Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məmməd Nəsibovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Strateq.az “Report”a istinadən xəbər verir ki, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, M.Nəsibov vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı 400 min manata yaxın dələduzluq edib.
İttiham aktına əsasən, o, İradə İsmayılovaya Hövsan qəsənəsində 15 sot sənədsiz torpağı 21 min 500 manata satıb, Çingiz Məmmədova Abşeronda yaşayış evi tiktirmək adı ilə onun 200 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Bundan başqa, M.Nəsibov Adilə Məmmədovaya 120 min, Gülnaz Xayirovaya 43 min, Bahar Ələkbərovaya 17 min və Bəhram Namazova isə 28 min 100 manatlıq dələduzluq edib.
Məhkəmədə ifadə verən M.Nəsibov özünü təqsirli bilmədiyini deyib.
Xatırladaq ki, zərərçəkmiş Ç.Məmmədov Azərbaycan bəstəkarı və müğənnisi, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun qardaşıdır.
Paylaş: