Demokratiyanın İnkişafı Problemləri Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Təhsillə bağlı islahatların və aparılan işlərin mediada monitorinqi və müvafiq təkliflərin hazırlanması” layihəsi çərçivəsində növbəti tədbirini keçirib.
İctimai Birliyin sədri fəlsəfə üzrə fəlsəfə doktoru Mütəllim Rəhimov ilkin olaraq iştirakçılara tədbirin məqsəd və vəzifələri haqqında danışıb. O deyib ki, əsas məqsəd təhsil sahəsində mediada təqdim olunan islahatların, görülən işlərin üzərində bir növ ictimai nəzarəti həyata keçirərək onu analizə cəlb etmək, müvafiq təkliflər hazırlayıb təqdim etməklə bu sahədə aparılan islahatlara köməklik etməkdir.
Layihə rəhbəri sonra deyib ki, təhsillə bağlı məsələlər ölkəmizdə ən çox müzakirə edilən və ictimai diqqət mərkəzində olan sahədir. Ona görə də ölkəmizdə təhsil sferasında aparılan islahatların təqdim edilməsinin qayda və forması, cəmiyyət tərəfindən doğru-düzgün anlaşılması çox vacibdir.
M.Rəhimov daha sonra layihə müddətində mediada təhsillə bağlı aparılan monitorinqin nəticələri haqqında ətraflı məlumat verdi. O, bildirdi ki, bütün bu məlumatlar kitabça şəklində nəşr olunacaq.
M.Rəhimov çıxışı zamanı Azərbaycanda təhsilin inkişafına yönəlmiş kompleks islahatların, qabaqcıl ideyaların cəmiyyətimizin inkişafına böyük töhfələr verdiyini dedi. “Neft kapitalının insan kapitalına çevrilməsi hədəfi prioritet istiqamətlərdən birini təşkil edir. Bu yöndə Təhsil Nazirliyinin gördüyü işlər, təhsil işçilərinin əzmkarlığı, təşəbbüskarlığı və ən əsası, əldə olunmuş nəticələr qarşıda duran hədəflərə doğru nə qədər yol gedildiyini göstərir. Təhsil sistemi müstəqil Azərbaycanın milli dəyərlərini mənimsəmiş vətəndaş formalaşdırmalı, qloballaşan və müasir dünyada rəqabətədavamlı, peşəkar kompetensiyalara və biliklərə malik bir insan yetişdirməlidir” – M.Rəhimov çıxışı zamanı bildirib.
M.Rəhimov monitorinqin nəticələri haqqında danışarkən deyib ki, son vaxtlar mediada əsas müzakirə olunan məsələlər sırasına universitetlərin daxilində hazırlıq qruplarının təşkili, yeni universitetərin açılması, universitetlərdə kolleclərin yaradılması, ölkədən tələbə axınının qarşısının alınması istiqamətində görülən işlər, müəllimlərin sertifikasiyası, onların maddi vəziyyətinin yaxşılaşdırılması, sosial müdafiəsi və s. məsələlər təşkil edir.
Daha sonra təhsil eksperti Rəcəb İsmayılov çıxış edib. O, ölkəmizdə aparılan təhsil islahatları və qarşıda duran problemlər haqqında danışıb. R.İsmayılov deyib ki, bir çox hallarda təhsil sahəsində aparılan islahatların miqyası və əhatəliliyi haqqında cəmiyyətdə analoji fikir yaradıla bilmir. “Bu da bəzən belə bir təəssürat yaradır ki, təhsil sferasında nəinki islahatlar aparılır, əksinə burada gündən-günə geriləmələr və dağılmalar mövcuddur. Ancaq əslində isə monitorinqlər göstərir ki, təhsil sistemi daha dinamikdir. Sadəcə olaraq onu cəmiyyətə doğru-düzgün çatdırmaq lazımdır” – R.İsmayılov çıxışının sonunda deyib.
Sonra müzakirələr davam etdirilib və iştirakçıların suallarına cavablar verilib.
Paylaş: