Azərbaycan-Türkiyə münasibətlərinin hərtərəfli inkişafı, əldə olunan tarixi nailiyyətlər düşmən qüvvələri bərk narahat edir.
Ovqat.com xəbər verir ki, bu fikirləri Azərtac-a müsahibəsində Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev söyləyib. O qeyd edib ki, zaman-zaman Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə çalışan qüvvələr Bakı-Tiflis-Qars dəmir yolu xəttinin açılışı yaxınlaşdıqca daha da qəzəblənir. Bu səbəbdəndir ki, son günlər bəzi KİV-lərdə həqiqətəuyğun olmayan məlumatlar yayılır.
Baş konsul deyib: “Məlum olduğu kimi Türkiyədə Azərbaycanla bağlı, o cümlədən ümummilli lider Heydər Əliyevin adını daşıyan çoxlu sayda park vardır. Onlardan biri də İğdır şəhərindədir. Bu parkların hər birinə aidiyyəti qulluq göstərilir və nəzərdə tutulan istifadə müddətləri başa çatandan sonra orada yenidənqurma işləri görülür. İğdırdakı Heydər Əliyev Parkının ərazisindəki ticarət obyektlərinin icarə müddəti başa çatdıqdan sonra orada da yenidənqurma işləri aparılacaq. Ümumiyyətlə, Qarsdakı baş konsulluğumuzun fəaliyyət dairəsində Azərbaycan adına nə varsa, hər zaman diqqət mərkəzindədir. Qardaş ölkənin müvafiq strukturları da Azərbaycanla bağlı məsələlərə xüsusi həssaslıqla yanaşır. İğdırdakı parkla bağlı bəzi KİV-lərdə gedən yazılar həqiqəti əks etdirmir. Materialda yerləşdirilən şəkillər də gerçək deyil. Birmənalı olaraq, bu yazı məqsədli şəkildə Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə hesablanmış uydurmadır”.
“Bu cür informasiyaların konkret sifarişçisi məlumdurmu?” sualına isə Nuru Quliyev belə cavab verib: “Bu cür yazıları sifariş edənin də, belə məlumatları yoxlamadan, dəqiqləşdirmədən yayanların da bircə məqsədi var: ürək bulandırmaq. Bildiyiniz kimi, 2017-cı il mayın 10-da Ulu Öndərimizin doğum günü şərəfinə Ərzurum Böyükşəhər Bələdiyyəsi tərəfindən bu şəhərdə yeni salınan prospektlərdən birinə Azərbaycan və bu prospektin ərazisində yerləşən ən böyük parka isə ümummilli lider Heydər Əliyevin adları verildi. Təəssüf ki, bu iki tarixi hadisə barədə bir kəlmə də olsa xəbər yazmayan bəzi KİV-lər indi özlərini canfəşan və qayğıkeş kimi göstərməyə çalışırlar. Təkcə bu fakt bir daha təsdiq edir ki, İğdırdakı parkın vəziyyəti barədə həqiqəti əks etdirməyən yazılar uydurma və sifarişlidir”.
Paylaş: