Hər bir Azərbaycan ailəsində böyüyən uşağın maraqla izlədiyi cizgi filmləri siyahısında ölkədə istehsal olunmuş yerli məhsullara rast gəlinmir. Animasiya sənəti tənəzzülə uğrayıb, azərbaycanlı uşaqlar ən yaxşı halda xarici filmlərə ana dilində baxa bilirlər. Adətən dünyanın məşhur studiyalarının çəkdiyi animasiya filmlərini artan nəsil ingilis, rus, türk dillərində izləyir.
“Report”un əməkdaşı Azərbaycanda animasiya sahəsinin problemlərini və yad filmlərin uşaq psixikasına təsirini araşdırıb.
“Bu gün ölkəmizdə sahənin inkişafına mane olan yeganə problem maliyyə çatışmazlığıdır”. Bunu “Report”a açıqlamasında rejissor-animator Firəngiz Qurbanova deyib. Onun sözlərinə görə, 2014-cü ildən sonra sahədə durğunluq yaranıb: “İllərdir bu işlə məşğuluq, onlarla filmdə imzamız var. 2007-ci ildən hər il sifariş götürüb, film hazırlayırdıq. Bizim filmlər beynəlxalq festivallara həmişə dəvət alıb, bəyənilib. Azərbaycanda animasiya sahəsinin necə uğurla inkişaf etdiyini orada sübut edə bilmişik. Lakin 4 ildir biz bu sahədə heç bir irəliləyiş görə bilmirik, çünki kifayət qədər maliyyə ayrılmır. Bizə müxtəlif film festivallarından dəvət gəlir, amma əlimizdə hazır film yoxdur deyə, qatıla bilmirik. Dövlətin maliyyəsinə ümidliyik”.
Animator Cavid Əhədov animasiya sənətinin bu günündən gileylənib: “Biz illərdir dövlətdən sifariş alıb, uşaqlar üçün animasiya filmləri çəkirdik. Son bir neçə il heç bir yeni layihə yoxdur. Bu, kifayət qədər ciddi məsələdir. Çünki cizgi filmlərinin uşaqların dünyagörüşünün formalaşmasında çox böyük rolu var. İstərdim ki, dövlət animasiya filmi çəkən şirkətləri maliyyələşdirsin. Bizim hazırda əlimizdə gözəl ssenarilər var, amma onları ekrana daşıyacaq vəsaitimiz yoxdur”.
Qeyd edək ki, milli cizgi filmlərinin yaddaşımızda öz yeri var. Vaxtilə “Tülkü həccə gedir”, “Meşəyə insan gəlir”, “Cırtdanın yeni sərgüzəşti”, “Sehrli küp”, “Uçan Zürafə”, “Xeyir və Şər” kimi animasiya filmləri böyük maraqla izlənib.
Psixoloq Nuriyyə Quliyevanın fikrincə, animasiyalar uşaqların həyatında çox ciddi rol oynayır: “Uşaqlar animasiyanı izlədikdə onların yaş faktoru mütləq nəzərə alınmalıdır. Yaxşı olar, uşaqlar animasiyaları öz dilimizdə izləsinlər. Bu onlarda nitqin inkişafına yardım edəcək. İkinci faktor isə məzmun məsələsidir. Uşaqlar daha çox milli dəyərlərimiz əks olunan cizgi filmlərinə baxmalıdır, çünki uşaqlar animasiya qəhrəmanlarını özlərinə nümunə kimi götürürlər. Ola bilər, xarici ölkələrdə azyaşlı uşaqlara görə normal sayılan davranışlar bizdə normal sayılmasın. Etnik xüsusiyyətlər və dəyərləri nəzərə alsaq, azyaşlı uşaqlar daha çox milli animasiya filmlərini izləsə, daha yaxşı olar. Uşaqların çoxu köhnə milli animasiya filmlərinə maraq göstərmir. Görüntü keyfiyyətinin aşağı olması səbəbindən. Buna görə uşaqlar daha çox əcnəbi cizgi filmlərinə meyl göstərir”.
“Sultan” film studiyasının təsisçisi, rejissor Sultan Abbasbəyli də maliyyə problemlərindən gileylənib: “Bizim həm dövlət, həm də milli telekanalların dəstəyinə ehtiyacımız var. Bizdə həm kadr, həm də şərait var, amma uşaqlarımız əcnəbi cizgi filmlərinə baxaraq böyüyürlər. Bizim hazırda bir neçə animasiya filmimiz var, lakin hələ nümayiş olunmayıb. Mədəniyyət Nazirliyi və dövlət bu sahəni maliyyələşdirsə, biz azyaşlı uşaqlarımız üçün milli-mənəvi dəyərlərimizə uyğun bir-birindən gözəl və maraqlı cizgi filmləri hazırlayarıq”.
Paylaş: