşə yazısı necə yazılmalıdır?
3. Köşə yazılarının elektron və yazılı KİV-lərin populyarlaşmasında, mətbuatın inkişafında rolunu necə qiymətləndirirsiniz?
Sorğuda iştirak edən köşə yazarlarının fikirlərini oxucularımıza təqdim etməzdən əvvəl öz fikirlərimi də yazmaq qərarına gəldim.
Əvvəlcə bildirim ki, keçmiş SSRİ dövründə Azərbaycanda istər respublika əhəmiyyətli dövlət qəzetlərində, istərsə də bölgələrdə fəaliyyət göstərən rayon və şəhər qəzetlərində köşə yazarları və köşə yazarları olmayıb. Azərbaycan müstəqillik qazandıqdan sonra müstəqil qəzetlər yarandı və həmin mətbuat orqanlarında bəzi baş redaktorlar və redaksiyaların bəzi əməkdaşları tərəfindən “künc yazısı” yazıldı. Sonrakı illərdə Türkiyə mətbuatına bənzərlik üzündən və qardaş ölkənin mediasını təqlid etmək üçün “künc yazısı”nın adı dəyişdirilərək “köşə yazısı”, onun müəllifi isə “köşə yazarı” adlandırıldı.
Qeyd etmək istəyirəm ki, 2001-ci ildən başlayaraq uzun illər boyunca “Hərbi And”, “Hürriyyət”, “Həftə içi” və digər qəzetlərdə köşə yazıları yazmışam. Hətta bir neçə il əvvəl Türkiyənin məşhur «gazeteturka.com» saytının yeganə azərbaycanlı köşə yazarı olmuşam. Yazdığım köşələr arasında hərbi vətənpərvərlik, siyasi və sosial sahələrdə olan məsələləri, problemləri qabartmışam. “Hürriyyət” və “Həftə içi” qəzetlərində “Ordan-burdan” adlı rubrikamda “Arifə bir işarə bəsdir” məsəlini əlimdə şüar tutaraq köşə yazılarımı “ezop dilində”, yəni, üstüörtülü, eyhamlı və satirik formada yazmışam və məqsədimi yumoristik dillə oxucularımıza şatdırmışam. Mənim fikrimcə, köşə yazılarının hansı sahədə yazılmasından asılı olmayaraq, könkret fikir olmalı, məsələlərə və problemlərə yanaşma tərzi fərqlənməli, sonucda məqsəd ortaya qoyulmalıdır. Bir sözlə, köşə yazıları yeni ideyaların ortaya çıxmasına, qaranlıq məqamların aydınladılmasına, müəyyən təkliflərin irəli sürülməsinə xidmət etməlidir. Əks halda yazılan yazı köşə yazısı deyil, adi məqalə olacaq. Üstəlik, köşə yazılarının həcmi də kiçik olmalıdır. 3-4 min işarəlik köşə yazısında tam fikir açıqlanmalıdır və bu da jurnalistin, köşə yazarının peşəkarlığından asılıdır. Bəzi həmkarlarım isə bəzən 5-6 min işarəlik yazını köşə yazısı adlandırırlar. Bu da yanlış fikirdir.
Seymur Verdizadə: “Xəbər yaza bilməyənlər köşə yazırlar”
“Köşə müəllifin subyektiv fikirlərinin təzahürüdür. İfadə tərzi isə istedad məsələsidir”.
Bu sözləri Jurnalist Araşdırmaları Mərkəzinin sədri, tanınmış köşə yazarı Seymur VerdizadəAzərbaycan İnformasiya Mərkəzinin və www.azim.azinternet portalının sorğusunu cavablandırarkən deyib. O bildirib ki, Azərbaycanda jurnalistlərin bu janra müraciət etməsi müsbət haldır: “Hər bir vətəndaşın, o cümlədən, jurnalistlərin öz fikirlərini cəmiyyətlə bölüşmək hüququ var. Köşə yazarlığı bir institut kimi inkişaf etməli, jurnalistikada aparıcı janrlardan birinə çevrilməlidir. Amma köşə yazarı məişət səviyyəsinə enməməli, cılız intriqalardan uzaq qalmalıdır. Köşə yazarının geniş dünyagörüşü, zəngin həyat təcrübəsi olmalıdır. Köşə yazarı cəmiyyəti düzgün istiqamətə yönəltməyi bacarmalıdır”.
Jurnalist deyib ki, gənclər arasında köşə yazmağa meyl edənlərin sayının çoxluğu onu narahat edir: “Təcrübə keçmək üçün redaksiyalara üz tutan tələbələrin əksəriyyəti köşə yazmağa can atırlar. Hətta xəbər yaza bilməyənlər də köşə yazırlar. Bir az əvvəl də qeyd etdiyim kimi, köşə yazarının həm də zəngin həyat təcrübəsi olmalıdır. 19 yaşlı gənc jurnalist oxucu ilə hansı təcrübəsini bölüşə bilər? Redaktorlar gənclərə jurnalistikanın zirvəsinə pillə-pillə qalxmağı öyrətməlidirlər”.
Səbuhi Rəhimli: “Hər köşə yazan da köşə yazarı ola bilmir”
20 ildən artıqdır ki müxtəlif qəzet və saytlarda köşə yazısı ilə çıxış edən publisist, jurnalist Səbuhi Rəhimli sorğumuzun suallarını cavablandırarkən bildirib ki, köşə yazısı konkret anlayış deyil, bir yazarın sosial-ictimai, dini-mənəvi və mədəni-siyasi həyata subyektiv baxışının təzahürüdür: “Hətta bunu dediklərimlə də yekunlaşdırmaq olmaz. Çünki köşə yazılarına ədəbi-bədii, fəlsəfi, publisistik, hətta esse janrlarını da sığışdırmaq mümkündür. Köşə yazıları bir qayda olaraq aktual mövzuları əhatə etməli, bəzən gündəm xəbərlərinin tərkib hissəsinə çevrilməli, həcmcə kiçik, məzmunca bitkin, qrammatik cəhətdən sadə dildə olmalıdır. Köşə yazarı cəmiyyətin bütün sahələri barədə informasiyaya, ensiklopedik biliyə malik olmalıdır. Çünki təcrübə göstərir ki, bir mövzu üzrə yazılan köşələr maraqlı olmur”.
Səbuhi Rəhimli əlavə edib ki, köşə yazarı olmaq jurnalistikanın ən mürəkkəb formasıdır. Hər köşə yazan da köşə yazarı ola bilmir. Milli mətbuatımızda bu titulun daşıyıcısı olan 7-8 populyar, oxunan yazar var. Halbuki yüzə yaxın insan müntəzəm şəkildə köşə yazısı ilə çıxış edir. Köşə yazısı mətbu orqanın brendidir, tirajıdır, çəkisidir: “Türkiyə mətbuatında köşə yazarları ən çox qonorar alan qələm əhlidir. Bizdən fərqli olaraq onlarda bir yazı bəzən 4-5 günə ərsəyə gəlir. Çünki onlar redaksiyada oturub yarım saat içərisində bəsit, çeynənmiş mövzuları təkrarlamırlar. Qardaş ölkədə çıxan köşə yazıları tərcümə olunaraq Avropanın, hətta ABŞ-ın ən populyar mediasında yayılır, ən azından o köşədən sitatlar gətirilir, istinad edilir. Bizdə isə ayda-ildə bir dəfə hanısasa yazarın fikirlərinə Türkiyə mətbuatında yer ayrılır. Demək ki, daxili auditoriyadan kənara çıxa biləcək mövzuları tuta bilmirik. Tuta bilsək belə, təhlilimiz dünya standartlarına cavab vermir. Burada bir haşiyə çıxmaq istəyirəm, sonuncu Çeçenistan müharibəsi başlayanda “Vaşinqton Post”dan yaşlı bir köşə yazarı gəlmişdi. Ona müharibə mənzərəsinə aid köşə yazması üçün 40 min dollar qonorar ayırmışdılar. Üstəlik, yol, istirahət və yemək xərcləri də ayrıca ödənmişdi. Jurnalist deyirdi ki, əgər yazım üz səhifədə bir cümlə ilə verilsə, əlavə 2 min dollar, şəkil və giriş cümlələri ilə verilsə, 5 min dollar, yox əgər manşetə çıxarılsa, 20 min dollar əlavə alacağam. Məncə bu məbləğin cəmi 10 faizi Azərbaycan yazarına ödənilsə, yəqin dünya səviyyəli köşə müəllifləri yetişə bilər. Çünki maddi həvəsləndirmə yaradıcı adama həmişə stimul verir”.
Xalid Kazımlı: “Əsl köşə yazarı mütləq yazıçı olmalıdır”
“Yeni Müsavat” qəzetinin köşə yazarı Xalid Kazımlı sorğumuzun sualarını cavablandırarkən deyib ki, köşə yazısı jurnalist yaradıcılığının zirvəsidir. Bu, müəllifin şəxsi qənaətlərindən, müşahidələrindən, təəssüratlarından ibarət essedir. Köşə yazısı onu yazanların hansısa mövzuya dair subyektiv fikirləridir: “Köşə yazısı sadə dillə yazılmalıdır, içində aydın fikirlər olmalıdır. Həcmi mümkün qədər lakonik olmalıdır, yəni, 3-4 min işarə. Uzun-uzadı təhlillər köşə yazsını analiz yazısına çevirə, köşə yazılığından çıxara bilər. Ona görə də yazının həcminə, məzmununa ciddi fikir verilməlidir”.
Tanınmış köşə yazarı vurğulayıb ki, bir zamanlar köşə yazıları çox populyar idi və minlərlə oxucu məhz ayrı-ayrı müəlliflərə görə qəzet alırdılar. Elektron medianın, saytların inkişafı köşə yazarlarının yaradıcılığını bir qədər arxa plana keçirib. İndi oxucular mediiada daha çox xəbər axtarır, sonra baş verən hadisələrin təfərrüatını, təhlilini öyrənmək istəyirlər: “Ancaq bu, o demək deyil ki, köşə yazılarının bazarı bağlanıb. Elə deyil. Maraqlı, koloritli yazılar yazan köşə yazarlarının fikirlərinə həmişə ehtiyac olacaq. Qardaş Türkiyədə onları «fikir babası» adlandırırlar. Çox zaman siyasilər məhz köşə yazarlarının ortaya atdığı hansısa fikirin dəmir məntiqinə söykənərək çıxışlar edir, açıqlamalar verirlər. Köşə yazarlığı haqqında ən unikal tərifi Orxan Pamuk «Qara kitab» romanında yazıb. Əsl köşə yazarı mütləq yazıçı olmalıdır. Adam yaxşı köşə yazarıdırsa, roman, povest yaza bilər. Amma hər romançı köşə yazısı yaza bilməz”.
Elgün Mənsimov: “Köşə yazarından xüsusi manevr və bacarıq tələb olunur”
Jurnalist Elgün Mənsimov sorğumuzun suallarını cavablandırarkən bildirib ki, media cəmiyyətin güzgüsüdür, köşə də medianın. Çünki bir köşə ilə bəzən bütün reallıqları, həqiqətləri açıb göstərmək mümkündür, nəinki qəzetin bütün səhifələrindəki xəbər və ya məqalələrlə: “Son vaxtlar işlədiyim media orqanının profilinə uyğun olaraq köşə yazıları yazmasam da, vaxtilə “Kaspi” qəzetində çalışanda hər şənbə günü nömrəsinə bir köşə yazısı verirdim. Bu zaman həmin həftə ərzində baş verən maraqlı hadisələr əsas mövzum olurdu. Demək istədiyim odur ki, köşənin də bir istinad yeri olmalıdır. Digər jurnalistika janrları kimi onun da mayasında fakt olmalıdır. Həmin oxucuya hansı formada çatdırmaq isə sırf yazarın öhdəliyində olan məsələdir. Yəni, yazar bunu yumor, sarkazm, mübaliğə, təşbeh və ya digər bədii təsvir vasitələrindən istifadə etməklə öz publisistik dili ilə oxucuya çatdıra bilər. Təbii ki, bu zaman cümlələrin, abzasların məntiqi ardıcıllığına diqqət yetirilməlidir. Eyni zamanda, köşədə təqdim olunan polemika yazının sonunda açılmalıdır. Yazar fikrini qətiləşdirməyi və sonlandırmağı bacarmalıdır. Bəzən, köşəni yarımçıq da saxlamaq olar. Yəni, demək istədiyin fikirləri sadəcə oxucunun öhdəsinə buraxırsan. Bütün hallarda köşə yazarından xüsusi manevr və bacarıq tələb olunur. Öz təcrübəmdən deyə bilərəm ki, bir köşəni yazıb bitirmək jurnalisti ən çox rahatladan hissdir. Köşənin bir yaxşı xüsusiyyəti də odur ki, burada müəllif üçün sərhəd yoxdur, o özünü ifadə etməkdə, fikirlərini çatdırmaqda tam sərbəstdir. Bununla belə, jurnalistin etik davranış kodeksinə zidd ifadələrə yol verilməməlidir”.
Elgün Mənsimov təəssüflə qeyd edib ki, Azərbaycan mediasında araşdırma yazılarla bərabər, köşə yazılarına da çox az hallarda rast gəlinir: “Düşünürəm ki, köşə yazısı media orqanının, xüsusən də qəzetlərin oxunmasında xüsusi önəm daşıyır. Çünki əksər oxucu sırf köşə yazısına görə hər hansı bir qəzeti alır. Bu zaman qəzet səhifələrinin hər nömrəsində köşə olmalıdır ki, oxucu bu ənənəyə uyğunlaşsın. Qəzetdə dərc olunan köşələrin mövzu və mahiyyətindən asılı olmayaraq, onların ənənəvi yerləri olmalıdır. Məhz bu cür taktika istənilən qəzet üçün yalnız uğur gətirə bilər. Qonşu Türkiyə mətbuatı da bu mənada köşə yazlarına xüsusi diqqət və önəm verir”.
Kənan Rövşənoğlu: “Köşə yazıları media orqanının onurğa sütunudur”
“Yeni Müsavat” qəzetinin köşə yazarı Kənan Rövşənoğlu sorğumzun suallarını cavablandırarkən bildirib ki, köşə yazısı müəllif yazısıdır. Bir mənada müəllifin azad, tyoxunulmaz sahəsidir: “Orada yazar günün hadisələrinə və ya hadisəsinə münasibət bildirə, fikirlərini bölüşə bilir. Dünyada köşə yazıları əsasən sahə mütəxəssisləri tərəfindən yazılır. Bizdə tam o şəkildə olmasa da, əsasən publisist yazıları olur. Sahə mütəxəssisləri nadir hallarda müəllif yazısı yazırlar. Müəllif yazıları medianın necə deyərlər “üz ağlığıdır”. Mətbuatın və ya elektron medianın sanbalı yazdığı xəbərlərlə ölçülmür. Həm də sanballı müsahibələr, araşdırmalar və ən əsası ciddi müəllif yazılarıdır. Müəllif yazıları, müsahibələr, araşdırmalar olmasa, o media orqanı sadəcə bir bülleten funksiyası daşıyır. Sanballı, araşdırmalar və ciddi təcrübəyə əsaslanan köşə yazıları media orqanının onurğa sütunudur. Hətta dünyada köşə yazılarına ölkə prezdientlərinin reaksiya verməsi faktları da var. Təbii ki. sanballı yazılar KİV-in populyarlığında mühüm rol oynayır”.
Təbriz VƏFALI
Paylaş: