Səudiyyə Ərəbistanının Türkiyənin İstanbul şəhərindəki Baş Konsulluğunun binasında axtarış aparan türkiyəli kriminalistlər diplomatik nümayəndəlikdən əllərində içi dolu torbalarla çıxıblar.
“Hürriyet” xəbər verir ki, Baş Konsulluğun binasında 17oktyabrın saat 16.35-də başlayan axtarış oktyabrın 18-də saat 06.00-da başa çatıb. Əməliyyat başa çatandan sonra hadisə yerindən çıxan polis əməkdaşının üzərindəki qırmızı ləkələr diqqəti cəlb edib.İlk baxışda qan ləkəsi kimi görünən izlərin kimyəvi maddələrdən əmələ gəldiyi aydınlaşıb.
Axtarış nəticəsində çoxlu sübutun əldə edildiyi məlum olub. Bundan başqa, Baş Konsulluğa aid avtomobillər də bir-bir axtarılıb.
“Haber7” saytı isə yazıb ki, jurnalist Camal Xaşuqçini öldürmək üçün Səudiyyə Ərəbistanından Türkiyəyə gələn 15 nəfərlik qrupun üzvü Meşal Saad əl-Bostani paytaxt Ər-Riyada şübhəli avtomobil qəzasında ölüb.Leytenant Meşal Saad əl-Bostani Səudiyyə Ərəbistanın Hərbi-Hava Qüvvələrinin pilotu olub.
Bildirilib ki, 31 yaşlı pilot jurnalsitin qətli ilə bağlı sirləri də özü ilə aparıb. O, oktyabrın 2-də özəl təyyarə ilə İstanbula gələnlərdən biri olub. Bostani “Vindham qrand” hoteldə qaldıqdan sonra yerli vaxtla 21.46-da özəl təyyarə ilə Türkiyədən ayrılıb.
Qeyd edək ki, səudiyyə ərəbistanlı müxalifətçi jurnalist, “Vaşinqton post” qəzetinin əməkdaşı Camal Xaşuqci oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasına daxil olduqdan sonra itkin düşüb.
Paylaş: