“Ugur” Gənlərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ali təhsil müəssisələrində antikorrupsiya mövzusunda tələbələr üçün ictimai mühazirə və seminarların keçirilməsi” layihəsi çərçivəsində növbəti tədbirini keçirib.
İctimai Birliyin sədri hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev ilkin olaraq iştirakçılara tədbirin məqsəd və vəzifələri haqqında danışıb. O deyib ki, əsas məqsəd korrupsiyaya qarşı mübarizədə vətəndaş dəstəyi, iştirakçılığı və ayıqlığını təmin etməklə bu sahədə uğurlu nəticələrin əldə edilməsini təmin etməkdir. “Bunun üçün müxtəlif işlərin görülməsi planlaşdırılıb. Antikorrupsiya mövzusunda mühazirələrin keçirilməsi də qarşıda duran vəzifələrdən biridir. Biz bu zaman tələbə-gənclərə korrupsiyaya qarşı ictimai mübarizənin təşkilinin əhəmiyyətini, ona qarşı mübarizədə vətəndaş dəstəyinin təmin edilməsi və s. hədəfləri qarşıya qoymuşuq” – Ə.Allahverdiyev çıxışı zamanı bildirib. O həmçinin qeyd edib ki, korrupsiya və rüşvət sadəcə cəmiyyətin müxtəlif fərdlərinin haqlarının pozulması və yaxud da ictimai vəsaitlərdən səmərəsiz istifadə halları ilə deyil, daha ciddi nəticələrə, məsələn: dövlətçiliyin çökməsinə, ölkənin dağılmasına və hətta müasir dövrdə vətəndaş müharibəsinə, inqilablara da yol aça bilir. “Bütün bunlar isə arzuolunmazdır” – İctimai Birliyin sədri sonda deyib.
Sonra ekspert hüquqşünas Səyyad Məcidli geniş məruzə ilə çıxış etdi. O, çıxışında dedi ki, beynəlxalq təcrübə göstərir ki, korrupsiyaya qarşı mübarizə vətəndaşın dəstəyi, iştirakçılığı və ayıqlığı olmadan uğurlu nəticə vermir. Vətəndaş cəmiyyəti və biznes assosasiyaları, media, ticarət birlikləri və digər maraqlı tərəflərin iştirakçılığı korrupsiyanın mənfi təsirləri haqqında maarifləndirmədə və bu mövzuda müzakirələrin intensivləşməsində xüsusi rol oynayır.
Ekspert daha sonra bildirdi ki, korrupsiya və rüşvət həyatın bütün sferalarında insanların qarşısına çıxır ki, bu da problemin sektorial deyil, daha genişmiqyaslı olmasını, həmçinin milli maraqları, dövlətçiliyi, beynəlxalq münasibətləri, iqtisadi və sosial sferanı, hökumət-vətəndaş münasibətlərini daim təzyiq altında saxlamaqla təbii inkişafı əngəlləyir. “Məhz bu səbəbdəndir ki, müasir cəmiyyətlərdə korrupsiya və rüşvətlə mübarizə prioritet məsələlərdən biri olmaqla, hətta bu istiqamətdə beynəlxalq əməkdaşlığa və birgə mübarizə üsullarının tətbiqinə zəmin yaradıb. Azərbaycan Respublikası da bu mübarizədə iştirak edir. Belə ki, Prezidentin Sərəncami ilə “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilmişdir ki, bu da korrupsiya halarının qarşısının alınmasına hədəflənmişdir. Həmçinin “Korrupsiyaya qarşı mübarizə” haqqında qanun təsdiq edilərək 2005-ci il yanvar ayının 1-dən qüvvəyə minmişdir. Tələbə gənclərin əsas vəzifələrindən biri də məhz bu mübarizədə aktivlik nümayiş etdirməkdir” – S.Məcidli deyib.
Sonda müzakirələr aparılıb və iştirakçıların suallarına cavab verilib.
Paylaş: