Azərbaycan-İran sərhədinin Astara keçid məntəqəsinin önündəsakitlikdir. İrana getmək istəyənlərin sayı elə də çox deyil.
«İrana getmək istəyənlər səhər saatlarında o taya keçirlər. Ondan sonra tək-tük adamlar gəlir», – deyə nəzarətçi bunun səbəbi ilə bağlı sualıma cavab olaraq bildirir.
Onun deməsinə görə, indi Azərbaycana gələn İran vətəndaşların sayı artıb: «Ötən gün Azərbaycana keçən İran vətəndaşlarının sayı 500 nəfərdən yuxarı olub».
«Bu pulla bütün İranı gəzmək olar»
Adının çəkilməsini istəməyən bir İran vətəndaşı ilə də söhbətləşirik. O, Rusiyaya getmək istədiyini deyir: «İranda Azərbaycan gəlmək üçün viza götürmək asanlaşıb. Bütün işlər elektron vasitə ilə görülür. İranın futbol yığması dünya çempionatına vəsiqə qazanıb. Oyunlara baxmağa gedirik. Azərbaycana gəlmək istəyənlər çoxdur. Ancaq Azərbaycanda hər şey bahadır. Hotel bahadır, yeməklər də bahadır. İndi taksi ilədanışmışıq, 4 nəfərimizi Bakıya sizin pul ilə 100 manata aparacaq. Bu pulla bütün İranı gəzmək olar…».
«Mənə xəbərdarlıq etdilər ki, turisti evə aparma»
Bir taksi sürücüsü də deyir ki, İrandan gələn turistlərlə bağlı ona xəbərdarlıq edilib:
«Adambaşına Bakıya 20 manatdan aparırıq. Ondan bizə 25 manat qalsa, böyük iş olar. Yollar pisdir, maşını sıradan çıxardır. Hər dəfətəmir edirəm. Mənim iranlı qonağım var idi, evə aparmışdım. Tanışımdır. Mənə xəbərdarlıq etdilər ki, turisti evə aparma. Cəriməolunarsan. Qoy getsin hoteldə qalsın. Dedim, qonağımdır. Dedilər, fərq etmir. Qonağı mən hotelə necə aparım?».
İrandan qayıdan Azərbaycan vətəndaşı: «Qiymətlər arasında fərq azdır»
İrandan yenicə qayıdan Astara şəhər sakini Akif Əbülfəzoğlu isə keçiddə problemlərin olduğunu deyir: «İranın keçidində də adamlar çox idi, bizdədə. Azərbaycana gələnlərin demək olar ki, əksəriyyəti iranlı idi. Ailəlikcə gəlirdilər. İran keçidində bizi ləngitdilər, 6 saat gözləməli olduq. Ayda bir dəfə bazarlığa gedirəm. Əvvəllər çox şey almaq olurdu. İndi ona ehtiyac qalmayıb. Qiymətlər arasında fərq azdır. İran tərəfi mane olmur. Bizdə müsadirə edirlər».
Sərhədyanı ticarətlə məşğul olan bir sahibkarın deməsinə görə isə, indi İrandan bütün növ ərzaq gəlir: «Qeyri-ərzaq da var. İrandan gələn bir çox məhsulların qiymətini 20-30 faiz endirmişik ki, alsınlar. Alıcıların sayı kəskin azalıb. Mal gəlir, ancaq alıcı yoxdur. Hamısı İran mallarıdır. İrandan gələnlərdən alırıq. Siqaret, yağlar, düyü, quru çay, konservlər, xurma, kişmiş, kəllə qənd, yuyucu tozlar və sair gəlir…».
«İrana maraq azalıb»
İqtisadçı Vidadi Mirzəyevin fikrincə, sərhədyanı ərazilərdə yaşayan sakinlərin İrana marağı azalıb:
«Əvvəllər mallarda qiymət fərqi böyük idi. Əhali İrana gedib ucuz mal alıb gətirirdi, burda satırdılar. 60-70 manat qazanırdılar. Kəndli üçün bu böyük puldur. Yüzlərlə ailə var idi ki, bu yolla dolanırdılar. ABŞ dollarının İranda bahalaşması qiymətlərin qalxmasına səbəb olub. Nəticədə qazanc azalıb. Maraq da azalıb. Oradan kartof gətirirdilər. İndi bizdə kartofun 3-4 kiloqramı 1 manatdır. Daha oradan gətirməyəehtiyac yoxdur. Digər tərəfdən, həmin adamların bir çoxları təsərrüfatlara qayıtdılar. Astara gömrüyündə qadağaların tətbiq edilməsi az rol oynamayıb. Adətən, sərhədyanı ticarətdə belə hallar olur. Gah o tərəf, gah da bu tərəf aktivləşir. İranda inflyasiya güclüdür. Orda istehlak mallarının qiymətlərinin qalxması davam edəcək. Azərbaycana gələn İran vətəndaşlarının da sayı artacaq…».
Şikayətlərə Astara Gömrük İdarəsi rəsmilərindən münasibət almaq cəhdlərimiz nəticə vermədi. Ancaq bu yaxınlarda Azərbaycan Dövlət Gömrük Komitəsinin mətbuat xidməti Azərbaycan-İran sərhədində vətəndaşların əsassız yerə incidilməsi ilə bağlı şikayətlərə münasibət bildirib. Həmin açıqlamada şikayətlərin əsassız olduğu, gömrük əməkdaşlarının qanun çərçivəsində fəaliyyət göstərdiyi vurğulanırdı. (Azadlıq Radiosu)
Paylaş: